YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qərbi Azərbaycana qayıdış beynəlxalq hüququn tələbi kimi…

Heydər Əsədov

Milli Məclisin deputatı

Qərbi Azərbaycan qədim dövrlərdən etibarən azərbaycanlıların yaşadığı, mədəniyyət və tarixi irsini formalaşdırdığı ərazilərdən biridir. XX əsrdə baş verən etnik təmizləmə və deportasiyalar nəticəsində Qərbi azərbaycanlılar öz tarixi torpaqlarından qovulmuş və məcburi köçkün vəziyyətinə düşmüşlər.

2020-ci ilin Vətən müharibəsi doğma torpaqlara qayıdışın reallığa çevrilməsi və vacibliyini bir daha önə çəkmişdir. Azərbaycanın əldə etdiyi tarixi Zəfər bu prosesin həyata keçirilməsini daha da gücləndirmişdir.

Prezident İlham Əliyevin paytaxt Bakıda “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda keçirilən II beynəlxalq konfransın iştirakçılarına müraciətində dünyada 120 milyondan çox insanın məcburi köçürülmə problemi ilə qarşılaşdığını və yalnız beynəlxalq ictimaiyyətin birgə səyləri ilə bu problemin həllinin mümkün olduğunu vurğulamışdır. Bu müraciət Qərbi Azərbaycana qayıdışın beynəlxalq hüququn norma və prinsiplərinə əsaslandığını bir daha gündəmə gətirmişdir.

Qərbi Azərbaycana qayıdış deportasiya edilmiş əhalinin hüquqlarının bərpası nöqteyi-nəzərindən mühüm əhəmiyyət daşıyır. Azərbaycan dövləti Ermənistandan beynəlxalq öhdəliklərinə əməl etməsini tələb edir.

Qərbi Azərbaycana qayıdış prosesi strateji hədəfdir. 1989-cu ildə yaradılan Azərbaycan Qaçqınlar Cəmiyyəti Qərbi Azərbaycandan olan qaçqın soydaşlarımızın sosial və məskunlaşma məsələlərini həll etmək məqsədilə fəaliyyət göstərirdi. Prezident İlham Əliyevin təşəbbüsü ilə bu cəmiyyət 2022-ci ildə Qərbi Azərbaycan İcması olaraq yenidən qurulmuşdur. Bu addım tarixi torpaqlarımıza qayıdış istiqamətində mübarizəni daha da gücləndirərək, soydaşlarımızın təhlükəsiz və sülh şəraitində geri dönüşünü təmin edəcək “Qayıdış Konsepsiyası”nın hazırlanmasına imkan yaratmışdır.

Azərbaycanın diplomatik təşəbbüsləri doğma torpaqlara qayıdışın beynəlxalq səviyyədə geniş şəkildə müzakirə olunmasını və dünya ictimaiyyətinin bu məsələyə daha ciddi yanaşmasını təmin etməyə yönəlmişdir. Ermənistanın beynəlxalq öhdəliklərinə əməl etməsi və azərbaycanlıların Qərbi Azərbaycana qayıdışına maneə törətməməsi üçün Azərbaycan müxtəlif beynəlxalq platformalarda bu problemin həlli üçün səylərini artırır.

Qərbi Azərbaycana qayıdış regional sabitlik və sülh üçün də əhəmiyyətlidir. Ermənistanın bu prosesə qarşı çıxması bölgədə gərginlik yaratmağa yönəlib və dayanıqlı sülhün bərqərar olmasına maneə olur. Azərbaycan dövləti Qarabağ məsələsində əldə etdiyi möhtəşəm Zəfərdən sonra bu prosesi regionun gələcək inkişafı üçün mühüm bir hədəf olaraq görür.

Azərbaycan regionda sabitliyi hər zaman prioritet hesab edir və Qərbi Azərbaycana qayıdışın gerçəkləşməsi Cənubi Qafqazda qarşılıqlı hörmət və əməkdaşlığa əsaslanan bir mühitin formalaşmasına yeni imkanlar yaradacaq. Yəni bu prosesin gerçəkləşməsi bütün regionun gələcək inkişafı üçün vacibdir.

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda keçirilən və 51 ölkədən 100-dən çox nümayəndənin iştirak etdiyi ikinci beynəlxalq konfrans tarixi həqiqətlərin dünyaya çatdırılması və Azərbaycanın ədalətli mövqeyinin dəstəklənməsi baxımından çox önəmli platformadır. Nəhayət, dünya ictimaiyyəti bu məsələyə daha həssas yanaşmalı, hüquqi və siyasi addımlar atılmalıdır.

Bütövlükdə isə, Azərbaycan dövləti güclü siyasi iradəsi və beynəlxalq hüququn prinsiplərinə sadiqliyi ilə Qərbi Azərbaycana qayıdışı mütləq təmin edəcək.

DİGƏR Xəbərlər Arxiv