YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xarici işlər naziri Bert Koenders: Niderland Azərbaycan ilə əməkdaşlığın inkişafında maraqlıdır

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov sentyabrın 27-də Nyu-Yorkda Niderland Krallığının xarici işlər naziri Bert Koenders ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Elmar Məmmədyarov Avropa Parlamentinin Azərbaycan haqqında qəbul etdiyi qətnamənin qərəzli və qəbuledilməz olduğunu, antiazərbaycan və islamofobiya meyilli xarakter daşıdığını, Azərbaycan ilə Avropa İttifaqı arasındakı əlaqələrə ciddi zərbə vurduğunu diqqətə çatdırıb.

Bert Koenders 2016-cı ilin birinci yarısından etibarən ölkəsinin Avropa İttifaqına sədrlik edəcəyini bildirib, Niderlandın Azərbaycan ilə əlaqələrin, xüsusilə enerji sahəsində əməkdaşlığın inkişafında maraqlı olduğunu vurğulayıb.

Elmar Məmmədyarov güc tətbiq edərək dövlətlərin sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməz olduğunu deyib, Ermənistanın Azərbaycana qarşı təcavüzü, danışıqlar prosesində rəsmi Yerevanın qeyri-konstruktiv mövqeyi, işğal və təcavüzə əsaslanan status-kvonu davam etdirmək siyasəti barədə məlumat verib. O, münaqişənin həlli üçün BMT Təhlükəsizlik Şurasının müvafiq dörd qətnaməsinə uyğun olaraq Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu vurğulayıb.

Görüşdə miqrasiya, radikalizm və ksenofobiya meyilləri kimi məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Azərbaycan xarici siyasət idarəsinin rəhbəri artan islamofobiya və ksenofobiya meyillərinin ciddi narahatlıq doğurduğunu diqqətə çatdırıb.

O, Azərbaycanın zəngin və nümunəvi multikulturalizm ənənələri haqqında məlumat verərək ölkəmizin təcrübəsində bu konsepsiyanın uğurlu model kimi özünü təsbit etdiyini bildirib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər ətrafında müzakirələr aparılıb.