Xəbərlər
Ədalətli mövqe
Mansur Quliyev
YAP Ağdam rayon təşkilatının sədri
Azərbaycan regionda geosiyasi potensiala malik olan bir dövlət kimi həm region, həm də bir sıra dünya dövlətləri üçün önəmli tərəfdaşdır. Dövlətimiz beynəlxalq münasibətlər sistemində aparıcı mövqeyə malikdir. Azərbaycan hər zaman beynəlxalq hüququn norma və prinsiplərinə sadiqlik nümayiş etdirib.
Məlum olduğu kimi, 25 dekabr 2024-cü il tarixində Bakı-Qroznı istiqamətində hərəkət edən “Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinə məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması hər birimizi dərindən sarsıtdı. Hadisə ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Televiziyasına müsahibə verdi. Dövlət başçısı müsahibə zamanı bildirdi ki, biz öz tələblərimizi açıq şəkildə Rusiya tərəfinə bildirmişik. Dekabrın 27-də artıq bu tələblər rəsmi qaydada onlara çatdırıldı. Bu, nədən ibarətdir? Birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir. İkincisi, öz günahını etiraf etməlidir. Üçüncüsü, günahkarları cəzalandırmalıdır, cinayət məsuliyyətinə cəlb etməlidir və Azərbaycan dövlətinə və zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməlidir. Bu, bizim şərtlərimizdir. Onlardan birincisi artıq dünən təmin edildi. Mən ümid edirəm ki, digər şərtlərimiz də qəbul ediləcək. Bütün bu şərtlər ədalətlidir.
Dekabrın 29-da Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Qazaxıstanda Azərbaycana məxsus sərnişin təyyarəsinin qəzaya uğraması zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərən ekipaj üzvlərinin təltif edilməsi onların cəsarətini yüksək qiymətləndirmək baxımından mühüm əhəmiyyət kəsb edir. Həlak olan ekipaj üzvlərinin Prezident İlham Əliyev tərəfindən təltif edilməsi bir daha hər birimizi qürurlandırır və dövlətimizin hər zaman öz vətəndaşının yanında olduğunu dünyaya bir daha bəyan edir.
Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində Azərbaycan dünyada etibarlı tərəfdaş kimi qəbul olunur. Eyni zamanda, uğurlarımıza yol açan məqamlardan biri də ölkəmizdə sabitliyin hökm sürməsidir. Azərbaycan xalqı təhlükəsizlik şəraitində yaşayır. Bu sabitliyi və əmin-amanlığı isə heç bir bədnam qüvvə poza bilməz.