Xəbərlər
Prezident İlham Əliyevin Liderliyi ilə ölkəmiz dünyada söz sahibi olan dövlətə çevrilib
Azərbaycanın qazandığı uğurlar Prezident İlham Əliyevin siyasi iradəsinin, uğurlu siyasət strategiyasının, düzgün müəyyənləşdirilən enerji diplomatiyasının, uzaqgörən siyasətinin məntiqi nəticəsidir
Bu gün böyük inamla qeyd edirik ki, Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan tarixi Zəfəri, ərazi bütövlüyünün və suverenliyinin tam bərpası fonunda yaratdığı reallıqlarla dünyanın diqqətindədir. Son 21 ildə Ulu Öndər Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirən cənab İlham Əliyev 2003-cü ildə ölkəmizdə keçirilən prezident seçkilərində xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçildikdən sonra andiçmə mərasimində Azərbaycanın xoşbəxt gələcəyinə inamını ifadə edərək qarşıda dayanan vəzifələrin uğurlu icrası, Azərbaycanın daha qüdrətli, zəngin ölkəyə çevrilməsi üçün Heydər Əliyev siyasətinin davam etdiriləcəyini bildirdi. Son 21 ildə həyata keçirlən siyasət sözlə əməl birliyinin, Heydər Əliyev siyasətinə sadiqliyin göstəricisidir. Dövlətimizin başçısı İlham Əliyev bu ilin fevralında müstəqillik tarixində ilk dəfə olaraq bütün ölkə ərazisində keçirilən prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində ötən 20 ilin uğurlarına söykənərək bir daha bu reallıqlara diqqəti yönəltdi ki, 2003-cü ildə ilk dəfə Prezident vəzifəsinə seçiləndə xalqımı əmin etmişdim ki, qarşıda duran bütün vəzifələri icra etməyə, xalqın yüksək etimadını doğrultmağa çalışacağam. Bu illər uğurlarla, qələbələrlə dolu illər oldu. Çətinliklər də, problemlər də oldu. Ancaq Azərbaycan xalqı bir yumruq kimi birləşərək bütün çətinliklərə və problemlərə baxmayaraq, inkişaf və tərəqqi yolu ilə uğurla getdi.
Müasir dövlətçilik tariximizə möhtəşəm 20 il kimi yazılan ötən dövrdə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin inkişaf etdirərək təkmilləşdirdiyi, yeniləşdirdiyi siyasət nəticəsində Azərbaycan dünyanın iqtisadi sisteminə dinamik inkişafı ilə seçilən ölkə kimi inteqrasiya etdi. Məhz bu keyfiyyətlərinə görə xalqımız 2008, 2013, 2018 və 2024-cü illərdə keçirilən prezident seçkilərində ətrafında sıx birləşdiyi cənab İlham Əliyevə etimadını təkrarladı. Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.
Millət vəkili qeyd edib ki, Azərbaycanı sürətlə inkişaf etdirərək bölgədə lider dövlətə çevirən Prezident İlham Əliyevin Liderliyi sayəsində ölkəmiz regionda və dünya birliyində söz sahibliyi qazandı. Prezident kimi fəaliyyətə başladığı ilk gündən Azərbaycanın ərazi bütövlüyünün bərpasını ümdə vəzifə kimi qarşısına qoyan Prezident İlham Əliyev dövlətimizin iqtisadi və hərbi gücü ilə vədini yerinə yetirdi. Ərazi bütövlüyünü bərpa edən Azərbaycan regiona sülh, əmin-amanlıq və inkişaf üçün yeni imkanlar gətirdi. Cənab İlham Əliyevin Prezident kimi fəaliyyət başladığı ilk günlərdən imzaladığı “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” Fərmanı ilə iqtisadi inkişaf konsepsiyamızın əsası qoyuldu. Ölkənin hərtərəfli inkişafına dair davamlı və sistemli Dövlət Proqramları qəbul olundu. Respublikamızın sosial-iqtisadi inkişafının dinamikası, strategiyası dəqiqliklə müəyyənləşdirildi. Regionların sosial-iqtisadi inkişafı üzrə dörd Dövlət Proqramının həyata keçirilməsi ilə bölgələrdə yeni iş yerləri, istehsal müəssisələri, sənaye obyektləri yaradıldı. Atılan bu addımların təməlində insan amili dayanır. Dövlətimizn başçısı İlham Əliyev daim çıxışlarında bildirir ki, vətəndaş amili dövlət siyasətinin əsasıdır. Bu mühüm məqam da ilk gündən bəyan edildi ki, sosial-iqtisadi göstəricilər yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında özünün aydın ifadəsini tapmalıdır. Təbii ki, bu uğurlara yol açan Ümummili Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasıdır. Bu strategiyanın uğurlu icrası nəticəsində Azərbaycan etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Bunun bariz nümunəsi 2017-ci ildə “Əsrin müqaviləsi”nin davamı olaraq “Yeni əsrin müqaviləsi”nin imzalanması, eyni zamanda, 2014-cü ildə Cənub Qaz Dəhlizinin təməlinin qoyulması oldu. 2020-ci ilin dekabrında Cənub Qaz Dəhlizi tam tərkib istifadəyə verildi.
Vüqar Rəhimzadə vurğulayıb ki, ölkəmizin dünyanın enerji və nəqliyyat layihələrinə yeni nəfəs gətirməsi Prezident İlham Əliyevin siyasi iradəsinin, uğurlu xarici siyasət strategiyasının, düzgün müəyyənləşdirilən enerji diplomatiyasının, uzaqgörən siyasətinin məntiqi nəticəsi idi. Dövlətimizin başçısının Azərbaycanı “yaşıl enerji” ölkəsinə çevirmək siyasəti dünya dövlətləri tərəfindən dəstəklənir, tanınmış ölkələrin, investorların alternativ enerji layihələrinə marağı artırır. Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanması ilə ölkəmizin qitə dövlətləri ilə əməkdaşlığı daha da genişlənib. Ötən ay Azərbaycanın ev sahibliyi etdiyi COP29 tədbiri ölkəmizin enerji diplomatiyasının uğurlarının təqdimatında əhəmiyyətli rol oynadı. Ümummilli Liderin iqtisadiyyatın inkişafında neft amilinə önəm verməsi bugünümüzə və gələcəyimizə yönələn siyasətinin əsas tərkib hissəsi idi. Son 21 ildə neft gəlirlərinin idarə edilməsində şəffaflığın qorunması ilə qeyri-neft sektorunun inkişafına yönələn layihələrin uğurlu icrası Azərbaycanın dayanıqlı iqtisadi inkişafında əhəmiyyətli rol oynadı. Bu günədək ölkə iqtisadiyyatına 310 milyard dollar investisiyanın yatırılması, bunun 200 milyard dollarının qeyri-neft sektorunun payına düşməsi uğurlu iqtisadi siyasətin nəticəsidir. Azərbaycan dünyaya əməkdaşlığın yeni modelini təqdim etməklə birgə səylərin, təcrübə mübadiləsinin nəticəsində davamlı iqtisadi inkişafa nail olur. Əməkdaşlığın regional çərçivədən çıxaraq beynəlxalq miqyas alması qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmağa stimul verir. Azərbaycanın iqtisadi və siyasi müstəqilliyinin qorunması bu gün dünyaya səs salan tarixi Zəfərimizdə öz sözünü dedi.
Milli Məclisin deputatı bildirib ki, 21 ilin uğurlarından bəhs edərkən Azərbaycanın iqtisadi imkanlarının artması ilə digər sahələrdə, o cümlədən ordu quruculuğunda əldə olunan nailiyyətləri xüsusi qeyd etməliyik. Müharibə şəraitində yaşayan ölkə üçün qüdrətli iqtisadiyyatın, güclü ordunun olması vacib şərtlərdəndir. Prezident İlham Əliyev ilk gündən torpaqlarımızın işğaldan azad edilməsini qarşıya əsas vəzifə kimi qoyaraq Qələbəyə imza atmaq üçün bütün zəruri amillərin mövcudluğuna səy göstərdi. Azərbaycan hər bir sahədə böyük uğurlara imza atdı. Ordumuz dünyanın ən güclü orduları sırasında qərarlaşdı. İnformasiya cəbhəsində üstünlüyümüz Azərbaycanın imza atdığı diplomatik uğurlarda özünün aydın ifadəsini tapdı. Bütün bu uğurlara yol açan əsas amillərdən biri Xalq-Prezident birliyi, həmrəyliyidir. Bu birlik Azərbaycanı yeni-yeni hədəflərə doğru inamla addımlamasını şərtləndirir. Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev ən yüksək tribunalardan bəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil və ola bilməz. Sülh danışıqları səmərə vermədiyi təqdirdə məsələnin hərb yolu ilə həlli qaçılmazdır. Təbii ki, bu əminliyə əsas verən Azərbaycanın tarixi ədalətə söykənən siyasəti, bütün sahələrdə qazandığı uğurlar, güclü ordu, xalqımızın birliyi, həmrəyliyi, eyni zamanda, diplomatik mübarizədə qələbə idi. 2020-ci ilin 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini müxtəlif istiqamətlərdən raket atəşinə tutması dövlətimizin, xalqımızın səbir kasasının dolmasına səbəb oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Hücum!” əmrini böyük ruh yüksəkliyi ilə qarşılayan rəşadətli Ordumuz ilk gündən qələbə müjdələri ilə gücünü, qüdrətini nümayiş etdirdi. 44 gündə 5 şəhəri, 4 qəsəbəni, 300-ə yaxın yaşayış məntəqəsini işğaldan azad etmək Prezident-Xalq-Ordu birliyinin təqdimatı oldu. Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarxili üçtərəfli Bəyanata görə Ağdam, Kəlbəcər və Laçın bir güllə atılmadan belə Azərbaycana təhvil verildi. Tarixi Zəfərmizdən üç il sonra rəşadətli Ordumuzun həyata keçirdiyi lokal antiterror tədbirlərinin səbəbləri bəllidir. Bir günlük lokal antiterror tədbirləri nəticəsində ərazilərimiz separatçılardan təmizləndi, suverenliyimiz tam bərpa edildi. 20 sentyabr tarixmizə Dövlət Suverenliyi Günü kimi daxil oldu.
Vüqar Rəhimzadə bildirib ki, İkinci Qarabağ müharibəsindəki Zəfərdən sonra azad edilmiş ərazilərdə bərpa-quruculq işlərinə başlanılması ölkəmizin iqtisadi qüdrətini geniş mənada dünyada tanıdır. Qısa müddətdə 5 şəhərin, 4 qəsəbənin sakinlərinə qovuşması özündə bütün məqamları ehtiva edir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin ən mühüm istiqaməti işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması, Böyük Qayıdış proqramının uğurlu icrasıdır. Uğurlarımızın miqyası genişdir. Reallıq budur ki, dövlətimizin başçısı İlham Əliyev hər bir vədini əməldə təsdiq etməklə bu çağırışını təsdiqləyir ki, biz nəyi deyiriksə, onu da edirik. Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə səfərləri görülən işlərlə tanışlıq, yeni sosial obyektlərin açılışına və təməlqoyma mərasimlərinin keçirilməsi ilə müşayiət olunur. Bu uğurların təməlində qətiyyət, prinsipiallıq, milli maraqlara hesablanmış ardıcıl siyasət, liderlik yenilməzliyi və nəhayət, güclü Azərbaycan amili dayanır. Qalib Azərbaycan qarısına qoyduğu yeni hədəflərə doğru inamla addımlayır.