Xəbərlər
BRICS+ güclü siyasi-iqtisadi əməkdaşlıq formatına çevrilib
Gündüz Bayramov
YAP Samux rayon təşkilatının sədri
Oktyabrın 24-də Rusiyanın Kazan şəhərində keçirilən və Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etdiyi XVI BRICS sammiti bütün dünya ölkələrinin diqqət mərkəzindədir. Cənab İlham Əliyevin bu sammitdə iştirakı bir çox aspektlərdən mühüm əhəmiyyət kəsb edir. BRICS sammitinin iştirakçıları siyasi-iqtisadi, təhlükəsizlik, humanitar və digər məsələləri müzakirə ediblər.
Dövlət başçımızın XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında çıxışı tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyindən bəhs edən cənab İlham Əliyevin fikirləri xüsusi əhəmiyyət kəsb edir: “Dördillik sədrlik dövründə Qoşulmama Hərəkatı özünün institusional inkişafında böyük addım atıb, beynəlxalq münasibətlər sistemində öz yerini xeyli möhkəmləndirib. Hərəkata uğurlu sədrlik təcrübəsi bu gün bizə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırkı sədri qismində kömək edir”.
Bu Sammit əsnasında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş olub. Görüşdə tərəflər ikitərəfli sülh gündəliyinin irəli aparılmasını, o cümlədən sülh sazişini, sərhədlərin delimitasiyası və demarkasiyasını, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər. İki ölkənin xarici işlər nazirlərinə Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş üzərində işlərin mümkün tez zamanda yekunlaşdırılması və imzalanması üçün ikitərəfli danışıqları davam etdirmək barədə təlimat verilib. Odur ki, bu görüş bir daha dövlətlərarası münasibətlərin inkişafında tarixi status daşıyaraq bölgədə barışın əldə olunacağına böyük nikbinlik yaradıb.
Kazanda XVI BRICS Sammitində çıxışı zamanı dövlət başçısı İlham Əliyev COP29-un Azərbaycanda keçirilməsini dünya əhəmiyyətli bir tədbir kimi qeyd edib. Dövlət başçısı bildirib ki, 200 ölkənin yekdil qərarı ilə bu tədbirin ölkəmizdə keçirilməsi çox mühüm bir hadisədir, Azərbaycana göstərilən böyük etimadın ifadəsidir. Dünya ölkələrinin bu etimadı tədbirin uğurla keçirilməsinə məsuliyyəti qat-qat artırır.
Artıq uzun müddətdir ki, Azərbaycan BRICS və Şanxay Əməkdaşlıq Təşkilatı kimi nüfuzlu beynəlxalq qurumların toplantılarında mütəmadi iştirak edir, bu təşkilatlara üzv ölkələrin dövlət başçılarının iştirakı ilə keçirilən sammitlərə dəvət edilir, aparılan müzakirələrə qatılır. Əlbəttə ki, bu fəaliyyət, ilk növbədə, Azərbaycanın getdikcə artan beynəlxalq nüfuzunun göstəricisi olmaqla yanaşı, eyni zamanda, ölkəmizin ikitərəfli formatda əlaqələrinin inkişafına mühüm təsir göstərir.
Azərbaycan hələlik BRICS sammitinə üzv olmasa da, bu qurumda yer almaq niyyətindədir. BRICS-ə üzvlük Azərbaycan üçün Rusiya və Çinlə, eləcə də digər üzvlərlə əməkdaşlığı daha da genişləndirmək üçün platforma ola bilər. Azərbaycan Rusiya ilə yaxın müttəfiqdir və hətta iki il əvvəl imzalanan Bəyannamə ilə qarşılıqlı öhdəlik götürüb ki, beynəlxalq məsələlərdə eyni və ya yaxın mövqe nümayiş etdirsinlər. BRICS ölkələri dünya üzrə istehsalın böyük həcminə malik olduğundan Azərbaycanın bu təşkilata üzvlüyü ona böyük ixrac imkanları qazandıra bilər.