YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan QDİƏT-in təsisçi üzvlərindən biri kimi onun səmərəliliyinin artırılmasında maraqlıdır

Biz son onillikdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) fəaliyyətini nəzərə alaraq təşkilat daxilində davamlı islahatlar yolunun izlənilməsinin onun səmərəliliyinin artırılması üzrə davam etməkdə olan müzakirələrə dəyər qatdığına, hüquqi və təşkilati imkanlarını artırdığına, ən əhəmiyyətlisi isə çevik qərar qəbuletmə mexanizminə nail olduğuna inanırıq.

Bu fikri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 29-da Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının Nyu-Yorkda keçirilən qeyri-rəsmi iclasındakı çıxışında bildirib.

Nazir qeyd edib ki, bu qeyri-rəsmi iclas təşkilat daxilindəki son məsələlər üzrə fikir mübadiləsi aparmaq və QDİƏT-in daha geniş coğrafiyada rolu ilə bağlı ümumi fikrimizi formalaşdırmaq üçün yeni bir imkan yaradır. İslahatlar prosesi, həmçinin QDİƏT Daimi Beynəlxalq Katibliyinin ideya və təşəbbüslər formalaşdıran, eləcə də müvafiq qərar və qətnamələri yerinə yetirə bilən güclü peşəkar icraçı quruma çevrilməsinə aparmalıdır.

E.Məmmədyarov deyib: “Bizim fəaliyyətlərimiz xüsusi və razılaşdırılmış prioritetlərə əsaslanmalı, təşkilati imkanlarımıza, məhdud insan və maliyyə ehtiyatlarımıza uyğun olmalıdır. QDİƏT-in təsisçi üzvlərindən biri kimi Azərbaycan onun regiondakı əhəmiyyətli rolundan xəbərdardır və bu təşkilatın səmərəliliyinin gücləndirilməsində həqiqətən maraqlıdır. Bu baxımdan biz təşkilata qlobal inkişaf gündəliyinin dəyişən reallıqlarına daha yaxşı uyğunlaşmağa və üzvlərinin ehtiyaclarına daha yaxşı cavab verməyə kömək edən QDƏT-in islahatlar prosesini dəstəkləyirik.

Daha dəqiq desək, biz QDİƏT-in bir sıra alt qurumlarının ixtisar edilməsini və onların fəaliyyətlərinin birləşdirilməsi üçün səylərin göstərilməsini təklif edirik. Həmçinin alt qurumların əsas hissəsi kimi işçi qrupların fəaliyyətini gücləndirmək də əhəmiyyətlidir.

Azərbaycan bunu nəzərə alaraq, gömrük məsələləri və elm və texnologiya üzrə işçi qruplarının ölkə əlaqələndiricisi vəzifələrini öz üzərinə götürüb. Biz bu qrupların əhəmiyyətli siyasi məsələlərin müzakirə edildiyi və bu işçi qruplar çərçivəsində əməkdaşlığın təkmilləşdirilməsi üçün yol xəritələrinin qəbul edildiyi iclaslarına ev sahibliyi etdik. Azərbaycan QDİƏT-in işinə gələcəkdə də töhfə vermək məqsədilə informasiya- kommunikasiya texnologiyaları üzrə işçi qrup çərçivəsində ölkə əlaqələndiricisinin vəzifələrini könüllü şəkildə öz üzərinə götürüb. Biz İKT ilə birlikdə elmi inkişafın QDİƏT regionunda müvəffəqiyyətli əməkdaşlığın ümidverici sahələrindən biri olmasına inanırıq. Biz müvafiq sahələrdə ümumi səylərimizin təsirini şübhəsiz olaraq gücləndirə biləcək təcrübə mübadiləsi və layihə icrası üçün qənaətbəxş ehtiyatları ayıra və interaktiv işçi platformanı yarada biləcək vəziyyətdəyik.

Təşkilatın fəaliyyətinin praktiki üsullarına gəldikdə, biz onun hazırda üzləşdiyi problemlərin öhdəsindən effektiv şəkildə gəlməsi üçün QDİƏT-in maliyyə və büdcə sisteminin gücləndirilməsinin qaçılmaz şərt olmasını düşünürük”.

Elmar Məmmədyarov bildirib ki, iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi QDİƏT-ə üzv dövlətlərin üzləşdiyi çoxsaylı və kompleks problemlərə adekvat və vaxtında cavab verilməsindən asılıdır. Qeyri-stabilliyin əsas mənbələrindən biri olan və iqtisadi inkişaf üçün ciddi əngəl yaradan davam edən silahlı münaqişələrin mövcudluğu tam həcmli regional əməkdaşlıq üçün əsas maneələrdən biridir. Bu məqsədlə özünün islahatlarla bağlı prinsiplərini müəyyən edərkən təşkilatımız QDİƏT regionunda mövcud olan və potensial təhdidləri nəzərdən qaçırmamalı, onlara adekvat və vaxtında cavab verməyə hazır olmalıdır. Regionda uzunmüddətli sülhün, stabilliyin və əməkdaşlığın bu münaqişələrin dövlətlərin beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığı, suverenliyi və ərazi bütövlüyü əsasında həllini tələb etməsini deməyə ehtiyac yoxdur.

 

DİGƏR Xəbərlər Arxiv