YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri davam edir

Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri çərçivəsində noyabrın 16-da Çin Kommunist Partiyası (ÇKP) Nantun şəhər komitəsinin rəhbərliyi ilə görüş keçirilib.

Görüşdə dostluq və strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Çin münasibətlərinin inkişafının məmnunluq doğurduğu, qarşıda duran bütün hədəflərin reallaşdırılması üçün geniş imkanların mövcud olduğu diqqətə çatdırılıb.

Bu gün hər iki ölkənin dinamik inkişafı və yüksək nüfuzu ilə dünyanın diqqət mərkəzində olduğu, beynəlxalq münasibətlər sistemində layiqli yer tutduğu və öz mövqelərini davamlı olaraq möhkəmləndirdiyi vurğulanıb. Qeyd olunub ki, dövlət başçılarının milli mənafelərə cavab verən uğurlu siyasətinin qanunauyğun nəticəsi kimi, qarşılıqlı inam və etimada, çoxillik əməkdaşlığa əsaslanaraq strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamənin qəbulu ikitərəfli münasibətlərin inkişafına yeni dinamizm gətirməklə bərabər, Azərbaycan ilə Çinin beynəlxalq müstəvidə bir-birinin maraqlarını müdafiə etməsi baxımından da müstəsna əhəmiyyətə malikdir.

Görüş zamanı hər iki ölkənin sosial-iqtisadi inkişafı və gələcəyə yönəlik hədəfləri barədə ətraflı məlumat verilib, bir çox istiqamətlərdə yeni işbirliyi imkanları müzakirə olunub. Azərbaycan ilə Çinin regionlarının yüksək inkişaf səviyyəsinə çatdığı qeyd edilərək ölkəmizin qardaşlaşmış şəhərlər təcrübəsinə malik olması, mədəniyyət, turizm, ticarət və digər sahələrdə faydalı layihələrin həyata keçirildiyi, lakin hələ istifadə olunmamış geniş potensialın mövcud olduğu diqqətə çatdırılıb, xüsusilə də yeni texnologiyaların tətbiqi, müasir infrastruktur quruculuğu və "yaşıl inkişaf"ın təmini istiqamətlərində səmərəli əməkdaşlığın həyata keçirilə biləcəyi vurğulanıb.

Qarşılıqlı səfərlərin, fikir və təcrübə mübadiləsinin aparılmasının partiyalar arasında əlaqələrin mövcud vəziyyətinin dəyərləndirilməsi və əməkdaşlığın əhatə dairəsinin genişləndirilməsi baxımından əhəmiyyətli olduğu qeyd edilib. Diqqətə çatdırılıb ki, YAP nümayəndə heyətinin Çinə səfəri çərçivəsində ÇKP ilə əməkdaşlıq memorandumunun imzalanması, bir çox məhsuldar görüşlərin keçirilməsi və Qlobal Cənub Beyin Mərkəzlərinin İkinci Dialoqunda iştirak yaxın dostluq əlaqələrinin daha bir bariz nümunəsidir.

YAP ilə ÇKP-nin hakim siyasi partiyalar kimi dövlət başçılarının dostluq münasibətlərini və Azərbaycan ilə Çin arasında strateji tərəfdaşlığı əsas götürərək məqsədyönlü  birgə fəaliyyəti uğurla davam etdirmək niyyətində və yeni uğurlara imza atmaq əzmində olduqları xüsusi vurğulanıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüşdən sonra YAP nümayəndə heyətinin şərəfinə ziyafət verilib.

Həmin gün "Çjuntyan" elm və texnologiya sərgi salonu və Nantun şəhərinin Nançuanyuan mikrorayonunun partiya üzvlərinə və sakinlərinə xidmət mərkəzi ziyarət olunub.