YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Türk Dövlətləri Təşkilatının fəaliyyəti qlobal xarakter daşıyacaq

“Türk dünyasının dirçəlməsi, türkdilli dövlətlərin bir araya gəlməsi, güclü təşkilat yaratmaları müasir dövrün diktə etdiyi zərurətdən doğur. Siyasi analitiklərin də proqnozlaşdırdığı kimi, XXI əsrdə dünyanın siyasi düzəni yenidən formalaşacaq. Tarixi ədalətin bərpası, yeni güc mərkəzlərinin meydana çıxması qaçılmaz prosesdir. Prezident İlham Əliyev noyabrın 6-da Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə etdiyi çıxışı türk dünyasının real güc mərkəzinə çevriləcəyini söyləməyə əsas verir”.

Bu fikirləri Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib.

Millət vəkili qeyd edib ki, xalqımızın yekdil səsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilmiş İlham Əliyev cənabları andiçmə mərasimindəki çıxışı zamanı “Bizim ailəmiz Türk dünyasıdır, bizim başqa ailəmiz yoxdur”, - deyə bəyan edib: “Bu, Azərbaycanın xarici siyasi vektorlarını göstərən çox aydın çıxış idi. Türk dünyası ölkələri arasında əməkdaşlıq inkişaf edir. Son iki ildə Qırğız Respublikasına üçüncü dəfə səfər edən cənab İlham Əliyevin xarici siyasətində türkdilli dövlətlərlə əməkdaşlığın genişləndirilməsi prioritet məsələlərdən biridir. Qarşılıqlı səfərlər Türk Dövlətləri Təşkilatının (TDT) gücünü daha da artırır. Bu il Türk Dövlətləri Təşkilatının əsasını qoymuş Naxçıvan Sazişinin 15-ci ildönümüdür. Cari ilin iyul ayında Şuşa şəhərində keçirilmiş Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi əməkdaşlığın daha da dərinləşməsinə töhfə verdi. Təşkilat getdikcə güclənərək proseslərə təsir imkanlarını artırır. TDT-nin inkişafında, güc mərkəzinə çevrilməsində Türkiyə və Azərbaycanın rolu çox böyükdür. Orta Dəhliz olaraq türk dövlətlərini birləşdirmək, Şərqlə Qərb arasında iqtisadi əlaqələri genişləndirmək xətti Azərbaycandan keçir. Bu da ölkələrimizin gələcəyə doğru strateji baxışının perspektivlərindən xəbər verir. Azərbaycanın xarici siyasət prioritetlərinin müəyyən edilməsi zamanı türk dünyasının gücləndirilməsi, türk dövlətləri ilə əlaqələrin inkişafı mühüm əhəmiyyət kəsb edir”.

M.Vəliyeva onu da bildirib ki, Azərbaycanın TDT-yə maliyyə dəstəyi verməsi təşkilatın büdcəsinin qarşıya qoyulan hədəflərə çatmasına imkan yaradacaqdır: “Azərbaycanın Türk Dövlətləri Təşkilatının Katibliyinə 2 milyon və Ağsaqqallar Şurasına 100 min ABŞ dolları məbləğində maliyyə dəstəyi göstərməsi təşkilatın potensialını daha da gücləndirəcək. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlıq türk dövlətlərini real güc mərkəzinə çevirir. Hazırda dünyada artan təhlükələri nəzərə alaraq bu sahələrdə əməkdaşlıq böyük əhəmiyyət daşıyır. Türk dövlətlərinin hüquq-mühafizə və təhlükəsizlik orqanları arasında əməkdaşlıq daha da genişlənib. Birgə hərbi təlimlər, hərbi təhsil müəssisələrində qardaş ölkələrin müdavimlərinin təhsil alması qarşılıqlı etimadı və dostluğu daha da gücləndirir.

Deputat vurğualyıb ki, Şərq-Qərb nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisindən yükdaşımaların daha da artması türk dövlətlərinin iqtisadi əlaqələrinin genişləndiyini göstərir: “Cənab İlham Əliyev Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə bəyan edib ki, Mərkəzi Asiya ölkələri ilə Türkiyəni Azərbaycan üzərindən bağlayan bu dəhlizin ötürmə qabiliyyətinin yüksəldilməsi üçün Azərbaycan öz sərmayələrini artırır. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2024-cü ilin yanvar-sentyabr aylarında üzv və müşahidəçi dövlətlərlə tranzit daşımalarının həcmində 15 faizə yaxın artım müşahidə edilir. Hazırda Orta Dəhlizin rəqəmsallaşdırılması və ticarətin asanlaşdırılması istiqamətində bir sıra layihələr icra olunur. Türk Dövlətləri Təşkilatına üzv olan dövlətlərin Qarabağ məsələsində Azərbaycana dəstək verməsi, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Macarıstanın dövlətlərinin azad olunmuş ərazilərdə qardaşlıq hədiyyəsi olaraq məktəb və yaradıcılıq mərkəzləri tikməsi dostluq və qardaşlıq münasibətlətlərini daha da gücləndirir. Bütün bunlar onu göstərir ki, yaxın gələcəkdə türkdilli dövlətlər arasında bütün sahələr üzrə əlaqələr daha da güclənəcək, Türk Dövlətləri Təşkilatının fəaliyyəti qlobal xarakter daşıyacaq və bütün bunlar nəticə etibarı ilə Türk dünyasının böyüməsinə səbəb olacaqdır”.

DİGƏR Xəbərlər Arxiv