Xəbərlər
Müstəqil xarici siyasət strategiyası: Balanslı yanaşma və prioritetlər
Heydər Əsədov
Milli Məclisin deputatı
Azərbaycanın xarici siyasəti Cənubi Qafqazın dinamik mühitində sabitlik, təhlükəsizlik və əməkdaşlıq prinsipləri əsasında formalaşaraq həm regional, həm də qlobal arenada balanslı və müstəqil bir aktor kimi mövqeyini möhkəmləndirir. Prezident İlham Əliyevin 17 dekabrda Rusiyanın “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinə verdiyi müsahibə bu siyasətin konturlarını və prioritetlərini aydın şəkildə əks etdirir. Müsahibədə səsləndirilən fikirlər Azərbaycanın beynəlxalq münasibətlərdəki prinsipial yanaşmasını, regional sabitlik və əməkdaşlıq istiqamətində səylərini, həmçinin yeni qlobal reallıqlara uyğun strateji mövqeyini bir daha təsdiqləyir.
Azərbaycanın həm Qərbdə, həm də Şərqdə tam müstəqil bir aktor kimi qəbul edilməsi dövlətin xarici siyasətinin ən mühüm nailiyyətlərindən biri olmaqla yanaşı, onun beynəlxalq arenadakı artan nüfuzunun əsas göstəricisidir. Müstəqil xarici siyasət kursu Azərbaycanın regional və qlobal güclər arasında balanslı mövqe tutmasına imkan yaradır. Bu mövqe bir tərəfdən Rusiya ilə tarixi və strateji əlaqələrin davam etdirilməsini təmin edərkən, digər tərəfdən NATO üzvü Türkiyə ilə dərinləşən qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin inkişafına şərait yaradır. Belə yanaşma Azərbaycanın həm Qərb, həm də Şərq güc mərkəzləri ilə, eyni zamanda, qarşılıqlı faydalı əməkdaşlıq qura bilən unikal bir dövlət olaraq mövqeyini möhkəmləndirir.
Müsahibədə jurnalistin “Azərbaycanda Türkiyənin hərbi bazasına ehtiyac varmı” sualına dövlətimizin başçısı İlham Əliyevin cavabında bildirib ki, xeyr, qısa desək, lazım deyil. Vaxtaşırı müəyyən mediada belə məlumatların yayımlandığını nəzərə alaraq əgər cavabımı azca genişləndirsəm, deməliyəm ki, buna ehtiyac yoxdur.
Azərbaycanın xarici siyasətində xüsusi yer tutan Türkiyə ilə münasibətlər 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi ilə daha da güclənərək, hər iki dövlətin təhlükəsizlik, müdafiə və iqtisadi sahələrdə birgə fəaliyyət imkanlarını genişləndirib. Bu Bəyannamənin xarici təhlükələrə qarşı qarşılıqlı hərbi yardımı nəzərdə tutması regionda dayanıqlı təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayır. Digər tərəfdən, Rusiya ilə mövcud olan tarixi və strateji əlaqələr də çox mühüm əhəmiyyətə malikdir. Azərbaycanın Rusiya ilə hərbi, siyasi və iqtisadi sahələrdə əməkdaşlıq etməsi ölkənin qlobal siyasətdə müstəqil aktor kimi çıxış etməsinə şərait yaradır. Beləliklə, Azərbaycan hər iki güc mərkəzi ilə yüksək səviyyəli əməkdaşlıq edən yeganə ölkə kimi, beynəlxalq münasibətlərdə bənzərsiz bir nümunə yaradır.
Azərbaycanın balanslı xarici siyasət kursu yalnız regional münasibətlərin sabitləşməsinə deyil, həm də qlobal enerji təhlükəsizliyinə töhfələr verməklə daha geniş miqyasda əhəmiyyət kəsb edir. Ölkənin strateji enerji layihələri, xüsusilə Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən Cənub Qaz Dəhlizi Azərbaycanın enerji siyasətini beynəlxalq gündəlikdə mərkəzi mövqeyə yerləşdirib. Bu kurs təkcə iqtisadi maraqların təmin olunmasına deyil, həmçinin regional və qlobal enerji təhlükəsizliyi məsələlərinin həllinə xidmət edir.
Azərbaycanın xarici siyasətində sülh və əməkdaşlıq təşəbbüsləri əhəmiyyətli yer tutur. Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində aparılan sülh danışıqları bu siyasətin mühüm hissəsini təşkil edir. Müsahibədə qeyd olunduğu kimi, iki ölkə arasında bağlanacaq sülh sazişi üzrə 17 maddədən 15-i artıq razılaşdırılıb, lakin tərəflərin bir-birinə qarşı beynəlxalq iddialardan imtina etməsi ilə bağlı məsələlər müzakirə mərhələsindədir. Bu, uzunmüddətli sülhün təmin edilməsi üçün mühüm addım olsa da, Ermənistanın destruktiv siyasəti və hərbi silahlanma təşəbbüsləri həmin prosesə maneələr törətməkdə davam edir.
Azərbaycan Prezidenti xüsusilə diqqətə çatdırıb ki, Ermənistanın Makron hökuməti tərəfindən öldürücü silahlarla təmin edilməsi ölkəmizin təhlükəsizliyinə ciddi təhdid yaradır. Eyni zamanda, ABŞ və Hindistanın Ermənistana hərbi dəstəyi regionda gərginliyi artıran amillər kimi diqqətə çatdırılır. Bu cür təhdidlər fonunda Azərbaycanın Ermənistanla sərhəd boyunca yerləşən bölgələrdə məskunlaşan keçmiş köçkünlərin təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görməsi qaçılmazdır. Sərhədin miqyasını və bölgənin strateji əhəmiyyətini nəzərə alaraq Azərbaycan üçün təhlükəsizlik məsələləri prioritet olaraq qalır.
Azərbaycanın xarici siyasətində əsas məqsəd təkcə Ermənistanla münasibətləri normallaşdırmaq deyil, həm də Cənubi Qafqazda iqtisadi əməkdaşlıq, sərhədlərin açılması və xalqlar arasında münasibətlərin bərpası üçün dayanıqlı bir platforma yaratmaqdır. Bu yanaşma Azərbaycanın regionda sabitlik və tərəqqiyə töhfə verməkdə oynadığı mühüm rolu bir daha təsdiqləyir.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, beynəlxalq reallıqların dəyişməsi fonunda Azərbaycanın müstəqil xarici siyasət strategiyası dəyişməz olaraq qalır. Azərbaycan sülh, təhlükəsizlik və əməkdaşlıq prinsiplərinə əsaslanan siyasətini davam etdirərək həm regional, həm də qlobal sabitliyə öz töhfəsini verməyə davam edir. Bu strategiya Azərbaycanın beynəlxalq münasibətlərdə etibarlı tərəfdaş kimi qəbul olunmasını təmin etməklə yanaşı, dövlətin uzunmüddətli milli maraqlarına xidmət edir.