Xəbərlər
Laçında YAP-ın yaranmasının 32-ci ildönümü qeyd edilib
Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatı tərəfindən partiyanın yaradılmasının 32-ci ildönümü münasibətilə tədbir keçirilib.
Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib.
Sonra YAP-ın yaradılmasının 32-ci ildönümünə həsr edilmiş videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov bildirib ki, 1992-ci il noyabrın 21-də təsis edilən Yeni Azərbaycan Partiyasının Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla həyata keçirilən fəaliyyət proqramının əsas istiqamətləri Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi, demokratik, hüquqi və dünyəvi cəmiyyətin qurulması, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik və sosialyönümlü iqtisadiyyatın qurulmasından ibarət olub: “Partiya 32 il ərzində ardıcıl və məqsədyönlü şəkildə bütün hədəflərə çatıb. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına cavab olaraq başladığı Vətən müharibəsində əldə olunan tarixi Zəfər və 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi və ərazi bütövlüyü tam təmin edilib.
Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin rəsmisi Hüseyn Quliyev öz çıxışında Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının yaranmasından və partiyanın 32 illik fəaliyyəti dövründə əldə olunan uğurlardan danışıb, Laçında aparılan bərpa quruculuq işlərindən və gələcəkdə həyata keçiriləcək perespektiv layihələrdən bəhs edib.
Digər çıxışçılar - YAP veteranları Qəzənfər Hüseynov və Səyyaf Məmiyev, İkinci Qarabağ müharibəsi qazisi Taleh İsgəndərli, rayon ziyalısı Oktay İsgəndərov və Laçın rayon Sus kənd tam orta məktəbin direktor müavini Rəsmiyyə Nağıyeva Yeni Azərbaycan Partiyasının xalqın sevgisini və dəstəyini qazandığını, ölkədə sabitliyin təminatında xüsusi rola malik olduğunu, eləcədə bu gün Azərbaycanın aparıcı siyasi qüvvəsi olan bu partiyanın yalnız regionda deyil, həm də beynəlxalq arenada böyük nüfuzu ilə tanındığını bildiriblər.
Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya üzvü Fəxri fərmanla təltif edilib.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
Sonra Yeni Azərbaycan Partiyasının yaradılmasının 32-ci ildönümü münasibətilə Laçın rayonunun Zabux kəndində ağacəkmə aksiyası keçirilib. “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ölkə ərazisində yaşıllıq sahələrinin genişləndirilməsinə, ətraf mühitin qorunmasına və qlobal iqlim dəyişmələrinin qarşısının alınmasına töhfə vermək məqsədilə YAP Laçın rayon təşkilatı, Prezidentin Laçın rayonu üzrə Xüsusi Nümayəndəliyi və Şərqi Zəngəzur Regional Təhsil İdarəsi Laçın rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə Zabux kəndində 150 ağac əkilib.