Xəbərlər
“Ümummilli Lider Heydər Əliyev mühazirələri” layihəsi çərçivəsində tələbələrlə görüş keçirilib
Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının və Bakı Dövlət Universitetinin (BDU) birgə təşkilatçılığı ilə “Ümummilli Lider Heydər Əliyev mühazirələri” layihəsi çərçivəsində YAP Veteranlar Şurasının üzvü, məşhur “91-lər”dən biri Sudeif İmamverdiyev ilə BDU tələbələrinin görüşü keçirilib.
Giriş sözü ilə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev müasir müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafının Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edib. O bildirib ki, Ulu Öndərin zəngin irsinin, azərbaycançılıq ideologiyasının tələbə-gənclərə aşılanması onların milli ruhda formalaşması üçün vacib addımlardan biridir. YAP tərəfindən bu istiqamətdə çoxşaxəli tədbirlər görülür, ölkənin ali təhsilinin flaqmanı olan BDU da bu işə öz layiqli töhfəsini verir.
Qeyd olunub ki, fəaliyyətinin hər dövründə zamanı əməlləri ilə zənginləşdirən Ulu Öndər Heydər Əliyevin ən əsas, müqəddəs istəyi xalqın birliyinə söykənən güclü, möhtəşəm, qüdrətli müasir dövlətin yaradılması olmuşdur. Ümummilli Lider Heydər Əliyev milli dövlətçilik ideyalarını hər şeydən üstün tutmuşdur. Ulu Öndər Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və gələcəyə aparan yolları müəyyən etmişdir.
Qürur və iftixar hissi ilə qeyd edə bilərik ki, Ümummilli Liderimizin siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla və inamla davam etdirilir, güclü və nüfuzlu Azərbaycan yeni zirvələr fəth edir.
BDU rektorunun elm və təhsil üzrə müşaviri Aydın Kazımzadə Ulu Öndərin məzunu olması ilə fəxr etdiyi və ölkənin ən qədim ali təhsil müəssisəsi olan Bakı Dövlət Universitetində bu cür görüşlərin keçirilməsinin rəmzi mənası ilə yanaşı, xüsusi mənəvi yükünün olduğunu bildirib. Qeyd edib ki, fəaliyyəti ilə ölkədə yüksəkixtisaslı kadrların hazırlığı məktəbinin əsasını qoymuş Universitet hazırda bu missiyanı layiqli şəkildə davam etdirir. Hələ Ümummilli Liderin respublikamıza birinci dəfə rəhbərlik etdiyi dövrlərdən BDU-ya göstərilən xüsusi diqqət və qayğı bu gün onun siyasi varisi, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
YAP Veteranlar Şurasının üzvü Sudeyif İmamverdiyev məruzəsində Ümummilli Lider Heydər Əliyevin fəaliyyətində təhsil siyasətinin rolundan bəhs edib. O bildirib ki, Ulu Öndərin milli mənafeyimizə əsaslanan təhsil siyasəti ölkəmizin davamlı və dayanıqlı inkişafına xidmət edib: “Ulu Öndər 1969-1982-ci illərdə kadrların milliləşdirilməsi istiqamətində sistemli tədbirlər görməyə başladı. Dövlət qurumlarında azərbaycanlı kadrlar irəli çəkildi, azərbaycanlı gənclər keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almağa göndərildi, ana dilimizə diqqət artırıldı, çoxlu təhsil müəssisələri açıldı, iqtisadiyyatımız inkişaf etdi. Bütün bunlar müstəqil dövlətin təməl daşları idi.
Ulu Öndərin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışı Azərbaycanı böyük bəladan – parçalanma təhlükəsindən xilas etdi. Ümummilli Liderin Azərbaycan xalqına ən böyük ərmağanı isə özündən sonra Prezident İlham Əliyev kimi siyasi varisini yetişdirməsidir. O siyasi varis ki, ata vəsiyyətini yerinə yetirərək, 30 illik erməni işğalına son qoydu, suverenliyimizi bərpa edərək, tarixi qələbəni Azərbaycana yaşatdı”.
Daha sonra tələbələrin sualları cavablandırılıb.