Xəbərlər
“Ümummilli Lider Heydər Əliyev mühazirələri” layihəsi çərçivəsində növbəti görüş keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının və Bakı Dövlət Universitetinin (BDU) birgə təşkilatçılığı ilə “Ümummilli Lider Heydər Əliyev mühazirələri” layihəsi çərçivəsində YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə ilə BDU tələbələrinin görüşü keçirilib.
Giriş sözü ilə çıxış edən BDU-nun rektoru Elçin Babayev Ulu Öndər Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində və təhsil sahəsindəki müstəsna rolundan bəhs edib. O qeyd edib ki, Heydər Əliyev hakimiyyətinin bütün mərhələlərində elm və təhsilin inkişafına xüsusi diqqət göstərib: “Milli təhsil sisteminin yaradılması və müasirləşdirilməsi, yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik intellektual kadrların hazırlanması Ümummilli Liderin fəaliyyətinin əsas prioritetlərindən olub. Azərbaycanın bugünkü nailiyyətlərinin və tarixi Qələbəmizin təməlində məhz Dahi Lider Heydər Əliyevin əsasını qoyduğu sarsılmaz xalq-iqtidar birliyi dayanır”.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev isə çıxışında Heydər Əliyevin müasir Azərbaycan dövlətinin qurulmasında, onun beynəlxalq nüfuzunun möhkəmləndirilməsində və tarixi Zəfərin əldə olunmasındakı əvəzsiz xidmətlərini vurğulayıb: “Ümummilli Lider Heydər Əliyev mühazirələri” layihəsi, dahi şəxsiyyətin zəngin siyasi irsinin və dövlətçilik ideyalarının gənc nəslə çatdırılması baxımından böyük əhəmiyyətə malikdir. Layihə, həmçinin, Ulu Öndərin müdrik idarəçilik fəlsəfəsini və tarixi xidmətlərini öyrənmək üçün geniş imkanlar yaradır”.
YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə çıxışında Heydər Əliyevin uzaqgörən siyasəti və dövlət quruculuğu sahəsindəki fəaliyyətindən danışıb. O bildirib ki, Ulu Öndərin siyasi irsi Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün və xalqın firavanlığının əsas dayağıdır: “Heydər Əliyevin müəyyən etdiyi strateji xətt, Azərbaycanın bugünkü tarixi zəfərlərini və inkişafını təmin edib. Onun ideyaları ölkəmizi daha güclü, firavan və qüdrətli bir gələcəyə doğru aparır”.
Arif Rəhimzadə gənclərə Ümummilli Lider Heydər Əliyevin zəngin irsini dərindən öyrənməyi, doğru yolda irəliləməyi və mübariz ruhlu olmağı tövsiyə edib.
Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin dövlətçilik, milli inkişaf və sarsılmaz birlik prinsiplərinə əsaslanan parlaq ideyaları Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Diskussiya şəraitində davam edən görüşdə gənclərin sualları cavablandırılıb və fikir mübadiləsi aparılıb.