Xəbərlər
“Ümummilli Lider Heydər Əliyev mühazirələri” layihəsi çərçivəsində görüşlər davam edir
Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının və Bakı Dövlət Universitetinin (BDU) birgə təşkilatçılığı ilə “Ümummilli Lider Heydər Əliyev mühazirələri” layihəsi çərçivəsində YAP Veteranlar Şurasının üzvü Zərifə Quliyeva ilə BDU tələbələrinin görüşü keçirilib.
Görüşdə çıxış edən BDU rektorunun elm və təhsil üzrə müşaviri, AMEA-nın müxbir üzvü professor Aydın Kazımzadə və YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev müasir müstəqil Azərbaycan dövlətinin memar Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi üçün misilsiz xidmətlər göstərdiyini deyiblər. Ulu Öndərin Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyət olduğu diqqətə çatdırılıb.
YAP Veteranlar Şurasının üzvü Zərifə Quliyeva çıxışında vurğulayıb ki, Azərbaycanda dövlətçilik ənənələrinin zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, beynəlxalq nüfuzunun sürətlə artması məhz Ulu Öndər Heydər Əliyevin yorulmaz, səmərəli fəaliyyəti nəticəsində mümkün olub. Z.Quliyeva Ümummilli Lider Heydər Əliyevin həm sovet, həm də müstəqillik illərində üzərinə düşən xilaskarlıq missiyasının öhdəsindən böyük məharətlə gəldiyini və adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdığını söyləyib.
Daha sonra tələbələrin çoxsaylı sualları cavablandırılıb.