YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rui Maçete: Azərbaycan-Portuqaliya əlaqələrinin inkişaf etdirilməsi üçün geniş imkanlar var

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 70-ci sessiyası çərçivəsində Portuqaliyanın xarici işlər naziri Rui Maçete ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə portuqaliyalı nazir iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi üçün geniş imkanların mövcud olduğunu qeyd edib. O, xüsusilə turizm sahəsində əməkdaşlıq üçün əlverişli şərait olduğunu diqqətə çatdırıb.

Azərbaycanın xarici sərmayələr üçün cəlbediciliyi və eləcə də potensial sərmayə imkanları haqqında məlumat verən nazir Elmar Məmmədyarov uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizin qısa müddət ərzində davamlı siyasi, iqtisadi və sosial inkişafa nail olduğunu bildirib. Azərbaycanın Minilliyin İnkişaf Məqsədlərinin qısa müddət ərzində həyata keçirilməsi üzrə təcrübəsinin BMT-nin müvafiq strukturları tərəfindən nümunəvi hal kimi təqdir olunduğunu deyən nazir dünyada özünü büruzə verən iqtisadi-maliyyə problemlərinə baxmayaraq, ölkəmizdə qeyri-neft sektorunun dinamik şəkildə inkişaf etdiyini və bu il yüksək iqtisadi artım tempinin qeydə alındığını vurğulayıb.

Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsinin qəbuledilməz və qərəzli olduğunu vurğulayan E.Məmmədyarov bu qurumda təmsil olunan bəzi qüvvələrin məqsədyönlü şəkildə antiazərbaycan və islamofobiya meyilli siyasət yürütdüklərini söyləyib.

Söhbət zamanı miqrasiya və beynəlxalq terrorçu şəbəkələrə qoşulan əcnəbi döyüşçülər məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Portuqaliyalı nazir miqrantların qəbulunun, xüsusilə onların cəmiyyətə inteqrasiya edilməsi, təhsil və səhiyyə kimi əsas ehtiyaclarının təminatının problemli məsələ olduğunu nəzərə çatdırıb.

Elmar Məmmədyarov bu problemlərlə mübarizənin əsas yollarından birinin multikulturalizmin təşviq edilməsi olduğunu qeyd edib və Azərbaycanın bu sahədə mövcud müsbət təcrübəsi barədə məlumat verib.

Görüşdə Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar haqqında danışaraq Ermənistanın təcavüz və işğala əsaslanan qeyri-konstruktiv siyasəti nəticəsində münaqişənin həllində irəliləyişin olmadığını diqqətə çatdırıb. Ermənistanın təcavüzkar və ilhaqçı siyasətinin bütün regionu yeni fəlakətlər astanasında qoyduğunu deyən nazir əlavə edib ki, münaqişənin həlli üçün BMT Təhlükəsizlik Şurasının müvafiq dörd qətnaməsinin tələblərinə uyğun olaraq Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı, ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi təmin edilməlidir.

 

DİGƏR Xəbərlər Arxiv