YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyasi ikiüzlülüyün növbəti nümunəsi

Pərvanə Vəliyeva

Milli Məclisin deputatı

Belçikanın Federal, Flaman, Valon və Brüssel parlamentlərinin 20 üzvü Azərbaycan hökumətinə və COP29-da iştirak edən Belçika hökuməti nümayəndə heyətinə müxtəlif absurd tələbləri ehtiva edən bəyanatla müraciət ediblər.

Müraciətdə Bakıda keçirilən COP29 iqlim konfransı münasibətilə guya Azərbaycanda saxlanılan, hərbi əsir olan ermənilərin azad edilməsinə çağırış edilib.

Unudan və ya özünü bilməməzliyə vuran bəzi Qərb dairələrinə bir daha xatırladırıq ki, Azərbaycan Vətən müharibəsi zamanı əsir götürdüyü erməni əsilli hərbiçilərə münasibətdə humanizm nümayiş etdirərək onların hamısını azad edib. İstinad edilən şəxslər isə müharibədən 3 il sonra, fərqli qanun pozuntuları, habelə terrorçuluğu maliyyələşdirmə, dövlət sərhədini qanunsuz keçmə, həmçinin, müharibə və insanlıq əleyhinə cinayətlərdə və s. ittiham olunaraq həbs ediliblər.

30 il öncə Qarabağ və Şərqi Zəngəzurda yaşayan azərbaycanlılara amansız işgəncələr verərək, insanlıq adına bütün vəhşilikləri törədərək yüz minlərlə azərbaycanlını öz evindən, Vətənindən didərgin salan və həmçinin, etdikləri qanunazidd əməlləri, o cümlədən Azərbaycanın şəhərlərini raketlərlə atəşə tutaraq mülki əhalini qəsdən qətlə yetirməsini öz ifadəsi ilə etiraf edən cinayətkarlar hərbi əsir hesab edilə bilməz. Belçika parlament üzvlərinin məsələnin mahiyyətinə varmadan, erməni diasporunun dezinformasiyaları əsasında çıxış etməsi beynəlxalq hüquqa təhqirdir.

Sözügedən parlamentarilərin digər tələbi isə Qarabağın erməni mədəni irsinin qorunması ilə bağlıdır. Azərbaycan öz ərazisində olan bütün tarixi və mədəni abidələrə hansı xalqa mənsubiyyətindən asılı olmayaraq xüsusi diqqətlə yanaşmaqla yanaşı, onların qorunması və bərpası, mədəni irs nümunəsi kimi inventarizasiyası üzrə əsaslı işlər görür. Azərbaycan tolerant, multikultural, bütün dinlərin qovuşduğu, etnik xalqların əmin-amanlıqla, bərabərhüquqlu əsaslarla yaşadığı ölkədir. Bu faktlar hətta Roma Papası tərəfindən dəfələrlə xüsusi vurğulanmışdır.

Ermənistandan tarixdə 4 dəfə deportasiya edilmiş azərbaycanlıların isə Ermənistanda mövcud mədəni irsi sonuncu 1987-1991-ci il deportasiyasından sonra tamamilə dağıdılmış, həmçinin məzarlıqlara qarşı vandalizm aktlarına dair əsaslı faktlar mövcuddur. Bu xüsusda, 30 il müddətində Qarabağda viran qoyulan Azərbaycan mədəni irsinin bərpası üzrə lazım olan məbləğ milyardlarla ölçülür. Ermənistan buna görə təzminat ödəməlidir. Sözügedən parlamentarilərin Qarabağın azərbaycan mədəni irsinin dağıdılması faktına biganə qalması isə onların Azərbaycana qarşı siyasi ikiüzlülüyündən xəbər verir.

Belçikalı parlamentarilərin müraciətdə qeyd olunan digər bir tələbi olan Ermənistana qarşı hərbi təcavüz iddiası - Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə təhdid deməkdir və qəbuledilməzdir. Azərbaycan Silahlı qüvvələri ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərində hərbi əməliyyatlar aparariq, 30 illik Ermənistanın işğalına son qoymuşdur.  Hazırda isə Azərbaycan Ermənistanla sülhə təşəbbüs edən və sülh danışıqlarını başladan, sülh müqaviləsinin mətnini tərtib edən tərəfdir. Bu xüsusda, Belçika parlament üzvlərinin hərbi təcavüz iddiası regiondakı sabitliyi pozmaq və qızışdırmaq cəhdidir.

Bəyanatı imzalayan siyasi partiyalar özünün ermənispərəst ideologiyaları ilə bilinən, Ermənistanı müharibəyə sövq etməyə çalışan erməni diasporunun maliyyəsi ilə danışdırdığı “muzdlu əsgərləridir”.

COP29-a ev sahibliyi edən ölkə kimi öncülüyü ilə seçilən və iqlim maliyyəsi üzrə yeni hədəfə nail olunan ölkə kimi tarixə düşən Azərbaycanın bu uğurunu həzm edə bilməyən Qərb dövlətləri parlamentlərinə ötürdükləri tezislər əsasında absurd bəyanatlar qəbul etməklə heç nə əldə etməyəcəklər. Əksinə onlar bu konfransı, yəni BMT tədbirini qaralamaqla, uğurlara kölgə salmaqla, öz zəif iştirakçılıqları ilə məsuliyyətlərindən, üzərlərinə götürüb, imza atdıqları öhdəliklərdən yayınmış olurlar.

Həmçinin, müraciətdə Belçikanın COP29 nümayəndə heyətinə 2021-ci il və 2024-cü illərdə Belçika parlamentində qəbul edilən Qarabağla bağlı qətnamələrin tələbləri nəzərə alınaraq konfransda iştirak etməmələri tövsiyə olunub. Konfransla və iqlim dəyişmələri ilə heç bir əlaqəsi olmayan siyasi məsələnin nümayəndə heyətinə tövsiyə edilməsi və onların bu tələbi necə istifadə və icra edəcəyini anlamaq elə də çətin deyil. Bu, özünü Azərbaycanın dünyanın gələcəyi naminə çağırış etdiyi öhdəlik və bəyannamələrə Belçika tərəfindən qoşulmamaqla büruzə verəcəkdir.

Lakin öz siyasi maraqlarından çıxış edən Belçika parlamenti bir məsələni unudur ki, COP29-da qəbul edilən bugünkü qərarlar sabah üçündür və qlobal dünyaya, o cümlədən Belçika xalqına aiddir.  

DİGƏR Xəbərlər Arxiv