Xəbərlər
Gədəbəy rayonunda YAP-ın 32-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilib
Gədəbəy rayonunda Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 32-ci ildönümü münasibətilə YAP rayon təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə keçirilən silsilə tədbirlər davam etdirilir.
Bununla bağlı YAP Gədəbəy rayon təşkilatının Parakənd, Qoşabulaq, Samanlıq, Xarxar və Zəhmətkənd ərazi partiya təşkilatlarında tədbirlər keçirilib.
Tədbirlərdə çıxış edən natiqlər Yeni Azərbaycan Partiyasının ölkəmizin siyasi sabitliyində və tərəqqisində mühüm rolunu qeyd ediblər. Vurğulanıb ki, partiya 1990-cı illərin əvvəllərindəki siyasi təlatümlərə, xüsusən də Sovet İttifaqının dağılmasından sonra yaranmış xaos və qeyri-sabitliyə qarşı mübarizə aparmaq üçün tarixi zərurətdən yaranıb. Onlar YAP-ın sürətlə əsas siyasi qüvvəyə çevrildiyini, ölkəni sabitliyə, milli birliyə, inkişafa doğru apardığını, Azərbaycanın müasir dövlətçiliyinin əsasını qoymuş Ümummilli Lider Heydər Əliyevin mühüm töhfələrini, Prezident İlham Əliyevin rəhbərliyi ilə partiyanın davamlı uğurlarını qeyd ediblər.
Həmçinin, natiqlər öz çıxışlarında Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, cənab İlham Əliyevin Sədrliyi ilə YAP-ın gələcəkdə daha da qüdrətlənməsinə inamlarını ifadə ediblər.