YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müstəqil Azərbaycan dövlətinin təməl prinsiplərinin müəllifi

Mehdi Balabəyov

YAP Şabran rayon təşkilatının sədri

12 dekabr müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin anım günüdür. Xalqın məhəbbətini qazanmış Ulu Öndər  Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaq. Azərbaycan xalqının tarixində taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər içərisində  Ümummilli Lider adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi  Heydər Əliyevin xüsusi rolu vardır. Ulu Öndər  Heydər Əliyev öz xilaskarlıq missiyasının öhdəsindən yüksək səviyyədə gəlmişdir. O,  xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Ümummilli Liderin   zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Ulu Öndər Heydər Əliyevin həyat amalının təntənəsidir. Azərbaycana rəhbərliyinin birinci dövründə Ulu Öndər Heydər Əliyev özünün qeyri-adi idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olmuşdur. Tariximizin gedişatının və həyatımızın ahənginin köklü surətdə dəyişdiyi, azadlıq və müstəqillik duyğularının milli düşüncəmizdə üstünlük təşkil etməyə başladığı bu illər Azərbaycanın quruculuq salnaməsinin ən parlaq səhifələridir. Ulu Öndərin xalqın yaradıcılıq enerjisini bir məqsədə yönəltməklə tarixi yaddaşın bərpası istiqamətindә atdığı qətiyyətli addımlar o dövrdə milli ruhun canlanmasına xidmət göstərmiş, özünüdərki və soykökə qayıdışı təmin etmiş, müstəqil dövlət quruculuğuna aparan yolun təməl daşına çevrilmişdir.

Ümummilli Lider Heydər Əliyev qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçi idi. O, realist bir insan olaraq hadisələrə praqmatik yanaşırdı, ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edirdi. Daim keçilən yolun təhlili fonunda  yaranan “Ümummilli Liderin hakimiyyətə qayıdışı ilə Azərbaycan dövləti, xalqı nədən xilas oldu” sualına cavab müstəqilliyimizin bərpasının ilk illərinin reallıqları fonunda bugünkü uğurlarımızdır. Onun 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyətə qayıdışı Azərbaycanın inkişaf, tərəqqi dövrünə qədəm qoymasını şərtləndirdi. 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri, oktyabrın 3-də isə Prezident seçilən Ulu Öndər Heydər Əliyev zəngin idarəçilik təcrübəsi, Vətənə, xalqa sevgisi, dövlət maraqlarını hər şeydən üstün tutması ilə Azərbaycanın biri-birindən əhəmiyyətli uğurlara imza atmasını təmin etdi. Ümummilli Liderin  həyat amalı, zaman və məkan anlayışına sığmayan siyasi fəaliyyətinin əsas məqsədi azad və müstəqil bir dövlət qurmaq idi. O,  hər zaman Azərbaycanı özünə güvənən qüdrətli bir ölkəyə çevirmək istəyirdi. Bu yolda qəti addımlar atdı.  Azərbaycanın müstəqil siyasət yürüdən dövlət olduğunu hər bir sahədə atdığı addımlarında nümayiş etdirərək  bugümüz və gələcəyimiz üçün möhkəm baza yaratdı.

Ümummilli lider Heydər Əliyevin  hakimiyyətinin birinci dövründə gördüyü işlər  ölkənin formalaşdırılmasına hesablanmışdırsa, 1993-cü ildə xalqın təkidli tələbi ilə  hakimiyyətə qayıdışı  Azərbaycanın  əsl Qurtuluşu oldu. Ulu Öndər bildirirdi ki,  müstəqilliyi əldə etmək nə  qədər çətindirsə,  onu qoruyub saxlamaq,  dönməz etmək ondan da çətindir. Bu baxımdan dövlətçiliyimizin  möhkəmləndirilməsində dahi şəxsiyyət Heydər Əliyevin xidmətləri əvəzsizdir.

Dahi şəxsiyyət Heydər Əliyevin 1969-1982-ci illər ərzində Azərbaycana rəhbərlik etdiyi dövrdə həyata keçirilən islahatlar və görülən strateji tədbirlərin fonunda respublikamız sürətlə inkişaf edərək SSRİ miqyasında xüsusi çəkiyə malik olan respublikaya çevrilmişdi. Ulu Öndər 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayanda Azərbaycan Respublikası Sovet İttifaqının müttəfiq respublikaları arasında bütün göstəricilərə görə axırıncı yerlərdə idi. Onun  ölkəyə rəhbərlik etdiyi dövrdə sənaye, o cümlədən yüngül sənaye və  kənd təsərrüfatı ən parlaq inkişaf dövrünü yaşamışdır. Əgər Azərbaycan SSRİ miqyasında yalnız xammal mənbəyi kimi çıxış edərək inkişaf tempinə görə ən geridə qalmış respublika kimi səciyyələndirilirdisə, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən işlərin fonunda ölkəmiz sürətli inkişaf tempinə malik oldu və bütün sahələrdə mütəmadi inkişaf göstəriciləri ilə diqqətdə dayandı.

Müstəqil Azərbaycan dövlətinin təməl prinsiplərinin müəllifi Ulu Öndər Heydər Əliyevdir. Bu təməl prinsipləri yalnız bu gün üçün deyil, eyni zamanda, gələcəyə yönəlib. Ümummilli Lider ilk gündən dünyanın harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlıları  vahid ideya-azərbaycançılıq ideologiyası ətrafında birliyə çağırdı. Azərbaycanın müstəqilliyinin, suverenliyinin daimiliyini təmin etmək üçün bu birliyin, həmrəyliyin yaradılması vacib amillərdən biri kimi qeyd olundu. Bu gün həmin birlik tarixi Zəfərimizdə, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsində  özünün aydın ifadəsini tapıb.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısındakı ən böyük xidmətlərindən biri məhz  Azərbaycanın gələcəyini düşünərək 2003-cü ildə xalqa tarixi müraciəti oldu. O, cənab İlham Əliyevə Özü qədər inandığını bildirdi, sona çatdıra bilmədiyi işlərin  Onun  həyata keçirə biləcəyinə əminliyini ifadə etdi. Ulu Öndərin ən böyük arzusu Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, torpaqlarımızın işğaldan azad edilərək soydaşlarımızın öz doğma yurd-yuvalarına qayıtması idi. Prezident İlham Əliyev dahi şəxsiyyətin bu arzusunu da yerinə yetirdi. Hazırda Qarabağ və Şərqi Zəngəzur dirçəlir, soydaşlarımız mərhələ-mərhələ doğma yurd-yuvalarına qayıdırlar. 30 il işğal altında qalan torpaqlarımız tarixi sahiblərinə qovuşduqları üçün sevincli günlərini yaşayırlar.  Azərbaycan Ümummilli Liderin  görmək istədiyi Azərbaycan səviyyəsinə yüksəldi. Müasir müstəqil, qalib, bütövləşən, yeni Azərbaycan yeni-yeni hədəflərə doğru inamla addımlayır.