YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan - Mərkəzi Asiya: mühüm siyasi və iqtisadi körpü

Emil Tağıyev

YAP Xaçmaz rayon təşkilatının sədri

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətləri son illərdə keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Bu proses yalnız ikitərəfli əlaqələrin genişlənməsi ilə məhdudlaşmır, eyni zamanda Azərbaycanı Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında mühüm siyasi və iqtisadi körpüyə çevirir. Prezident İlham Əliyevin Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə səsləndirdiyi fikirlər də bu əməkdaşlığın strateji mahiyyətini aydın şəkildə ortaya qoydu.  Azərbaycanın 2025-ci ilin noyabrında Məşvərət formatına tamhüquqlu üzv kimi qoşulması ölkəmizin Mərkəzi Asiya ilə münasibətlərinin inkişafında mühüm mərhələ oldu. Bu addım qarşılıqlı etimadın və Azərbaycanın region dövlətləri ilə qurduğu sıx əlaqələrin məntiqi nəticəsi idi. Dövlət başçısının qeyd etdiyi kimi, ölkəmizin bu platformada iştirakı yeni əməkdaşlıq imkanlarının meydana çıxmasına şərait yaradır.

Bu gün Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında siyasi dialoq yüksək səviyyədədir. Dövlət və hökumət başçıları arasında müntəzəm təmaslar, qarşılıqlı səfərlər və keçirilən görüşlər münasibətlərin möhkəm siyasi təməl üzərində qurulduğunu göstərir. Prezident İlham Əliyevin şəxsi diplomatik fəaliyyəti isə bu əlaqələrin inkişafında xüsusi rol oynayır. Onun təşəbbüsləri nəticəsində Azərbaycan region ölkələri ilə münasibətlərini yalnız mövcud çərçivədə saxlamaqla kifayətlənmir, yeni əməkdaşlıq istiqamətlərinin formalaşdırılmasına da fəal töhfə verir. İqtisadi sahədə əldə olunan nəticələr də diqqət çəkir. Ticarət dövriyyəsinin artması, qarşılıqlı investisiyaların genişlənməsi, nəqliyyat və logistika layihələrinin reallaşdırılması Azərbaycan ilə Mərkəzi Asiya arasında əlaqələrin praktiki məzmununu gücləndirir. Xüsusilə Orta Dəhlizin inkişafı bu baxımdan strateji əhəmiyyət daşıyır. Şərqlə Qərbi birləşdirən bu nəqliyyat marşrutu Azərbaycanı beynəlxalq logistika xəritəsində daha mühüm mövqeyə çıxarır və Mərkəzi Asiya ölkələrinin dünya bazarlarına çıxış imkanlarını genişləndirir.

Azərbaycanın enerji sahəsindəki imkanları da əməkdaşlığın yeni perspektivlərini müəyyən edir. Xəzər dənizinin enerji potensialından birgə istifadə, elektrik enerjisinin ixracı, bərpaolunan enerji layihələrinin həyata keçirilməsi region ölkələri arasında qarşılıqlı faydalı tərəfdaşlığın daha da dərinləşdirilməsi üçün geniş imkanlar yaradır. Beləliklə, nəqliyyat, enerji və ticarət bir-birini tamamlayan vahid regional əməkdaşlıq məkanı formalaşdırır. Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələrinin mühüm istiqamətlərindən biri də azad edilmiş ərazilərin bərpası prosesində əməkdaşlıqdır. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq işlərinə Mərkəzi Asiya ölkələrinin göstərdiyi diqqət xalqlarımız arasında həmrəylik və qardaşlıq münasibətlərinin real ifadəsidir. Bu ərazilərdə müxtəlif ölkələrin iştirakı ilə həyata keçirilən layihələr gələcək əməkdaşlıq üçün də nümunə yaradır.

Türkmənbaşı görüşü bütün bu proseslərin daha geniş regional müstəviyə çıxarılması baxımından əhəmiyyətlidir. Azərbaycan artıq Mərkəzi Asiya ilə münasibətlərdə yalnız tərəfdaş deyil, ümumi regional gündəmin formalaşmasına töhfə verən fəal iştirakçı kimi çıxış edir. Bu yanaşma ölkəmizin həm siyasi nüfuzunu, həm də iqtisadi və nəqliyyat imkanlarını daha səmərəli şəkildə regional inkişaf məqsədlərinə yönəltməsinə şərait yaradır. Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü siyasət nəticəsində Azərbaycan müxtəlif coğrafiyaları birləşdirən, əməkdaşlıq üçün yeni imkanlar yaradan və qarşılıqlı etimada əsaslanan regional platformaların fəal iştirakçısına çevrilib. Mərkəzi Asiya ilə münasibətlərin bugünkü səviyyəsi də məhz bu strateji xəttin nəticəsidir. Türkmənbaşı görüşündə nümayiş etdirilən qarşılıqlı maraq və siyasi iradə isə Azərbaycanla Mərkəzi Asiya arasında tərəfdaşlığın gələcəkdə daha geniş miqyas alacağını deməyə əsas verir.

DİGƏR Xəbərlər Arxiv