YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi tarixi əhəmiyyətə malikdir

"Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsinin mühüm və tarixi əhəmiyyəti var". Bu sözləri Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

O qeyd edib ki, gələn il Konstitusiyamızın qəbul edilməsinin 30-cu ildönümüdür: “Müasir Azərbaycan dövlətinin Konstitusiyası Ümummilli Lider Heydər Əliyevin şah əsərlərindən biridir. Əlbəttə ki, müstəqillik əldə edəndən sonra Azərbaycan özünün Konstitusiyasını qəbul etməli idi, bu baxımdan Ulu Öndər xalqın təkidi ilə hakimiyyətə gəldikdən və xalqımızın yüksək etimadı ilə Prezident seçildikdən sonra ilk diqqət etdiyi sahələrdən biri yeni Konstitusiyanın hazırlanması və qəbul edilməsi idi. Baxmayaraq ki, Azərbaycanda 1991-ci il oktyabrın 18-də müstəqilik haqqında Konstitusiya aktı var idi, lakin bu, kifayət deyildi. Heydər Əliyev müstəqil Azərbaycanın Konstitusiya Aktını hazırlamaq üçün komissiya yaratdı, özü də bu komissiyaya rəhbərlik etdi. Qısa zamanda Konstitusiya Aktı hazırlandı, ümumxalq səsverməsinə çıxarılaraq, qəbul edildi. Hesab edirəm ki, Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir”.

Deputat bildirib ki, 2002, 2009 və 2016-cı illərdə Konstitusiyanın ayrı-ayrı maddələrinə əlavə və dəyişikliklər barədə ümumxalq səsverməsi (referendum) keçirilib: “Xalqımız tərəfindən də həmin dəyişikliklərə müsbət yanaşılıb və dəstəklənib. Konstitusiyamıza edilən əlavə və dəyişikliklər nəticəsində Ana Qanunumuz daha da təkmilləşdirilərək yeni dövrün tələblərinə uyğunlaşdırılıb”.

S.Salmanova həmçinin qeyd edib ki, gələn il Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış tarixi qələbədən də 5 il ötəcək: “Qürur hissi ilə qeyd etməliyik ki,  2020-ci ilin Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi və ötən il keçirilən antiterror tədbirlərinin nəticəsində bütün ərazilərimiz üzərində milli suverenliyimizin tam təmin olunması nəticəsində Konstitusiyamızda yer alan Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq niyyəti də tam reallaşıb.  Konstitusiyamızın 11-ci maddəsinə əsasən, Azərbaycanın ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir, respublikamızın ərazisi özgəninkiləşdirilə bilməz. Dövlət başçımızın uzaqgörən və uğurlu siyasəti nəticəsində bu maddədə yer alan prinsiplər də tam təmin olunub. Vətən müharibəsindən və antiterror əməliyyatlarından sonra bütün ərazilərimizdə Azərbaycan dövlətinin konstitusiya əsasları təmin edilib”.