YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Böyük Qayıdış: Yenidənqurma işləri bütün dünyanı heyrətə gətirir

Natiq Quluzadə

YAP Zəngilan rayon təşkilatının sədri

Qubadlı rayonu 1993-cü il avqustun 31-də Ermənistan ordusu tərəfindən işğal olunmuşdu. 27 illik işğal dövründə erməni vandalları Qubadlıda 205 mədəni-məişət obyekti, 12 tarixi abidəni yandırıb və talan ediblər. Həmçinin, işğalçılar zəbt etdikləri bütün digər bölgələrdə olduğu kimi, Qubadlının da təbii sərvətlərini qanunsuz istismara məruz qoyaraq daşıyıb aparıblar. Belə ki, rayonun Hacılı kəndində mişar daşı, Bərgüşad çayının sol sahilində yəşəm, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəng daşı yataqları, həmçinin Mollabürhan kəndinin cənubunda tuf daşı, Xanlıq kəndində qum-gil və Eyvazlı kəndində əqiq yatağı ermənilər tərəfindən qanunsuz istismar edilib, yeraltı sərvətlərimiz talan olunaraq xaricə daşınıb.

Şanlı Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin əmri ilə 2020-ci ilin 27 sentyabr tarixində əks-hücum əməliyyatı kimi başlanan və sonradan Vətən müharibəsi kimi davam etdirilən İkinci Qarabağ müharibəsində cəmi 44 günə əldə etdiyi tarixi Qələbə ilə Ermənistanın işğalına son qoydu.

Dövlət başçısı Qubadlının azad edilməsinin birinci ildönümü münasibətilə, 2021-ci il oktyabrın 25-də rayon ictimaiyyətinin nümayəndələri ilə keçirdiyi görüş zamanı xüsusi olaraq vurğulamışdı ki, bu tarix Qubadlı rayonu üçün ən əlamətdar və əhəmiyyətli bir gündür. Çünki 2020-ci ilin məhz 25 oktyabrında müzəffər Azərbaycan Ordusu Qubadlı şəhərini erməni işğalından azad etmişdir. Həmçinin, Ali Baş Komandan Qubadlı əməliyyatının, ümumiyyətlə, Vətən müharibəsinin gedişində önəmli yer tutduğunu vurğulamış, məhz bu Qələbədən sonra Laçın istiqamətində yolun açıldığını və növbəti bir neçə gün ərzində Azərbaycan Ordusu tərəfindən Laçının cənub hissəsində yerləşən kəndlərin düşməndən təmizləndiyini qeyd etmişdir. Bununla da Laçın dəhlizi nəzarətə götürüldü. Bu isə artıq müharibənin taleyinin həll olunması demək idi. Ümumilikdə, rəşadətli ordumuz noyabrın 9-dək Qubadlı şəhərini və rayonun 41 kəndini azad etmişdir.

Bu gün azad edilmiş bütün digər ərazilərimizdə olduğu kimi, Qubadlı rayonunda da intensiv quruculuq işləri aparılır. Prezident İlham Əliyevin ötən ilin may ayında növbəti səfəri çərçivəsində Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməli qoyulub.

İşğaldan azad edilmiş ərazilərdə görülən bütün işlər yalnız bir məqsəd naminə – keçmiş köçkünlərin tezliklə öz doğma torpaqlarına, dədə-baba yurdlarına qayıda bilmələri üçün həyata keçirilir. Qarabağda və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işlərinin miqyası və yüksək dinamikası bu gün bütün dünyanı heyrətə gətirir.