Xəbərlər
Etibarlı tərəfdaşlıq mövqeyi

Mansur Quliyev
YAP Ağdam rayon təşkilatının sədri
Prezident İlham Əliyevin uğurlu siyasəti sayəsində Azərbaycan regionun lider dövləti kimi bu gün dünyanın siyasi arenasında etibarlı tərəfdaşlıq mövqeyi nümayiş etdirməklə beynəlxalq müstəviyə uğurla inteqrasiya etməkdədir.
24 oktyabr tarixində Kazan şəhərində keçirilən XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatının ilk plenar iclasında iştirak edən dövlətimizin başçısı çıxışında bir daha diqqəti Azərbaycanın xalqlar arasında körpü rolunu oynayan tranzit imkanlarına və həyata keçirilən layihələrin uğurlu icrasına yönəldib. Azərbaycan həm enerji, həm də nəqliyyat layihələrinin icrasını uğurla həyata keçirməklə bu körpünün daha da möhkəmlənməsinə yeni əlavələr edir.
Prezident İlham Əliyev bildirib ki, Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır, bu, 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə bizim tərəfimizdən əyani şəkildə nümayiş etdirilib. Bu dövrdə Qoşulmama Hərəkatı özünün institusional inkişafında böyük addım atıb, beynəlxalq münasibətlər sistemində öz yerini möhkəmləndirib. Bu təcrübə hazırda bizə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırkı sədri qismində kömək edir. Öz coğrafi mövqeyindən istifadə edən və müasir infrastruktur yaradan Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri bizim ərazimizdən keçir. Bu nəqliyyat yollarının Azərbaycan ərazisində olan bütün seqmentləri uğurla fəaliyyət göstərir. Hazırkı məqamda ərazilərimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, biz bu dəhlizlərin ötürücülük imkanlarının artırılmasına əlavə vəsaitlər yatırırıq. Növbəti ayda Bakı ən böyük beynəlxalq iqlim konfransına – COP29-a ev sahibliyi edəcək. Təqribən 200 ölkənin COP29-un Azərbaycanda keçirilməsinə dair yekdil qərarı bizim siyasətimizə hörmətin və dəstəyin parlaq sübutudur.
Azərbaycan bölgədə enerji ixracatçısı kimi lider dövlət olaraq etibarlı strateji tərəfdaş mövqeyini nümayiş etdirir. Gündən-günə artan qüdrəti müstəqil dövlətimizin parlaq gələcəyinə və ölkəmizin çiçəklənməsinə çox böyük zəmin yaradır. Azərbaycan müasir beynəlxalq münasibətlər sisteminin fəal aktoru kimi Avropa, Asiya və bir çox region ölkələri ilə iqtisadi, ticari və digər sahələr üzrə sıx əməkdaşlıq prinsiplərinə malikdir. Bütün bunlar ölkəmizin beynəlxalq müstəvidə qazandığı uğurların daimi xarakter aldığını sübut edir.