Xəbərlər
Azərbaycan güclü dövlətdir
Etibar Hacıyev
YAP Ağstafa rayon təşkilatının sədri
Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyev bildirmişdir: “Dünya azərbaycanlılarının həmrəyliyi gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır. Dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır. Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir”.
Dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq olmuşdur. Ümummilli Lider xarici dövlətlərə səfərləri zamanı proqramının zənginliyinə, iş gününün gərginliyinə rəğmən həmin ölkələrdə yaşayan, fəaliyyət göstərən həmvətənlərimizlə görüşlərə də mütləq vaxt ayırır, onların problem və qayğıları ilə yaxından maraqlanır, daha sıx təşkilatlanmaları üçün dəyərli tövsiyələr verirdi.
Qeyd edək ki, milli həmrəyliyin uğurlu gələcəyini təmin etmiş tarixi qərar Naxçıvanda qəbul edildi. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il dekabrın 16-da Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Azərbaycan Respublikasının Ali Sovetinə müraciət edib. Dekabrın 25-də Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul edib və bütün azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edir.
1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra diaspor quruculuğu, dünya azərbaycanlılarının birliyi dövlət siyasətinin əsas tərkib hissəsinə çevrildi. Ulu Öndər ayrı-ayrı ölkələrdə Azərbaycan cəmiyyətlərinin yaradılmasına nail olduqdan sonra onların vahid mərkəzdən idarə olunması üçün Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi təşəbbüsü ilə çıxış edərək 2001-ci il noyabrın 9-10-da Bakıda bu tarixi hadisə reallaşdı. Qurultay soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına təsir göstərdi. Bu təşəbbüs ölkənin ictimai-siyasi həyatında yeni bir hərəkat, dövlət siyasətinin yeni bir istiqaməti idi. Qurultaydan sonra Ümummilli Lider Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə xaricdəki soydaşlarımızla əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (hazırda Diasporla İş üzrə Dövlət Komitəsi) yaradılması dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesini daha da gücləndirdi.
Son 21 ildə Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin dünya azərbaycanlılarının birliyi istiqamətində atdığı addımlar davamlılığı ilə diqqətdədir. Bu illər ərzində Dünya Azərbaycanlılarının qurultayları hər beş ildən bir keçirilərək Azərbaycanın qazandığı uğurların, həqiqətlərimizin təbliğinə böyük töhfələr verdi.
Bu gün bütün dünya azərbaycanlıları haqlı olaraq müstəqil Azərbaycanla fəxr edirlər. Bu gün dünya azərbaycanlıları Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü tam yeni bir ovqatla qeyd edirlər. Artıq dörd ildir ki, dünya azərbaycanlıları bütün Azərbaycan xalqı kimi ruh yüksəkliyi ilə, başını dik tutaraq, alnıaçıq, üzüağ yaşayırlar.
Tarixi Zəfərimiz, antiterror əməliyyatı bütün azərbaycanlıları haqlı olaraq bir araya, bir yumruq halına gətirdi. “Dəmir yumruq” bizim Zəfər salnaməmizin rəmzi idi. Müzəffər Ali Baş Komandan İlham Əliyev bu əminliyi ifadə edir ki, “Dəmir yumruq” birliyimizin rəmzidir, “Dəmir yumruq” hər zaman yerində olacaq”.
Dövlətimizin başçısı İlham Əliyev bu günlərdə idman yekunlarına həsr edilən mərasimdəki çıxışında da tarixi Zəfərimizdən, suverenliyimizin bərpasından geniş bəhs edərək bildirdi ki, biz tarixi ədaləti, ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etmişik və bununla qürur duyuruq. Bu şanlı Qələbəmiz hər bir Azərbaycan gənci üçün əlavə ruhlandırma amili olacaq. Biz döyüş meydanındakı Zəfərimizə idman qələbələrini də əlavə etdik və bu, əlbəttə ki, ölkəmizin beynəlxalq nüfuzunu daha da artırır. Çünki idmanın inkişafı hər bir ölkənin ümumi inkişafının nümayişidir, onu əks etdirir. Azərbaycan güclü dövlətdir, öz gücünə əsaslanan, öz yolu ilə gedən, heç kimin qarşısında heç bir öhdəliyi olmayan, heç kimin qabağında baş əyməyən, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir və bu, bizim böyük sərvətimizdir.