YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tarixin şanlı anları: Zəfərin izi ilə

Səbinə Xasayeva

Milli Məclisin deputatı 

Bütün müharibələr ərazi iddialarına görə başlayır. Bu kimi proseslər ədalətsiz, işğalçılıq müharibəsi kimi ta­rixləşir. Belə müharibələrin davamı sonda əraziləri işğala məruz qalmış dövlətin ədalətli müha­ri­bəsi olur. Azər­bay­canın məruz qaldığı işğalçılıq müharibəsinə görə Ermənistanı qınayan dövlətlər az oldu. Niyə? Bu sual çox mətləblərin çözülməsini tələb edir.

Azərbaycan bu problemin (əslində, Ermənistanın əsassız ərazi iddiasının) danışıqlar vasi­tə­si ilə həllinə çalışırdı, BMT işğalçı Ermənistana heş bir təzyiq göstərmirdi. Ermənistan BMT Təhlükəsizlik Şurasının Qətnamələrini yerinə yetirmirdi.

Vətən müharibəsində Azərbaycanın ədalətli müharibəsinə görə onu dəstək­lə­yən dövlətlər həm də dün­yə­vi niyyət­ləri, bəşəri istəkləri dəstəkləyirdi. Bu müharibə baş­lamaya bilərdimi? Ermənistan sülh danışıqlarından yayınmasaydı, atəşkəsə ciddi əməl etsəydi, regionda mövcud status-kvonu saxlamağa cəhd göstərməsəydi, yeni ərazilər işğal etmək niyyəti ilə Azərbaycanın ərazilərində müxtəlif miqyaslı təxribatlar törətməyə meyillənməsəydi, Xankən­di­­də, işğal etdiyi ərazilərdə fəaliyyət göstərən silahlı dəstələri koordinasiya etməsəydi, bu mü­ha­ri­bə başlamazdı. Prezident İlham Əliyev qətiyyətlə bildir­miş­di ki, Azərbaycan dövləti və xalqı ölkəmizdə ikinci erməni dövlətinin yaran­ma­sına imkan verməyəcək. Bu qətiyyət Ermənistanın xarici siyasətində ciddi dəyişiklik yaran­masını zə­ru riləşdirmişdi. Ermənistan havadarlarının siyasi və hərbi dəstəyinə ümidlənib işğalçılıq siyasətini davam etdirirdi.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı birləşmələri Noyanberyan rayo­nu nun Şavarşavan kəndində yerləşən mövqelərdən, Qazax rayonu ərazisindəki adsız yüksək­lik­lərdə yerləşən mövqelərimiz, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən möv­qelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən möv­qe­lə­ri­miz atəşə tutdu. Tərtər rayonunun işğal altında olan Çi­lə­bürt, Ağdam rayonunun Sarıcalı kəndi ya­xın­lı­ğında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən möv­qelərdən də ordumuzun mövqelərini atəşə tutdu. Bu, Ermənistanın ərazilərimizə genişmiqyaslı hücumu idi. Azərbaycan Ordusunun hissələri Prezident İlham Əliyevin əmri ilə əks-hücuma keçdi. Bu əmr İkinci Qarabağ müharibəsinin başlanğıcı oldu. Dövlət başçımız  xalqa müraciətində bu müharibənin ədalətli olduğunu bildirdi. “Azərbaycan xalqı üçün bu müharibə azadlıq müharibəsi, Ermənistan üçün isə işğalçılıq müharibəsidir. Ermənistanın işğalçı qüvvələri Azər­bay­canın beynəlxalq aləmdə tanınmış ərazilərindədir...”. Ali Baş Komandanın bu qətiy­yəti Vətən müharibəsində Azərbaycan Ordusunun döyüş əzmini, Qələbə ruhunu daha da yüksəltdi.

Ordu hissələrimiz düşmənin müdafiə sədlərini darmadağın edərək irəlilədi, döyüşlərdə ilk qə­lə­­bələr qazandı. Müharibənin ilk günündə Ağdərə və Mudovdağ istiqamətində yüksəkliklər, Fü­zu­li rayonunun Qaraxanbəyli, Qərvənd, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mər­can­lı, Nüzgar kəndləri işğaldan azad edildi. Düşmən işğal müddətində müdafiə sədlərini Cəb­ra­yıl rayonunda da möhkəmləndirmişdi. Dövlət başçısının dediyi kimi, “Cəbrayıl rayonunun Sol­tan­lı kən­di uğrunda bir neçə gün şiddətli döyüşlər gedirdi. Orada elə istehkamlar qurmuşdular ki, bəlkə də heç dünyada belə istehkamlar olmayıb”.

Prezident İlham Əliyev sentyabrın 30-da Mərkəzi Hər­bi Klinik Hospitalda müalicə olunan yaralı hərbi qul­luq­çu­larla görüşdə bu döyüşləri “Vətən uğ­runda gedən döyüşlər” kimi xarakterizə etdi. Oktyabrın 26-da xalqa müraciətində bu mü­haribəni “Vətən müharibəsi” adlandırdı. İkinci Qarabağ müharibəsi Vətən müharibəsi kimi tanındı.

Vətən müharibəsində Azərbaycan Ordusu əhəmiyyətli mövqe qələbələri qazandıqca, Ermənis­tanın məğlubiyyətə yaxınlaşdığını hiss edən bəzi dövlətlər – onların siyasi və hərbi hava­dar­ları döyüşlərin dayandırılmasını tələb edəndə Prezi­den­t İlham Əliyevin qətiyyəti bu tələbləri ciddi səviyyədə susdurdu: “Dünyada heç bir qüvvə bizi haqq yolundan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Biz haqq yolundayıq. Biz qalib gəlirik. Biz zəfər çalırıq və biz öz torpaqlarımızı geri alacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik”.

Azərbaycan Ordusu döyüşə-döyüşə irəliləyirdi. Prezident İlham Əliyevin xalqa müraciətləri müharibə gündəliyi idi. Or­du­muz noyabrın 9-dək 5 şəhəri, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi. Cəbrayıl şəhəri və ra­­yonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər ra­yo­nunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yük­səkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olun­du.

Prezident, Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsini tarixi Zəfərlə tamamlayan qadir sərkərdə oldu. Noyabrın 8-də Şuşa işğaldan azad edildi. Noyabrın 10-da üçtərəfli Bəyanatın imzalanması ilə Azərbaycanın qalibiyyəti rəsmi olaraq təsdiqləndi.

2020-ci il dekabrın 10-da Bakıda Azadlıq meydanında Zəfər paradı keçirildi. Bu parad ədalətli müha­ribənin dünyaya boy göstərməsi kimi tarixləşdi. Paradda Prezident İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Pre­zidenti Rəcəb Tayyib Ərdoğan iştirak etdi. 

Lakin məğlub Ermənistanın silahlı birləşmələri qalib Azərbaycanın ərazilərini tamamilə tərk etməmişdi. Dağılmış ordu hissələri son 30 ilin ideoloji mərkəzinə çerilmiş Xankəndidə separatçı rejimin silahlı dəstələri ilə birləşmişdi, Ermənistanın göstərişi ilə müxtəlif təxribatlar törə­dir­di. 2023-cü ilin sent­yabrın 19-da Prezident İlham Əli­ye­vin əmri ilə antiterror əməliyyatı başladı. Ağdərə, Əsgəran, Xocalı rayonları, Xankəndi şə­hə­ri işğaldan azad olundu, Azərbaycanın ərazi bütövlüyü tam təmin edildi.

2023-cü il noyabrın 10-da Xankəndidə hərbi parad keçirildi. Bu parad Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması münasibətilə keçirildi. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Bakıda Qəni­mət­lər Parkı yaradıldı.

Vətən müharibəsində Qələbəyə görə “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin “Vətən Müharibəsi Qəhrəmanı”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olun­masına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə” medalları təsis olundu.

Bu gün işğaldan azad edilmiş bütün ərazilərimizdə dövlət bayrağımız qürurla dalğalanır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda tarixi Zəfərin davamı kimi quru­cu­luq işləri uğurla davam edir. Sakinlərin işğaldan azad edilmiş kəndlərə, şəhərlərə qayıdışı da tarixi Zəfərin davamıdır. Ali Baş Komandan kimi İkinci Qarabağ müharibəsini Zəfərlə tamamlayan cənab İlham Əliyevin rəh­bərliyi ilə Azərbaycanda yaxın vaxtlarda işğaldan əlamət qalmayacaq.

DİGƏR Xəbərlər Arxiv