YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Neftçalada Yeni Azərbaycan Partiyasının 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Neftçala rayon təşkilatı tərəfindən partiyanın 32-ci ildönümü ilə əlaqədar ümumrayon tədbiri keçirilib.

Tədbirdə YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, hüquq mühafizə orqanlarının rəhbərləri, ərazi partiya təşkilatlarının sədrləri, partiyanın veteran və fəal üzvləri iştirak ediblər.

Tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

İlk olaraq çıxış edən YAP Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev bildirib ki, Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlarla üz-üzə qaldığı bir dövrdə ölkə ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır: “Partiya 32 ildir ki, ölkəmizin ictimai-siyasi həyatının lokomotivi rolunda çıxış edir. Qısa müddət ərzində ümumxalq partiyasına çevrilmiş Yeni Azərbaycan Partiyası yarandıqdan bu günə qədər şərəfli və uğurlu yol keçmişdir. YAP-ın 2005-ci il 26 mart tarixində keçirilmiş III qurultayında partiyanın yeni sədri cənab İlham Əliyev seçildi. Bununla da, partiyanın yeni inkişaf mərhələsinin başlanğıcı qoyuldu. İqtisadi inkişaf, sosial təminatın güclənməsi, beynəlxalq nüfuzunun artması bizi hədəflərimizə daha da yaxınlaşdırdı. Xalqın milli birliyi əsas hədəfimiz olan Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad olunmasını reallığa çevirdi”.

Daha sonra partiyanın veteran üzvü Oqtay Kərimov, ərazi partiya təşkilatının sədr müavini Samir Cəfərov, yeni partiya üzvləri adından isə Nazilə Əhmədli çıxış ediblər. Qeyd olunub ki, Yeni Azərbaycan Partiyasının yaradılması müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynayıb. Dövlətimizin başçısının rəhbərlik etdiyi partiyanın cəmiyyətdə böyük inam və etimada sahib olduğu vurğulanıb.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxışında Ulu Öndər Heydər Əliyevin Yeni Azərbaycan Partiyasını dünənin, bu günün və gələcəyin partiyası kimi dəyərləndirdiyini vurğulayıb: “Bu tezis bütün dövrlərdə öz aktuallığını qoruyaraq partiyanın fəaliyyətinə bələdçilik edir. 2003-cü ildən Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası daha da təkmilləşərək regionun aparıcı siyasi təşkilatına çevrildi. Hazırda partiyanın sıralarında 730 mindən çox üzvün birləşməsi Heydər Əliyev ideyalarına sədaqətin göstəricisidir”.

Tədbirdə, həmçinin Yeni Azərbaycan Partiyasının 32 illik fəaliyyət xronikasını əks etdirən videoçarx nümayiş olunub.

Sonda YAP Neftçala rayon təşkilatı və Neftçala Rayon İcra Hakimiyyəti tərəfindən bir qrup şəxs rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə Fəxri fərmanlarla təltif olunub. YAP sıralarına yeni qəbul edilən üzvlərə partiya vəsiqələri təqdim olunub.