Xəbərlər
“Çoxəsrlik zəngin keçmişdən çiçəklənən gələcəyə”
Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatının Heyvandarlıq Elmi Tədqiqat İnstitutu ərazi partiya təşkilatında “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Çoxəsrlik zəngin keçmişdən çiçəklənən gələcəyə” adlı tədbir keçirilib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev çıxış edərək bildiriblər ki, Azərbaycanda şəhərsalma və memarlıq ənənələrinin çoxəsrlik, zəngin bir keçmişə malik olması, bu ənənələrin milli mədəniyyətin əsas xüsusiyyətlərinin qorunması ilə yanaşı, ötən dövrlərin memarlıq tendensiyalarına uyğun müasir çağırışlarla uzlaşdırılması, eləcə də ölkənin sosial-iqtisadi inkişaf strategiyasında paytaxt və regionların tarazlı inkişafının təmin edilməsi kimi məqsədlərin mövcudluğu 2026-cı ilin Azərbaycan Respublikasında “Şəhərsalma və Memarlıq İli” elan edilməsi üçün ciddi bir bazis rolunu oynayır.
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun on üçüncü sessiyasının (WUF13) 2026-cı ildə Bakı şəhərində keçirilməsi qərarının ölkəmizin iqlim dəyişmələri və şəhərsalma ilə əlaqədar qlobal çağırışların həllində, innovativ yanaşmaların formalaşmasında etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmlənməsinin bariz göstəricisi olduğu vurğulanıb.
Qeyd olunub ki, Prezident İlham Əliyevin misilsiz fəaliyyəti uğurlu inkişafımızın əsası olmaqla bərabər, həm də sabitliyin möhkəmləndirilməsi, davamlı yüksəlişin təmin edilməsi və vətəndaş cəmiyyətinin bərqərar olması baxımından çox dəyərlidir və qədirbilən xalqımız tərəfindən çox yüksək qiymətləndirilir. Dövlət başçısının Azərbaycanın milli maraqlarını daim uca tutması xalqımızı Onun ətrafında sıx birləşdirib. Prezident İlham Əliyevin məqsədyönlü siyasəti ölkənin inkişafında, eləcə də milli maraqların qorunmasında öz əksini tapır və Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə və xalqın rifahının yüksəlməsinə xidmət edir.
Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun Elm şöbəsinin müdiri Yasin Gözəlov, Həmkarlar Təşkilatının sədri Aytən Məmmədova, ərazi partiya təşkilatının fəal üzvü Rasimə Hüseynova və digərləri Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsi və Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində qazanılan uğurlardan bəhs ediblər.
Sonra partiya veteranı Qafar Məmmədova 65 illik yubileyi münasibətilə fəxri fərman və hədiyyə təqdim olunub.
