YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

COP29: Azərbaycanın beynəlxalq nüfuzunun təsdiqi və təqdimatı

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

“Mən şübhə etmirəm ki, COP29 beynəlxalq konfransını da biz yüksək səviyyədə keçirəcəyik, bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Eyni zamanda, Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək”. Dövlət başçısı İlham Əliyev ötən ilin dekabrında COP29-un ölkəmizdə keçirilməsi ilə bağlı müşavirədə bu mühüm məqamı da xüsusi qeyd etdi ki, bu hadisənin önəmi, o cümlədən ondadır ki, bu qərar antiterror əməliyyatından iki ay yarım sonra qəbul olundu və beləliklə, bir daha bütün dünya ictimaiyyəti Azərbaycana öz dəstəyini ifadə etdi. Bakıda COP29 konfransının keçirilməsi beynəlxalq aləmin hər bir üzvünün razılığı ilə mümkün olmuşdur. Yəni, burada yekdil mövqe bir daha özünü göstərdi.

Noyabrın 11-23 tarixlərində dünyanı Azərbaycana toplayan COP29 Azərbaycanın malik olduğu imkanların, beynəlxalq nüfuzunun təsdiqi və təqdimatı oldu. Cənab İlham Əliyev noyabrın 24-də sosial şəbəkə hesablarında COP29-un nəticələri ilə bağlı paylaşımında Bakı nailiyyətini  çoxtərəfliliyin təntənəsi kimi qiymətləndirərək bildirdi ki, tədbir iqlim diplomatiyasında dönüş nöqtəsidir və  bu irs gələcək qlobal iqlim fəaliyyətinə müsbət təsir göstərəcək. “Yaşıl dünya naminə həmrəylik” şüarını rəhbər tutan Azərbaycan bitərəf vasitəçi kimi çıxış edərək danışıqların qərəzsiz aparılması üçün bütün imkanları yaratdı. Bütün proses boyu Azərbaycan inkişaf etməkdə olan ölkələrin, xüsusilə kiçik ada dövlətlərinin və ən az inkişaf etmiş dövlətlərin ehtiyaclarını nəzərə alan nəticə əldə etməyə çağırış etdi. Çünki onlar iqlim dəyişmələrinin ağır yükünü daşıyırlar və ekzistensial təhlükə ilə üzləşirlər. Biz, həmçinin müstəmləkə idarəçiliyi ilə daha da ağırlaşan ekoloji problemlərdən əziyyət çəkən xalqlar və regionlar ilə həmrəylik nümayiş etdirdik.

Prezident İlham Əliyev həmin paylaşımında bu reallığı da diqqətə çatdırdı ki, genişmiqyaslı və planlaşdırılmış böhtan, qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə müvəffəq oldu.

Dövlətimizin başçısı İlham Əliyev COP29 çərçivəsində keçirilən Liderlərin Sammitində  tədbirə hazırlıq işlərinin başlandığı ilk gündən ölkəmizin təbii sərvəti olan neft-qazı bəhanə gətirərək Azərbaycana qarşı təxribatlarını bu istiqmətdə intensivləşdirən ABŞ-ın, Qərbin, ermənipərəst beynəlxalq təşkilatların ittihamlarının heç bir əsası olmadığını əsaslı şəkildə diqqətə çatdırdı. Cənab İlham Əliyev  dünyada sənaye üsulu ilə ilk neftin hasil olunduğu ölkəmizə qarşı qarayaxma kampaniyasının məqsədli, eyni mənbədən qaynaqlanan təxribat adlandıraraq qara qüvvələrə ədalət meyarını, prinsipiallıqlarını unutmamalarını tövsiyə etmişdi: “Yaxşı olardı ki, ən azı onlar özlərinə və Azərbaycandan 10 dəfə artıq neft hasil edən özlərinin qonşuluğundakı ölkəyə baxsınlar. Azərbaycanın qlobal qaz atılmalarındakı payı cəmi 0,1 faizdir”.

Azərbaycanda işsizliyin səviyyəsinin 5,4, yoxsulluğun 5,2 faiz olduğunu, ölkə üzrə xarici borcun ÜDM-in cəmi 7,5 faizini təşkil etdiyini unudaraq  ölkəmizə kütləvi qarayaxma kampaniyası aparan Qərbin, ABŞ-ın ikili standartlardan qaynaqlanan təxribatlarının heç bir nəticə verməyəcəyini bildirən dövlətimizin başçısı  iki il bundan əvvəl Avropa Komissiyasının sədri ilə imzalanan və qitə dövlətlərinin enerji təhlükəsizlinin təminatına töhfə olan Memorandumu xatırlatdı: “Azərbaycan qazına çıxışı olan on ölkədən səkkizi Avropada yerləşir. Avropa Komissiyası, həmçinin bizdən xahiş edib ki, biz qaz təchizatını 2027-ci ilə qədər iki dəfə artıraq. Bu, Avropa Komissiyasının sədri və mənim tərəfimdən iki il öncə Bakıda imzalanmış bəyannamədə əks olunub. Əfsuslar olsun ki, ikili standartlar, digər ölkələrə dərslər vermək adəti və siyasi riyakarlıq bəzi qərb ölkələrindəki bir sıra siyasətçilər, dövlət nəzarətində olan QHT-lər, yalan xəbər mediası üçün fəaliyyət metoduna çevrilib”.

İstər neft, qaz, külək, günəş, qızıl, gümüş və mis – bunların hamısı təbii sərvətlərdir. Ölkələr onların olmasına görə günahlandırılmalı və bazarda onlara tələbatın olması səbəbindən onları bazara çıxardıqlarına görə suçlanmalı deyillər. İnsanlara onlar lazımdır. COP29 tədbirində bir daha bu çağırış olundu ki, Azərbaycan  yaşıl keçidin güclü carçısı olacaq və bunu edir. Eyni zamanda, biz realist olmalıyıq.

Bakıda 1,3 trilyon dollar yeni iqlim maliyyəsi hədəfi seçilib. Bakı Maliyyə Məqsədi əhəmiyyətli artım nümayiş etdirərək 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon  dollar həcmində iqlim maliyyəsinin təmin edilməsi üçün yeni qlobal hədəf qoyur. Buraya əvvəlki 100 milyard  dollar həcmində hədəfi üç dəfə üstələyən 300 milyard  dollar həcmində yeni əsas maliyyə hədəfi daxildir. Azərbaycanın COP29 Sədrliyi olaraq apardığı intensiv çoxtərəfli diplomatiya nəticəsində Bakı Maliyyə Məqsədi və BMT karbon bazarları üzrə əldə edilmiş irəliləyişlər gözləntiləri üstələdi. Geosiyasi parçalanmanın müşahidə edildiyi bir ildə bir çox insanlar Azərbaycanın buna nail ola biləcəyinə şübhə edirdilər. Hamının razılaşa biləcəyinə şübhə ilə yanaşırdılar. Onlar hər iki məsələdə yanıldılar. Tərəflər BMT İqlim Dəyişmələri Konfransına ev sahibliyi edən Azərbaycan Respublikası Hökumətinin və Azərbaycan xalqının qlobal ictimaiyyətə xidmətlərini yüksək qiymətləndirdilər.

COP29 iştirakçılarının hər biri tədbirin yüksək səviyyədə təşkilatçılığını, uğurlu nəticələrini təqdir edərək bu qənaəti bildirdilər ki, Bakı irəliləyişi  qarşıdan gələn fırtınaların qarşısını almağa kömək edəcək.

DİGƏR Xəbərlər Arxiv