Xəbərlər
YAP ölkəmizin əldə etdiyi uğurlarda müstəsna rol oynayır
Yeni Azərbaycan Partiyası (YAP) Sabunçu rayon təşkilatının təsis olunmasının 33 illiyinə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla yad olunub.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, YAP Mərkəzi Aparatının Təşkilat şöbəsi müdirinin müavini Rafael Gülməmmədov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini - Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Rəna Vəliyeva, ərazi partiya təşkilatının sədri Namiq Nəbiyev, partiya veteranı Oruc Məmmədov, partiya üzvü Zərifə Məmmədova çıxış ediblər.
Çıxışlarda bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılması müasir dövlətçilik tariximizin dönuş nöqtəsidir. Partiyanın ötən müddət ərzində Heydər Əliyev ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi nailiyyətlərə imza ataraq ümumxalq etimadı qazandığı qeyd olunub.
Vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycan dövlətinin inkişafı naminə Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən müdrik siyasət həyata keçirilir.
Daha sonra partiyanın ictimai-siyasi həyatında fərqlənən bir qrup şəxsə diplom təqdim edilib.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
