YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın xarici siyasətində Türk birliyi prioritetləri

Ziyafət Əsgərov

Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini

Azərbaycan Respublikasının xarici siyasət kursunda, Türk dövlətləri ilə olan mehriban əlaqələrin və dostluq münasibətlərinin inkişafı, Türk dünyasının nüfuzunun beynəlxalq arenada gücləndirilməsi, ölkərarası münasibətlərin ən yüksək səviyyəyə çatdırılması xüsusi əhəmiyyət kəsb edir. Dövlətimizin bu xarici siyasi strategiyası  bizə Ulu Öndər Heydər Əliyevdən miras qalmışdır. Ulu Öndər dövlətimizin xarici siyasət strategiyasını formalaşdırarkən türk dövlətləri ilə əlaqələri hər zaman prioritet hesab etmiş və türk dövlətləri arasında münasibətlərin möhkəmlənməsinə şəxsən töhfələr vermişdir. Ümummilli Lider Heydər Əliyevin siyasi irsinin davamçısı olan Prezident İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən etibarən Türk dünyasının sıx birləşməsi, onun siyasi, iqtisadi və hərbi qüdrətinin artması, qlobal arenada güc mərkəzinə çevrilməsi naminə böyük səylər göstərmiş, bütün bunları dövlətimizin xarici siyasətinin başlıca prioriteti kimi diqqət mərkəzində saxlamışdır.

Türk xalqlarının dostluğunun, qardaşlığının möhkəmlənməsində Türk Dövlətləri Təşkilatının rolu həqiqətən də çox böyükdür. 3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan arasında imzalanan Naxçıvan müqaviləsi ilə türk dünyasının siyasi gücünə və birlik rəmzinə çevrilmiş təşkilatın təməli məhz bizim ölkəmizdə atılmışdır.

2021-ci ilin noyabrında İstanbulda keçirilən və təşkilatın sonrakı inkişafında mühüm rol oynayan Zirvə görüşündə qurumun adı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasından Türk Dövlətləri Təşkilatına dəyişdirilmişdir. Elə həmin Zirvə görüşündə Prezident İlham Əliyev “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilmişdir. Bu təltif cənab dövlət başçımızın Azərbaycanın Şuraya sədrlik etdiyi 2019-2021-ci illərdə təşkilatın fəaliyyətinin gücləndirilməsinə, təşkilata üzv dövlətlər arasında dostluğun, qardaşlığın daha da möhkəmləndirilməsinə dair gördüyü işlərin layiqli mükafatı idi. Azərbaycanın təşkilata sədrliyi həm İkinci Qarabağ Müharibəsinin olduğu dövrə, həm də bütün dünyanı bürüyən pandemiya dövrünə təsadüf etməsinə baxmayaraq olduqca uğurlu keçmişdir.

Cari ilin 6 noyabr tarixində Qırğızıstanın paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının 11-ci Zirvə görüşü keçirildi. Bu Zirvə görüşü çərçivəsində “Türk Dövlətlər Təşkilatına üzv dövlətlərin Mərkəzi Banklar Şurasının yaradılması haqqında” Memorandum imzalandı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də tədbirdə iştirak etdi.

Dövlət başçısı Zirvə görüşü çərçivəsində çıxışına bu il təşkilatın əsasını qoymuş Naxçıvan Sazişinin 15-ci ildönümü olduğunu iştirakçılara xatırladaraq başladı. Eyni zamanda, cənab İlham Əliyev cari ilin iyul ayında Şuşa şəhərində keçirilmiş dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündən də bəhs etdi. Şuşa şəhərində imzalanan Qarabağ Bəyannaməsi təşkilatın üzv ölkələrinin əməkdaşlığını daha da genişləndirmək və TDT-nin kollektiv iqtisadi-maliyyə strategiyasını formalaşdırmaq niyyətindədir.  

Azərbaycanın Türk dövlətləri ilə ticarət dövriyyəsi, sərmayə qoyuluşu, enerji, nəqliyyat və logistika sahəsində münasibətləri daim inkişaf edir. Nəzərə alsaq ki, təşkilatın tərkibində Türk İnvestisiya Fondu fəaliyyət göstərir, əminliklə deyə bilərik ki, təşkilat həm də iqtisadi qurum kimi fəaliyyət göstərir. Azərbaycan, Türk Dövlətləri Təşkilatının hədəflərinin həyata keçirilməsi üçün maliyyə dəstəyi göstərərək təşkilatın inkişafına töhfə verir. Bu maliyyə dəstəyi, həm təşkilatın Katibliyinə, həm də Ağsaqqallar Şurasına ayrılaraq onun potensialını gücləndirməyə yönəlibdir.

Dövlət başçısı çıxışında Azərbaycanın, Türk Dövlətləri Təşkilatı ölkələri ilə təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlığını genişləndirməsindən də bəhs etmişdir. Hərbi təlimlərin keçirilməsi və müdafiə sahəsində təhsil imkanlarının artırılması ilə ölkələr arasında dostluq və etimad əlaqələri güclənir.

Azərbaycan, Şərq-Qərb nəqliyyat dəhlizində tranzit daşımalarının artmasına şərait yaradaraq, bu sahədə sərmayələrini artırır. Dəhlizin rəqəmsallaşdırılması və logistika xərclərinin azaldılması ilə regiondakı nəqliyyatın səmərəliliyini yüksəltmək məqsədi güdülür.

Prezident İlham Əliyev çıxışında qardaş türk dövlətlərinin Qarabağın yenidən qurulmasında iştirakı və Böyük Qayıdış Proqramının həyata keçirilməsində bizə dəstəyini xüsusi qeyd etmişdir. Qazaxıstan Prezidentinin təşəbbüsü ilə Füzuli şəhərində Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin tikilməsi, Özbəkistanın Prezidentinin təşəbbüsü ilə Füzuli şəhərində məktəb inşa olunması, Qırğızıstan Prezidentinin təşəbbüsü ilə Ağdam rayonunun Xıdırlı kəndində orta məktəb binası inşa edilməsinə başlanması, Macarıstanın Prezidentinin maliyyə dəstəyi ilə Cəbrayıl rayonunda inşa ediləcək məktəb əsl dostluq nümunələridir. Çünki bu dəstək bizim üçün hər şeydən öncə böyük mənəvi əhəmiyyət daşıyır. Qardaş türk dövlətləri hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanımış, haqq mübarizəmizdə yanımızda olmuş və xalqımızın böyük Zəfərinə bizimlə birgə sevinmişlər. Vətən müharibəsində qazandığımız qələbə təkcə ölkəmizin deyil, bütünlükdə türk dünyasının qələbəsi olmuşdur.

Dövlətimizin başçısı Zirvə görüşü zamanı yaxın günlərdə Azərbaycanın ev sahibliyi edəcəyi COP29 iqlim konfransı ilə bağlı da geniş məlumat verdi və Türk Dövlətləri Təşkilatına üzv ölkələrin bu tədbirin fəal iştirakçısı olacaqlarına əminliyini bildirdi.

Prezident İlham Əliyevin Bişkekdə Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə etdiyi çıxış, Azərbaycanın qardaş dövlətlərlə həmrəyliyini, regional əməkdaşlıqda fəal rolunu və Türk dövlətlərinin birgə gücünün daha da möhkəmlənməsi məqsədini bir daha nümayiş etdirdi. Azərbaycanın Türk Dövlətləri Təşkilatındakı fəallığı, yalnız ikitərəfli münasibətlərin deyil, eyni zamanda ümumi mənafeyə xidmət edən regional və qlobal proseslərin formalaşmasında əhəmiyyətli rol oynayır. Şübhəsiz ki, Prezident İlham Əliyevin qətiyyətli mövqeyi ilə Azərbaycan, Türk dünyasında daha aydın və güclü bir yol xəritəsi çəkməyə davam edəcəkdir.

DİGƏR Xəbərlər Arxiv