YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan müstəqil xarici siyasət yürüdən tamamilə müstəqil aktor kimi qəbul edilir

Eldar İbrarhimov

Milli Məclisin İntizam komissiyasının sədri, professor

 “Xarici siyasətinin xüsusiyyətlərinə görə istər Qərbdə, istərsə də Şərqdə Azərbaycan müstəqil xarici siyasət yürüdən tamamilə müstəqil aktor kimi qəbul edilir. Həm də ona görə ki, bu, eyni zamanda, həm Rusiyanın, həm də NATO üzvü Türkiyənin müttəfiqi olan yeganə ölkədir. Dünyada ikinci belə ölkə yoxdur…” Bu fikirlər ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə məxsusdur.

Dövlət başçısı bu fikirləri dekabrın 17-də Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova geniş və tarixi müsahibəsində dilə gətirib.

Heç kimə sirr deyil ki, Azərbaycan Prezidentinin hər bir media qurumuna müsahibəsi, açıqlaması sözün yaxşı mənasında dünyada böyük olay yaradır, böyük rezonans doğurur.

Çünki hər bir müsahibə, hər bir açıqlama tutarlı faktlara, arqumentlərə, dəmir məntiqə əsaslanır.

Bu dəfə də məhz belədir.

Ölkə Prezidenti müsahibəsində ölkəmizlə yanaşı, regionumuzda və bütövlükdə dünyamızda baş verən proseslərə geniş və hərtərəfli şəkildə toxunaraq, bir daha öz parlaq zəkasını, əsl siyasətçi və Lider keyfiyyətini ortaya qoyub, nümayiş etdirib.

Müsahibəsində qonşu Rusiya və qardaş, dost Türkiyə ilə bağlı imzalanmış Müttəfiqlik Bəyannamələrinə, eləcə də Türkiyənin Azərbaycanda hərbi bazasına ehtiyacın olub-olmamasına toxunan dövlət başçısı qeyd edib ki, regionumuzda və bütövlükdə dünyada vəziyyət əhəmiyyətli dərəcədə dəyişib, lakin bu, Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın xarakterinə və formasına təsir etməyib.

“Mən hesab edirəm ki, belə bir Bəyannamənin imzalanması bizim 30 ildən artıq bir müddətdə birlikdə keçdiyimiz, fəal işlədiyimiz, həm iqtisadi-ticari, həm də siyasi sahələrdə əməkdaşlıq potensialını artırdığımız və müxtəlif çətin vəziyyətlərdə bir-birimizi sınadığımız həmin böyük yolun nümayiş etdirilməsidir”-deyən Azərbaycan Prezidenti bəyan edib ki, belə bir Bəyannamənin imzalanması faktının özü həm Rusiya, həm də Azərbaycan tərəfindən ən mühüm siyasi addımdır.

Müsahibədə də qeyd edildiyi kimi, bu, qarşılıqlı fəaliyyətin və əməkdaşlığın ən yüksək formasıdır.

Xüsusən nəzərə alsaq ki, biz həm Qafqazda, həm də Xəzər regionunda qonşu dövlətlərik, qonşuyuq və bir çox cəhətdən ölkələrimizin xarici siyasət prioritetləri üst-üstə düşür, bu baxımdan, belə bir sənəd tarixi hadisədir.

Bu yerdə onu da qeyd etmək lazımdır ki, Azərbaycan müstəqilliyini bərpa edəndən sonra, 1992-ci ilin əvvəlindən qardaş və dost Türkiyə ilə hərbi əməkdaşlıq edir.

Bu hərbi əməkdaşlıq o vaxt başlayıb və bu günə qədər davam edir.

Təbii ki, zərurətdən asılı olaraq formalar dəyişir, ötən 30 ildən artıq müddətdə Türkiyə və onun hərbi strukturları Azərbaycan Ordusunun müasirləşdirilməsində və onun həm döyüş qabiliyyətinə, həm də əməliyyatların planlaşdırılmasına, vəziyyətin təhlilinə, hərbi kəşfiyyatın potensialına uyğun olaraq yüksək standartlara çatdırılmasında böyük rol oynayıblar.

Dövlət başçısının da vurğuladığı kimi, belə yardıma görə türk dostlarımıza və qardaşlarımıza çox minnətdarıq.

Müsahibəsində “Azərbaycan ilə Rusiya arasındakı Bəyannamədən bir il əvvəl Türkiyə ilə Azərbaycan arasında imzalanmış Müttəfiqlik haqqında Bəyannamədə təhlükə və ya təcavüz zamanı qarşılıqlı hərbi yardımı nəzərdə tutan bənd var. Yəni, bu, həm Azərbaycanın, həm də Türkiyənin bir öhdəliyidir ki, əgər bu və ya digər ölkə xarici təhlükə və xarici təcavüzlə üzləşsə, köməyə gəlməlidir. Buna görə də, Bəyannamənin həmin bəndi mahiyyət etibarilə bu və ya digər ərazidə hər hansı daimi hərbi infrastrukturun yaradılmasını tamamilə lüzumsuz edir”-deyə, qeyd edən Ali Baş Komandan bildirib ki, bu gün dünyanın heç bir yerində heç bir hərbi bazanı gizlətmək mümkün deyil və ona görə də məlum informasiya müdaxilələri, sadəcə, siyasi möhtəkirlik xarakteri daşıyır.

Bəli, yenə də heç kim üçün sirr deyil ki, Türkiyə ilə biz hər il 10-dan çox birgə təlim keçiririk.

Yarısı Azərbaycanda, yarısı Türkiyədə və mahiyyətcə hərbi əməliyyatların yüksək dərəcədə keçirilməsinə nail olunub.

Bunun özü də Qafqazda sabitliyin mühüm amilidir.

Çünki dövlət başçısının da bildirdiyi kimi, bugünkü dünya və hadisələrin inkişafı bir daha sübut edir ki, dünya əsaslı şəkildə dəyişib və İkinci Dünya müharibəsi nəticəsində yaranmış reallıqlar, müəyyən edilmiş oyun qaydaları bu gün artıq işləmir, hətta qlobal aktorlar bunu gizlətmirlər.

Siyasi istəklərdə yenidən güc amili ön plana çıxır. Bunu daha tez dərk edən ölkələr bu gün özlərini daha təhlükəsiz hiss edə bilərlər.

Halbuki, müasir dünyada heç bir ölkə özünü tam təhlükəsiz hiss edə bilməz.

Müsahibəsində həmçinin, Ermənistanın Baş naziri Nikol Paşinyan KTMT ilə münasibətlərində geri dönüşün olmadığı barədə açıqlamasına, Fransa ilə münasibətləri fəallaşdırmasına və bunların regiondakı proseslərə təsirinə toxunan Azərbaycan Prezidenti açıq şəkildə bildirib ki, bu, birbaşa təhlükə deməkdir.

“Biz bu barədə həm açıq şəkildə, həm də Ermənistanın baş naziri ilə danışıqlarımda dəfələrlə demişik, narahatlığımızı ona çatdırmışıq. Biz eyni narahatlığı Fransa hökumətinə və Bayden administrasiyası dövründə Cənubi Qafqaz ölkələrinə balanslı yanaşmasını dəyişərək Ermənistana birtərəfli dəstək yolunu tutan Birləşmiş Ştatların rəhbərliyinə də çatdırırdıq. Təhdidlərin kifayət qədər ciddi olduğunu göstərən çoxlu misallar var. Makron hökumətinin Ermənistana tədarük etdiyi silahlar hücum silahlarıdır, öldürücüdür və Azərbaycan üçün praktiki təhlükə yaradır”-deyən dövlət başçısının bildirdiyinə görə, nəzərə alsaq ki, Ermənistanla sərhədimizin uzunluğu min kilometrdən çoxdur, bir çox yaşayış məntəqələri sərhədə yaxın yerləşib və bu yaşayış məntəqələrinin əksəriyyətinə keçmiş köçkünlər qayıdırlar, təbii ki, biz bu prosesi yalnız kənardan müşahidə edə bilmərik.

Odur ki, biz-yəni, Azərbaycan tərəfi olaraq, dəfələrlə Ermənistana və onun ABŞ Dövlət Departamentindəki himayədarlarına çatdırmışıq ki, buna son qoyulmalıdır.

Amma təəssüf ki, bizim səsimiz eşidilmir, Ermənistanın silahlanması prosesi sıçrayışla gedir.

Biz bacardığımız qədər orada baş verənləri izləyirik.

Müsahibədə də diqqət çəkildiyi kimi, Ermənistan ərazisinin dərinliyini nəzərə alsaq, texniki baxımdan bu gün bunu etmək o qədər də çətin deyil.

Əlbəttə ki, Fransa bu məsələdə liderlik edir. İkinci yerdə Hindistan, üçüncü yerdə isə ABŞ-dır.

Fransa və Hindistan Ermənistanı öldürücü silahlarla təmin etdiklərini gizlətmirlər, – hətta bir növ, yəqin ki, bizim acığımıza nümayişkaranə cəsarət göstərirlər, – ABŞ isə bunu etiraf etmir.

Halbuki, biz Ermənistanın hava limanlarına enən və oraya silah daşıyan hərbi nəqliyyat təyyarələrini izləmişik.

Təbii ki, biz adekvat tədbirlər görməyə məcbur idik.

Bu baxımdan, müzakirələrində yaxından iştirak etdiyimiz 2025-ci ilin büdcə zərfində hərbi xərclər-belə demək mümkünsə, hərbi büdcəmiz rekord büdcə olacaq.

Bu, təxminən beş milyard dollardır.

Bu məbləğin ən azı 60 faizini xərcləməyə məcburuq, belə təhdidlər olmasaydı, xərcləməzdik, Qarabağın bərpasına, sosial ödənişlərə və sair üçün istifadə edərdik.

Lakin biz bunu etməyə məcburuq və edəcəyik.

Ancaq, bu, fəlakətə aparan yoldur.

Birincisi, Ermənistan silahların əksəriyyətini Qərbdən pulsuz və ya kreditlə almasına, onların təbii ki, silinəcəyinə baxmayaraq, bizimlə silah yarışında tab gətirməyəcək. Hətta bu halda da bizimlə silah yarışında tab gətirməyəcəklər.

Onlar İkinci Qarabağ müharibəsinin və 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatının nəticələrini unutmamalıdırlar.

Müsahibədə də vurğulandığı kimi, onlar-Ermənistan tərəfi başa düşməlidirlər ki, Makron rejiminin, eləcə də ABŞ Dövlət Departamentinin maksimum dəstəyinə baxmayaraq, burada, bu yerdə bizə qarşı növbəti təxribat planlaşdırsalar, onlara heç kim kömək etməyəcək.

“Axı, Makron 2020-ci və ya 2023-cü ildə onlara necə kömək etdi, onları dəstəklədi, bəli, əlindən, yəqin ki, başqa hansı yerindən tutdu, bilmirəm. Bax, bu qədər. Biz onun nəyə qadir olduğunu çox yaxşı bilirik. Odur ki, biz həm danışıqlar prosesi çərçivəsində, həm də Ermənistanla Azərbaycan arasında işləyən delimitasiya komissiyası çərçivəsində və erməni sponsorlara, şərti olaraq Vaşinqtondakı sorosçulara bunu dayandırmaq lazım olduğunu çatdırırıq və çatdırmağa davam edəcəyik”-deyərək, Azərbaycan Prezidenti birmənalı şəkildə bildirib ki, bu, belə davam edərsə, sonradan bizə qarşı heç bir irad tutulmasın.

Bəli, Azərbaycan heç nəyə və heç kimi fikir vermədən qətiyyətli şəkildə inkişafa, Qələbələrdən-Qələbələrə, Zəfərlərdən-Zəfərlərə doğru irəliləyir.

Kimsə də, heç bir güc də bizi bu yoldan döndərə bilməz və bilməyəcək.

Bu, mümkün deyil.

Hər kəs bunu yaxşı anlasın.

Qələbələr də, Zəfərlər də bizimdir!