Xəbərlər
Möhtəşəm Qələbə xalqın yaddaşına həkk olunub
Ulvi Fərzəliyev
YAP Neftçala rayon təşkilatının sədri
Azərbaycanın Şərqi Zəngəzur bölgəsindəki Qubadlı rayonu Ermənistanla sərhəddə yerləşir. Şəhər tipli qəsəbə olan bu yer, 1990-cı ildə şəhər statusu alıb. Qarabağ münaqişəsi zamanı ilk silahlı hücuma məruz qalan ərazilərdən biri də Qubadlı olub. 1988-ci il noyabrın 24-də Ermənistan silahlı qüvvələrinin Eyvazlı kəndinə hücumu zamanı 1 nəfər öldürülüb, kənd tamamilə yandırılıb. Eyvazlının yaxınlığındakı Davudlu və Qədili kəndi də işğal edilib. Bununla da, İrəvan-Meğri şossesi Ermənistanın əlinə keçib. Qubadlının sərhəd kəndlərinə hücumların sayı 1989-1991-ci illərdə daha da artıb. 1992-ci ilin əvvəli də çətin keçib. Fevral ayında Qubadlının bombalanması nəticəsində 5 nəfər mülki sakin həlak olub, 20 nəfər yaralanıb. Şəhər 31 avqust 1993-cü il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub, nəticədə rayondan otuz minə yaxın insan doğma torpaqlarından didərgin salınıb.
Məcburi köçkünlər respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilib. Qubadlının Hacılı kəndində mişar daşı yatağı, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəng daşı yataqları, o cümlədən Mollabürhan kəndinin cənubunda tuf daş yatağı, Xanlıq kəndində qum-gil yatağı, Eyvazlı kəndində əqiq yatağı işğal müddətində düşmən tərəfindən istismar edilib.
Sentyabrın 27-də Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub. Əks-hücum əməliyyatı ilə düşmən geri oturdulub və 44 gün ərzində 30 illik işğala son qoyulub.
Vətən müharibəsində hərbi əməliyyatların davam etdiyi müddətdə şanlı Azərbaycan Ordusunun mühüm uğurlarından biri də 25 oktyabr 2020-ci ildə Qubadlının azad olunması oldu. Peşəkar silahlı qüvvələrimiz tərəfindən Qubadlı şəhərinə nəzarətin təmin edilməsi Laçın rayonunun da düşmən işğalından xilas edilməsinə hərbi-strateji baxımdan münbit şərait yaratmış oldu. Oktyabrın 25-də Qubadlı şəhəri ilə yanaşı, rayonun Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan kəndləri də düşmən işğaldan tamamilə azad olundu. Qubadlı rayonu tam olaraq isə düşməndən noyabrın 9-da təmizlənib. Həmin gün rayonun Aşağı Mollu, Yuxarı Mollu, Xocik, Qaraimanlı, Xəndək, Həmzəli, Mahruzlu, Hal, Ballıqaya, Ulaşlı, Tinli, Xocahan, Boyunəkər, Qaraqoyunlu və Çərəli kəndləri də düşməndən azad edildikdən sonra Qubadlı rayonu tamamilə erməni işğalından qurtuldu. Qubadlının azad edilməsi müharibənin gedişatında dönüş nöqtəsi oldu.
Hər bir rayonun işğaldan azad edilməsi Azərbaycan Ordusunda ruh yüksəkliyini daha da artırır, qarşı tərəfin isə mənəvi cəhətdən böyük zərbə almasına gətirib çıxarırdı. Qubadlı Ermənistanla dövlət sərhədində yerləşir. Zəngilandan sonra Azərbaycan Ordusu sərhəd rayonlarının azad edilməsini və Ermənistanla sərhədin bərpasını genişləndirərək uğurlu döyüş əməliyyatları aparırdı. Ərazi baxımından Qubadlı çox çətin relyefə malikdir, dağlıq, meşəlik, çaylıq ərazidir. Qubadlıda döyüşlər aparmaq və əraziləri azad etmək həm taktiki, həm də strateji cəhətdən çox əhəmiyyətli idi. Digər tərəfdən Qubadlı rayonundan sonra Laçın gəlirdi. Qubadlının dəhlizə yaxın olması rayonun əhəmiyyətini daha da artırırdı. Qubadlı istiqamətində dağlıq, meşəlik ərazilərlə məhdud yol şəbəkəsi var idi. Bu ərazinin Azərbaycan Ordusunun nəzarətinə keçməsi o istiqamətdə düşmənin yollardan istifadə etmə imkanını məhdudlaşdırırdı. Qubadlı rayonunun azad edilməsi xəbəri xalq tərəfindən də böyük sevinclə qarşılandı. Bundan sonra Silahlı Qüvvələrimiz üçün Laçın ətrafında, rayonun işğaldan azad edilməsi uğrunda növbəti döyüşlərin, əməliyyatların aparılması üçün geniş imkanlar yarandı. İşğaldan azad olunan hər bir rayon bizi zəfərə doğru apardı.
2020-ci il 23 dekabr tarixində Prezident İlham Əliyev Qubadlıda Azərbaycan bayrağını ucaltdı: "Bu gün səhərdən yağış yağırdı, biz Qubadlıya çatanda gün çıxdı. Təbiət də bizi salamlayır, bizi alqışlayır. Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı".
Müzəffər Ali Baş Komandan İlham Əliyevin 29 dekabr 2020-ci il və 24 iyun 2021-ci il tarixlərində imzaladığı sərəncamlara əsasən Qubadlı rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş xeyli sayda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları “Qubadlının azad olunmasına görə” medalı ilə təltif olunub. Qubadlı rayonu işğaldan azad olunduqdan sonra orada bərpa və yenidənqurma işlərinə başlanılıb. Ərazinin minalardan təmizlənmə əməliyyatları ilə yanaşı, infrastrukturun bərpası işləri də davam etdirilir.
Cənab İlham Əliyev dəfələrlə bəyan edib ki, biz işğaldan azad olunmuş bütün ərazilərimizi, o cümlədən Qubadlını da cənnətə çevirəcəyik. Ölkə başçısı şəhərə səfərində deyib: "Qubadlı rayonunun gözəl mənzərəsi. Yenə də dağıdılmış kənd. Hər şeyi yenidən quracağıq, yolları da, bütün infrastrukturu da. Gözəl mənzərədir". Qubadlı beynəlxalq hava limanlarının tikildiyi Zəngilan və Laçın rayonları arasında yerləşir. Coğrafi mövqeyi və logistik imkanları buranı strateji əhəmiyyətə malik yer edir. Növbəti 20 il ərzində şəhər ərazisinin 505 hektara, əhali sayının isə 14 min nəfərə çatdırılması planlaşdırılır. Təbii imkanlar da nəzərə alınaraq Qubadlıda şəhər parkları, meşə-parklar, çaykənarı bulvar, həmçinin ictimai bağların şəhərin əsas simasını təşkil edəcəyi gözlənilir.
Prezident İlham Əliyevin işğaldan azad edilmiş digər ərazilərə olduğu kimi, Qubadlıya səfərləri də bir çox önəmli təməlqoyma və açılış tədbirləri ilə əlamətdar olması bir daha həmin rayon və bölgələrdə bərpa və yenidənqurma işlərinin böyük vüsətlə həyata keçirildiyindən xəbər verir. Bu gün işğaldan azad edilmiş ərazilərdə görülən bütün işlər yalnız bir məqsəd naminə – keçmiş köçkünlərin tezliklə öz doğma torpaqlarına, dədə-baba yurdlarına qayıda bilmələri üçün həyata keçirilir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Qubadlıya mütəmadi səfərləri bu rayonun ölkə başçısının diqqətində olmasının təzahürüdür. Gələcəkdə iqtisadi inkişafa nail olunması və düzgün planlaşdırma aparılması Möhtərəm Prezidentimizin xüsusi diqqətindədir. Bütün bunlar bir daha göstərir ki, işğaldan azad edilmiş digər ərazilər kimi Qubadlı da tezliklə cənnətə çevriləcək.