Xəbərlər
Azərbaycan-Kamboca: yeni imkanlar, ortaq maraqlar və strateji perspektivlər
Siyavuş Novruzov
Milli Məclisin Regional məsələlər komitəsinin sədri
Müasir beynəlxalq münasibətlər sistemində baş verən geosiyasi dəyişikliklər, yeni iqtisadi imkanların formalaşması və qlobal təhlükəsizlik çağırışları dövlətlər arasında qarşılıqlı etimada, bərabərhüquqlu tərəfdaşlığa və ortaq maraqlara əsaslanan əlaqələrin inkişafını xüsusi aktuallıq kəsb edən məsələyə çevirir. Azərbaycan Respublikası Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil, çoxşaxəli və praqmatik xarici siyasət nəticəsində beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi mövqeyini ardıcıl olaraq möhkəmləndirir. Milli maraqların qorunması, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, qarşılıqlı faydalı əməkdaşlıq və beynəlxalq hüququn prinsiplərinə sadiqlik ölkəmizin xarici siyasətinin əsasını təşkil edir.
Azərbaycanın müxtəlif regionların dövlətləri ilə siyasi dialoqu genişləndirməsi və iqtisadi tərəfdaşlıq imkanlarını şaxələndirməsi bu siyasətin mühüm nəticələrindəndir. Xüsusilə Asiya ölkələri ilə münasibətlərin inkişafı prioritet istiqamətlərdən birinə çevrilmişdir. Bu baxımdan, Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfəri iki ölkə arasında münasibətlərin inkişafında mühüm siyasi və diplomatik hadisədir.
Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, aparılan müzakirələr və imzalanmış sənədlər Azərbaycan-Kamboca münasibətlərinin yeni mərhələyə qədəm qoyması üçün əlverişli zəmin yaratmışdır. Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanatda siyasi dialoqun möhkəmləndirilməsi, iqtisadi və investisiya əlaqələrinin genişləndirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsi, eləcə də humanitar əməkdaşlığın inkişafı ilə bağlı mühüm mesajlar səsləndirilmişdir.
Azərbaycan ilə Kamboca arasında münasibətlərin əsas xüsusiyyətlərindən biri beynəlxalq təşkilatlar çərçivəsində formalaşmış qarşılıqlı anlaşma və siyasi həmrəylikdir. Prezident İlham Əliyev ölkələrimizin Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində fəal əməkdaşlıq etdiyini, bir-birini dəstəklədiyini xüsusi vurğulamışdır. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə irəli sürdüyü təşəbbüslər, qlobal həmrəyliyin gücləndirilməsi və inkişaf etməkdə olan ölkələrin maraqlarının müdafiəsi istiqamətində fəaliyyəti ölkəmizin beynəlxalq nüfuzunu artırmışdır. Kamboca ilə bu platformalarda qurulmuş əməkdaşlıq isə ortaq mövqelərin möhkəmlənməsinə xidmət edir.
Səfərin mühüm istiqamətlərindən biri iqtisadi və ticari münasibətlərin inkişafı olmuşdur. Prezident İlham Əliyev iki ölkə arasında ticarət dövriyyəsinin mövcud potensiala uyğun olmadığını bildirərək, bu sahədə ciddi canlanmanın baş verəcəyinə əminliyini ifadə etmişdir. Dövlətimizin başçısının vurğuladığı kimi, coğrafi məsafə müasir iqtisadi münasibətlər üçün həlledici maneə deyil. Əsas məsələ qarşılıqlı imkanların düzgün qiymətləndirilməsi, biznes dairələri arasında birbaşa əlaqələrin qurulması və əməkdaşlığın praktiki mexanizmlərinin formalaşdırılmasıdır.
Bu baxımdan, ticarət və investisiya əməkdaşlığı üzrə birgə işçi qrupunun yaradılması, Azərbaycan və Kamboca şirkətlərinin iştirakı ilə biznes forumunun keçirilməsi yeni bazar imkanlarının araşdırılması və işgüzar əlaqələrin genişləndirilməsi üçün mühüm addımlardır. Azərbaycanın əlverişli investisiya mühiti, inkişaf edən nəqliyyat-logistika infrastrukturu və sənaye potensialı, eləcə də Kambocanın Cənub-Şərqi Asiya regionundakı iqtisadi imkanları qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş perspektivlər açır.
Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında imzalanmış sənədlər də münasibətlərin hüquqi və institusional əsaslarının möhkəmləndirilməsinə xidmət edir. Ticarət və iqtisadi əməkdaşlıq haqqında Çərçivə Sazişi, ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş iqtisadi əlaqələrin inkişafı üçün əlverişli şərait yaradır. ADA Universiteti ilə Kambocanın Diplomatiya və Beynəlxalq Əlaqələr Milli İnstitutu arasında əməkdaşlığa dair Anlaşma Memorandumu isə diplomatik təhsil, elmi əlaqələr və peşəkar təcrübə mübadiləsi sahəsində yeni imkanlar formalaşdırır.
İkitərəfli münasibətlərin inkişafında humanitar əlaqələr və təhsil sahəsində əməkdaşlıq da mühüm yer tutur. Prezident İlham Əliyevin Sovet İttifaqı dövründə yüzlərlə kambocalı tələbənin Azərbaycanda təhsil aldığını xatırlatması iki xalq arasında münasibətlərin tarixi köklərə malik olduğunu göstərir. Bu ənənənin müasir dövrdə davam etdirilməsi, qarşılıqlı təhsil proqramlarının və akademik mübadilənin genişləndirilməsi dostluq münasibətlərinin möhkəmlənməsinə töhfə verə bilər.
Səfər zamanı dövlət idarəçiliyində innovativ həllərin tətbiqi və rəqəmsal transformasiya sahəsində əməkdaşlıq imkanları da diqqət mərkəzində olmuşdur. Prezident İlham Əliyevin Azərbaycanın uğurlu idarəçilik modellərindən biri olan “ASAN xidmət” sisteminə Kambocada maraq göstərildiyini bildirməsi ölkəmizin bu sahədə qazandığı təcrübənin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir. Vətəndaş məmnunluğunun təmin edilməsi, şəffaflığın artırılması və dövlət xidmətlərinin əlçatanlığının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyan bu modelin təcrübəsinin paylaşılması institusional əməkdaşlığın inkişafına xidmət edə bilər.
Azərbaycan-Kamboca münasibətlərində parlamentlərarası əməkdaşlıq da xüsusi yer tutur. Hər iki ölkədə parlamentlərarası dostluq qruplarının fəaliyyət göstərməsi qanunverici orqanlar arasında siyasi dialoqun genişlənməsinə imkan yaradır. Kambocanın dəstəyi ilə Azərbaycan parlamentinin ASEAN Parlamentlərarası Assambleyasında müşahidəçi statusu əldə etməsi isə ölkəmizin Cənub-Şərqi Asiya regionu ilə əlaqələrinin möhkəmləndirilməsi baxımından mühüm diplomatik nailiyyətdir.
İki ölkəni birləşdirən mühüm məsələlərdən biri də mina təhlükəsi ilə mübarizə sahəsində ortaq çağırışların mövcudluğudur. Həm Azərbaycan, həm də Kamboca uzun illər davam etmiş münaqişələrin ağır humanitar nəticələri ilə üzləşmişdir. Prezident İlham Əliyev bəyanatında Ermənistanın işğalı dövründə Azərbaycan ərazilərində basdırılmış minaların yaratdığı təhlükəyə diqqət çəkmiş, işğaldan azad edilmiş torpaqlarda mina partlayışları nəticəsində 400-dən çox insanın həlak olduğunu və ya xəsarət aldığını bildirmişdir. Bu reallıq mina probleminin insanların yaşamaq, sağlamlıq və təhlükəsiz mühitdə yaşamaq hüquqları ilə bilavasitə bağlı olduğunu göstərir. Kamboca ilə bu sahədə təcrübə mübadiləsi və praktiki əməkdaşlığın genişləndirilməsi hər iki ölkə üçün faydalı nəticələr verə bilər.
Dövlətimizin başçısının bəyanatında xüsusi vurğulanan əsas məsələlərdən biri də sülh və təhlükəsizliyin beynəlxalq hüquq normalarına, dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərinə əsaslanmasının vacibliyidir. Bu yanaşma Azərbaycanın xarici siyasətinin fundamental prinsiplərini və dayanıqlı sülhün təmin edilməsinə münasibətini əks etdirir.
Azərbaycan uzun illər ərazilərinin işğalı və yüz minlərlə vətəndaşının doğma yurdlarından didərgin düşməsi kimi ağır nəticələrlə üzləşmişdir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə qazanılmış tarixi Zəfər və 2023-cü ildə həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa edilmişdir. Bu tarixi nailiyyət Azərbaycan dövlətinin siyasi iradəsinin, xalq-ordu birliyinin və milli maraqlara əsaslanan ardıcıl siyasətinin təntənəsidir.
Bu gün işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri, müasir infrastrukturun yaradılması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı Azərbaycanın sülhə və davamlı inkişafa yönəlmiş siyasətinin bariz ifadəsidir. Prezident İlham Əliyevin həmin ərazilərdə artıq 100 minə yaxın insanın yaşadığını və çalışdığını bildirməsi Böyük Qayıdış Proqramının real nəticələrini nümayiş etdirir.
Kamboca Krallığının Baş naziri Hun Manetin Azərbaycana rəsmi səfəri ölkəmizin Cənub-Şərqi Asiya ilə münasibətlərinin inkişafında yeni imkanlar açmaqla yanaşı, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən xarici siyasətin uğurlu nəticələrini bir daha nümayiş etdirir. Siyasi dialoqdan iqtisadi tərəfdaşlığa, humanitar əlaqələrdən rəqəmsal idarəetməyə, parlamentlərarası əməkdaşlıqdan mina təhlükəsi ilə mübarizəyə qədər geniş sahələri əhatə edən müzakirələr münasibətlərin çoxşaxəli xarakterini təsdiqləyir.
Beləliklə, Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanatda müəyyənləşdirilən prioritetlər Azərbaycan-Kamboca münasibətlərinin keyfiyyətcə yeni mərhələyə yüksəlməsi baxımından mühüm əhəmiyyət daşıyır. Qarşılıqlı siyasi etimad, beynəlxalq təşkilatlar çərçivəsində həmrəylik, iqtisadi maraqların uzlaşdırılması və ortaq çağırışlara birgə yanaşma uzunmüddətli tərəfdaşlığın möhkəm əsasını təşkil edir. Bu əməkdaşlığın inkişafı hər iki ölkənin milli maraqlarına xidmət etməklə yanaşı, regionlararası əlaqələrin genişlənməsinə, beynəlxalq dialoqun güclənməsinə və sülhə əsaslanan münasibətlərin təşviqinə mühüm töhfə verəcəkdir.
