YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Enerji mərkəzi və diplomatik körpü: Azərbaycan və Türk dünyası

“Oxşar mədəni-tarixi, adət-ənənəsi və kökləri olan türk dövlətlərinin başçılarının Bişkekdə bir araya gəlməsi dünya mediasının diqqət mərkəzində oldu. Noyabrın 6-da Bişkekdə Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının 11-ci Zirvə görüşü, həqiqətən də, özünün məhsuldar müzakirələri, vacib mesajları və qəbul olunan ciddi qərarları ilə yadda qaldı. Xüsusilə də, Azərbaycan Prezidenti İlham Əliyevin toplantıdakı çıxışı təqdirəlayiq idi.

Dövlətimizin başçısının dünyada artan təhlükələr fonunda türk dövlətlərinin müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığı daha da gücləndirməsinin vacibliyinə dair çıxışı maraqla qarşılandı. Bu il Türk Dövlətləri Təşkilatının əsasını qoymuş Naxçıvan Sazişinin 15-ci ildönümüdür. Ötən müddət ərzində təşkilat ciddi güc mərkəzinə çevrilib. Cari ilin iyul ayında Şuşa şəhərində keçirilmiş Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi əməkdaşlığın daha da dərinləşməsinə töhfə verdi. Türk dövlətlərinin təşkilatlanması, güc mərkəzinə çevrilməsi günümüzün tələbidir. Dünyada gedən ictimai-siyasi proseslər, münaqişə, müharibə, parçalanma və qarşıdurmalar türk dövlətləri arasında əlaqələrin gücləndiriməsini diktə edir. Türk dünyasının bütövləşməsi və Azərbaycanın bu prosesdə lokomotivlərdən biri kimi çıxış etməsi göz önündədir”.

Bu fikirləri Milli Məclisin deputatı Tahir Mirkişili bildirib.

Onun sözlərinə görə, TDT üzvü olan ölkələrin ali liderləri hər zaman haqq savaşında Azərbaycana dəstək veriblər: “44 günlük İkinci Qarabağ müharibəsi dövründə qardaş Türkiyənin Azərbaycanı dəstəkləməsi, o cümlədən digər türkdilli qardaş ölkələrin dövlət başçılarının azad olunmuş ərazilərdə aparılan tikinti-quruculuq işlərinə müəyyən töhfələr verməsi bizim üçün önəmli idi. Azərbaycan Prezidenti İlham Əliyev beynəlxalq tədbirlərdə daim türkdilli dövlətlərə dəstəyini nümayiş etdirib. Cənab İlham Əliyev növbəti müddətə prezident seçildikdən sonra – bu il fevralın 14-də andiçmə mərasimində çıxış edərkən TDT bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir: “Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”, - deməsi bütün fikir ayrılıqlarına son qoydu. Biz türk dövlətləri ilə əlaqələri ən yüksək formada inkişaf etdirməkdə, vahid türk ailəsinə daha da yaxın olmaqda maraqlıyıq”.

Tahir Mirkişili qeyd edib ki, Azərbaycanın TDT-nin güclənməsi istiqamətində gördüyü işlər, irəli sürdüyü ideyalar və təşəbbüslər təşkilatın daha da güclənməsinə xidmət edir: “Azərbaycan Orta Dəhliz layihəsinin əsas vəsilələrindən biridir. Ölkəmizdə dəhlizin inkişafı və səmərəliliyi üçün zəruri olan bütün infrastruktur vasitələri mövcuddur. Türk dövlətlərinin hamısı rəsmi Bakının da dəstəklədiyi Orta Dəhliz layihəsindən səmərə görəcək. Bu dəhliz TDT-yə üzv dövlətlərin əksəriyyətinin yüklərinin Qərb istiqamətində daha qısa zamanda və daha ucuz çatdırılmasını təmin edir. TDT-nin qlobal güc mərkəzlərindən birinə çevrilmək potensialı mövcuddur. Böyük coğrafi məkanı əhatə edən türk dövlətlərində müsbət demoqrafik dinamika müşahidə olunur. Prezident İlham Əliyev Bişkekdə çıxışı zamanı xoş müjdəni verərək vurğulayıb ki, Azərbaycan Türk Dövlətləri Təşkilatına maliyyə dəstəyi verəcək: “Türk Dövlətləri Təşkilatının mövcud büdcəsi qarşıya qoyduğumuz hədəflərin həyata keçirilməsi üçün yetərli deyildir. Ümid edirəm ki, Azərbaycanın Türk Dövlətləri Təşkilatının Katibliyinə 2 milyon və Ağsaqqallar Şurasına 100 min ABŞ dolları məbləğində maliyyə dəstəyi təşkilatın potensialının daha da güclənməsinə töhfə verəcək”. Cənab Prezidentin də qeyd etdiyi kimi, XXI əsr Türk dünyasının inkişafı əsri olmalıdır. Azərbaycan həmişə Türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da Türk dünyasının birliyi amallarına sadiq qalacaqdır”.

Millət vəkili onu da qeyd edib ki, TDT-yə üzv olan dövlətlər sözdə yox, əməldə Azərbaycanın yanındadır: “Dövlət başçısı Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Macarıstanın dövlət və hökumət başçılarına azad olunmuş ərazilərimizdə qardaşlıq hədiyyəsi olan məktəbə və yaradıcılıq mərkəzinə, eləcə də tikiləcək məktəblərə görə bir daha təşəkkürünü bildirib. Eyni zamanda, bildirib ki, Azərbaycan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına, yəni COP29-a ev sahibliyi edəcək. Bu qərar Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə oynadığı fəal rolun və beynəlxalq ictimaiyyət tərəfindən ölkənin əhəmiyyətli bir mərkəz olaraq qəbul edilməsinin göstəricisidir. COP29 Azərbaycanın bu sahədə liderlik göstərməsi və Türk Dövlətləri Təşkilatına üzv ölkələr başda olmaqla, beynəlxalq tərəfdaşlarla ekoloji əməkdaşlığı dərinləşdirməsi üçün mühüm bir fürsət olacaq. Hər bir türk dilli dövlətin uğuru, güclənməsi bütün Türk dünyasının güclənməsi deməkdir”.

DİGƏR Xəbərlər Arxiv