Xəbərlər
Nəsimi rayonunda YAP-ın təsis olunmasının 32-ci ildönümünə həsr edilən tədbir keçirilib
Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı partiyanın təsis edilməsinin 32-ci ildönümünə həsr edilən tədbir keçirib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin büstü önünə tər güllər düzülüb, Ulu Öndərin əziz xatirəsi dərin ehtiramla anılıb.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Yeni Azərbaycan Partiyasının 32 illik fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov bildirib ki, Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlarla üz-üzə qaldığı bir dövrdə ölkə ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranıb: “Yeni Azərbaycan Partiyasının yaradılması ilə Azərbaycanın xilasının, tərəqqi yoluna çıxmasının əsası qoyuldu. Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının keçdiyi 32 illik şərəfli yol ölkəmizin ictimai-siyasi həyatında əhəmiyyətli rol oynamaqla yanaşı, müasir dövrdə beynəlxalq aləmdə tanınan nüfuzlu partiyalar sırasında olması dahi şəxsiyyətin uzaqgörən, müdrik siyasətinin nəticəsidir”.
YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı xalqın Ümummilli Lider Heydər Əliyevə olan inamının tez bir zamanda siyasi səhnədə parlayan Yeni Azərbaycan Partiyasının tarixi məsuliyyəti öz üzərinə götürməsinə imkan verdiyini diqqətə çatdırıb. Qeyd edib ki, Yeni Azərbaycan Partiyası ölkəmizdə davamlı islahatların həyata keçirilməsinə, ictimai-siyasi sabitliyin qorunmasına, Azərbaycanın inkişafına, dövlət müstəqilliyimizin güclənməsinə, ölkəmizin beynəlxalq nüfuzunun artmasına milsilsiz töhfələr verib.
Milli Məclisin deputatı Asif Əsgərov vurğulayıb ki, Yeni Azərbaycan Partiyası xalqın mənafelərinə xidmət etmək, ölkəmizin qarşısında duran məsələləri həll etmək üçün zamanın tələblərinə uyğun olaraq zərurətdən yaranmış bir partiyadır. Hakim partiya müstəqil Azərbaycan tarixində öz üzərinə böyük tarixi missiya götürərək dövlət müstəqilliyimizin qorunub, möhkəmləndirilməsində müstəsna rol oynayıb. Danılmaz faktdır ki, bir siyasi təşkilat kimi təşəkkül tapan Yeni Azərbaycan Partiyasının keçdiyi yol, əldə etdiyi uğurlar, nailiyyətlər Azərbaycanın dövlətçilik salnaməsidir.
YAP İdarə Heyətinin üzvü, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektor əvəzi Vazeh Əsgərov çıxışında qeyd edib ki, son 32 ildə partiya məfkurəsinin əsasını müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri təşkil edib.
Sonra bir qrup partiya fəalına təşəkkürnamələr, yeni üzvlərə isə vəsiqələr təqdim edilib. Yeni partiya üzvləri adından çıxış edən ehtiyatda olan general-mayor Natiq Əliyev Yeni Azərbaycan Partiyasının bundan sonra da mühüm nailiyyətlərə imza atacağını vurğulayıb.
Tədbir Yeni Azərbaycan Partiyasının himni səsləndirilməsi ilə yekunlaşıb.