Xəbərlər
Raymond Bondin: Ermənilər Şuşadakı kilsəni özləri dağıtsalar da, guya azərbaycanlılar dağıdıb kimi təqdim edirdilər
İrs xalqı səciyyələndirən xüsusiyyətlərin toplusudur və buna görə də bəzi pisniyyətli qüvvələrin əlində təxribat vasitəsi kimi istifadə edilə bilər. Qərbi azərbaycanlılar bu kimi hallara qarşı çox ehtiyatlı olmalıdırlar. Məsələn, Şuşadakı kilsəni ermənilər özləri işğal dövründə dağıtmışdı, ancaq elə təqdim edirdilər ki, guya azərbaycanlılar onu dağıdıb. Daha sonra iddia etdilər ki, Azərbaycan onun görüntüsünü dəyişib, halbuki 40 il əvvəlki görüntünü dəyişəcək heç nə edilməyib.
Bu sözləri Maltanın UNESCO üzrə Milli Komissiyasının prezidenti Raymond Bondin dekabrın 5-də Bakıda keçirilən “Qayıdış hüququ – Ermənistandan zorla çıxarılan azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda ikinci beynəlxalq konfransda çıxışı zamanı səsləndirib.
O bildirib ki, Şuşadakı dağıntılar bütün ərazilərdə həyata keçirilib. Ermənilər məscidlərdən tövlə kimi istifadə ediblər. Bu, qəbuledilməz addımdır. Azərbaycan bu gün mümkün qədər bərpa işləri həyata keçirməyə çalışır ki, tarixi abidələri əvvəlki görkəminə qaytara bilsin.
"Beynəlxalq arenada Azərbaycanla bağlı qərəz, yanlış fikir çoxdur. Reallıqları təqdim edərək bunların qarşısı alınmalıdır. Qeyd edim ki, mən Qarabağda olmuşam, orada həddindən çox mina basdırılıb. Hesablamalara əsasən, işğaldan azad edilmiş ərazilərə işğal dövründə Ermənistan tərəfindən bir milyondan çox mina basdırılıb. Azərbaycan isə həmin əraziləri dirçəldir. Həmçinin tarixi və mədəni irsin qorunması işlərinə beynəlxalq gücü də cəlb etmək lazımdır", - deyə o diqqətə çatdırıb.