YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tərtər rayonunda YAP-ın 32-ci ildönümü münasibətilə tədbir keçirilib

Tərtər rayonunda Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, idarə, müəssisə və təşkilat rəhbərləri, ərazi partiya təşkilatlarının sədrləri, partiya fəalları iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Mərkəzi Meydanda Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyub, Dahi Liderin xatirəsini dərin hörmətlə anıblar.

Daha sonra Tərtər Rayon İcra Hakimiyyətinin akt zalında tədbirin rəsmi hissəsi keçirilib. Tədbirdə ilk öncə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov Yeni Azərbaycan Partiyasının yaranma tarixi və qazandığı uğurlar haqqında danışıb. O bildirib ki, YAP yarandığı gündən hüquqi, demokratik dövlət quruculuğu istiqamətində mühüm işlər görüb və təşkilatlanma mərhələsini uğurla başa vurub. Vurğulanıb ki, partiya, xalqın dəstəyi və Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində ölkəni böhran vəziyyətindən çıxarmaq üçün əhəmiyyətli addımlar atıb. Eldar Əsədov qeyd edib ki, YAP-ın fəaliyyətinin mərkəzində xalqa və dövlətə xidmət dayanır ki, bu da onun qısa müddətdə ümumxalq partiyasına çevrilməsinə səbəb olub.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxışında Azərbaycanın ən çətin dövründə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının tarixi əhəmiyyətini vurğulayıb. O, Ulu Öndərin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışının ölkəni xilas etdiyini və milli birliyin təmin olunmasında əsas rol oynadığını qeyd edib.

Tədbirdə digər çıxış edən Baytarlıq ərazi partiya təşkilatının sədri Murad Cəfərov, Ağdərə-Sərbəst ərazi partiya təşkilatının sədr müavini Vüsalə Ələsgərova, Qarabağ Regional Mədəniyyət İdarəsinin Tərtər rayonu üzrə nümayəndəsi Ceyhun İsmayılzadə, Hüsənli ərazi partiya təşkilatının sədri Gülüstan Əhmədova və Mamırlı ərazi partiya təşkilatının sədri Əli Əzimov YAP-ın keçdiyi şərəfli yoldan, ölkənin siyasi, iqtisadi və sosial inkişafındakı mühüm rolundan danışıb.

Tədbirin sonunda YAP sıralarına yeni qəbul olunmuş şəxslərə partiya vəsiqələri təqdim olunub. Həmçinin yüksək siyasi fəallığı ilə seçilən partiya üzvləri Fəxri fərmanlarla təltif edilib.

Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

DİGƏR Xəbərlər Arxiv