Xəbərlər
Heydər Əliyev fenomeni: Vətən sevgisi, xalqa bağlılıq
“Heç bir millət şəxsiyyətsiz yaşaya bilməz”. Bu sözlər müstəqil Azərbaycan dövlətinin memarı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevə aiddir. Müdrik siyasətçi Heydər Əliyevin vəfatından 21 il ötür, hər il Ulu Öndərin əziz xatirəsi hörmətlə yad edilir, əvəzsiz xidmətləri xatırlanır.
Heydər Əliyev müasir Azərbaycanın memarı və qurucusu kimi tariximizdə əbədi yer tutmuş dahi şəxsiyyətdir. Onun siyasi fəaliyyəti, uzaqgörənliyi və xalqına olan sevgisi nəticəsində Azərbaycan ən çətin sınaqlardan keçərək güclü, müstəqil dövlətə çevrilmişdir. Ulu Öndərin ideyaları bu gün də Azərbaycan xalqının rifahına xidmət edir və Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.
Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbər seçildikdən sonra ölkənin iqtisadi və mədəni inkişafı üçün mütərəqqi addımlar atmağa başladı. Onun rəhbərliyi ilə 1048 sənaye obyekti tikilmiş, kənd təsərrüfatı sahəsində böyük islahatlar aparılmışdır. Ulu Öndər elm, təhsil və mədəniyyətin inkişafına xüsusi diqqət yetirərək, Azərbaycanın gələcək müstəqilliyi üçün əsas təməlləri qoymuşdur.
Bu dövrdə əsas nailiyyətlərdən biri, 1971-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması idi. Bu məktəb milli hərbi kadrların yetişdirilməsində mühüm rol oynadı və müstəqil Azərbaycanın ordu quruculuğu siyasətinin təməlini təşkil etdi.
Hər bir ölkənin tarixində onun gələcək taleyinə bilavasitə təsir göstərən əhəmiyyətli dönüş nöqtələri olur. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, 15 iyun Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu. Həmin gün xalqımızın Ümummilli Lideri Heydər Əliyevin rəhbərliyi ilə müstəqilliyin qorunub saxlanılmasının və ölkəmizin gələcək inkişaf yolunun əsasının qoyulduğu tarixi bir hadisədir.
1993-cü il oktyabrın 3-də ölkəmizdə keçirilən prezident seçkilərində Heydər Əliyev xalqımızın böyük əksəriyyətinin etimadını qazandı. Ulu Öndər 98.84 faiz səslə Azərbaycan Prezidenti seçildi. Beləliklə, Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycan üçün yeni bir tarixin başlanğıcı oldu. O, ölkəni vətəndaş müharibəsi təhlükəsindən, iqtisadi tənəzzüldən və beynəlxalq təcriddən xilas etdi. Bununla yanaşı, 44 günlük Vətən müharibəsində möhtəşəm Qələbəmizin təməli də məhz həmin tarixi dönüş nöqtəsi ilə qoyuldu.
Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycan iqtisadiyyatının inkişafında əlamətdar hadisə oldu. Bu müqavilə ölkəmizin təbii sərvətlərinin beynəlxalq bazarlara çıxarılmasını təmin etməklə yanaşı, Azərbaycanın qlobal enerji siyasətində mühüm yer tutmasını təmin etdi.
Bundan əlavə, Ulu Öndər Azərbaycanın demokratik inkişafı üçün mühüm hüquqi islahatlar həyata keçirdi. 1995-ci ildə qəbul edilən Konstitusiya hüquqi dövlətin təməlini qoydu və cəmiyyətin inkişafı üçün möhkəm normativ baza yaratdı.
Heydər Əliyev siyasətinin əsas xüsusiyyəti onun davamlılıq prinsipidir. Ulu Öndər 2003-cü ildə xalqa müraciətində cənab İlham Əliyevə inandığını və Azərbaycanın gələcəyini Ona həvalə etdiyini bildirmişdi. Prezident İlham Əliyev bu etimadı doğruldaraq ölkəni inkişafın yeni mərhələsinə çıxardı.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlar və uğurlu diplomatik siyasət nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. 44 günlük Vətən müharibəsi zamanı “Dəmir yumruq” siyasəti ilə Azərbaycanın tarixi torpaqları işğaldan azad edildi. Bu, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin məntiqi nəticəsi və Prezident İlham Əliyevin qətiyyətli liderliyinin göstəricisi idi.
Heydər Əliyev xalqına və Vətəninə olan sevgisi ilə Azərbaycanın müstəqilliyini möhkəmləndirdi, gələcəyini təmin etdi. Onun irsi bu gün də Azərbaycan dövlətinin əsas inkişaf istiqamətini təşkil edir. Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətti uğurla davam etdirərək Azərbaycanın beynəlxalq aləmdə güclü dövlət kimi mövqelərini möhkəmləndirmişdir.