YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Birliyimiz əbədidir

Gündüz Bayramov

YAP Samux rayon təşkilatının sədri

Xalqımız, eləcə də dünyanın müxtəlif ölkələrində məskunlaşan soydaşlarımız hər il 31 dekabr tarixini Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi böyük həvəs və coşqu ilə qeyd edir. Bu bayram ildən-ilə daha geniş vüsət alır. Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir.

Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ümummilli Lider Heydər Əliyev müdrik siyasəti ilə xalqı öz ətrafında birləşdirməyə nail olmuşdur. Heydər Əliyev hələ Naxçıvan Muxtar Respublikasına rəhbərlik etdiyi dövrdə - 1991-ci il dekabrın 16-da dünya azərbaycanlılarının birliyini təmin etməyin əhəmiyyətini nəzərə alaraq, 31 dekabr tarixini Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etmişdir. Həmin qərar bütün dünyada yaşayan soydaşlarımızın birliyi üçün mühüm əhəmiyyətə malik olmuş, bu ideyanın reallaşması istiqamətində stimula çevrilmişdir.

Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onların birliyinin və həmrəyliyinin təmin olunması məqsədilə Heydər Əliyevin 23 may 2001-ci il tarixli Sərəncamı ilə 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirilmişdir. Qurultayda dərin məzmunlu nitq söyləyən Ulu Öndər Heydər Əliyev  dünya azərbaycanlılarının milli birlik və həmrəyliyinin təmin edilməsi, onların Azərbaycan dövləti ilə əlaqələrinin möhkəmləndirilməsi, qarşıya çıxan problemlərin həllində səylərin birləşdirilməsi zərurəti, həmçinin, ana dilinin, milli-mənəvi dəyərlərin qorunub saxlanılması və inkişaf etdirilməsi haqqında fikirlərini bildirmişdir. “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”, - deyən Ulu Öndərin bu kəlamları hər bir həmvətənimiz üçün milli qürur rəmzinə çevrilmişdir.

Prezident İlham Əliyevin uğurlu fəaliyyəti nəticəsində xaricdə yaşayan azərbaycanlılar daim dövlətimizin diqqət mərkəzində saxlanılır. Dövlət başçısının imzaladığı sərəncamlarla Bakı şəhərində 2006-cı il martın 16-da Dünya Azərbaycanlılarının II,  2011-ci il iyulun 5-6-da III və  2016-cı il iyunun 3-4-də isə IV Qurultayının keçirilməsi diaspor quruculuğu işinə əsaslı töhfə vermişdir. Bu qurultaylar dünya azərbaycanlılarının birlik və həmrəyliyinin təntənəsi baxımından mühüm tarixi əhəmiyyət kəsb edir. 

Artıq beş ildir ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü tamamilə fərqli, daha yüksək əhvali-ruhiyyə ilə qarşılanır. Çünki torpaqlarımızın işğaldan azad olunması həm də milli həmrəylimizin təntənəsi, xalqımızın öz rəhbəri ətrafında sıx birləşməsinin təcəssümü oldu. 2020-ci il sentyabrın 27-də Ermənistanın ölkəmizə qarşı törətdiyi hərbi təcavüzə cavab olaraq Azərbaycan xalqı Prezident, Ali Baş Komandan İlham Əliyevin çağırışı ilə Vətən müharibəsində həmrəylik nümayiş etdirdi. Müzəffər Azərbaycan Ordusu hər anı qəhrəmanlıqlarla dolu 44 gün ərzində düşməni ağır məğlubiyyətə uğratdı. Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq-iqtidar birliyi, ordumuzun yüksək peşəkarlığı və gərgin siyasi-diplomatik fəaliyyəti sayəsində əldə edildi. Vətən müharibəsində dönəmində dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar da yüksək dərəcədə fəallıq göstərərək daha sıx birləşdilər. O zaman xaricdə yaşayan soydaşlarımızın düşmənin məkrli təxribatlarına qarşı etirazları, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində fədakar xidmətləri Zəfərimizə layiqli töhfə oldu. Vətən müharibəsi xalqımızın mübarizliyini bütün dünyaya nümayiş etdirdi. Eyni zamanda, bu savaşda xalqımız cənab İlham Əliyevin rəhbərliyi ilə milli həmrəyliyin ən mükəmməl nümunəsini yaratdı.

Bu gün dünya azərbaycanlıların həmrəyliyinin və mütəşəkkilliyinin güclənməsi, ümummilli ideyalar ətrafında cəmləşməsi üçün daha münbit şərait yaranmışdır. Azərbaycan nüfuzlu iqtisadi və siyasi gücə çevrilmiş, bütün dünyada yaşayan həmvətənlərimiz qarşısında geniş perspektivər açılmışdır. Dövlətimizin uğurları dünya azərbaycanlılarını qəlbən sevindirir, soydaşlarımızı ümumxalq mənafeləri naminə daha sıx birləşməyə, ümid və istinad yeri, ata-baba yurdları olan doğma Vətənin tərəqqisində fəal iştirak etməyə ruhlandırır.