Xəbərlər
Böyük Qayıdış: Azərbaycan dünyaya yeni inkişaf modelini təqdim edir
Malik Mirzəyev
YAP Lerik rayon təşkilatının sədri
Qubadlı şəhərinin işğaldan azad edilməsindən 4 il ötür. Artıq xalqımız işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərini qururla qeyd edir. Qubadlı rayonu 31 avqust 1993-cü il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğal dövründə digər ərazilərimiz kimi, Qubadlı da böyük dağıntıya, barbarlıq və vandalizmə məruz qalıb. Rayon ərazisində bütün sosial infrastruktur dağıdılıb, kommunikasiya xəttləri məhv edilib, ermənilər nə mümkündürsə hamısını daşıyıb aparıblar. Həmçinin, bu ərazilərdə ekoloji terror həyata keçirilib.
2020-cü il oktyabrın 25-də Prezident İlham Əliyev Qubadlı şəhərinin azad edilməsi münasibətilə xalqa müraciətində deyib: “Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı” .
Dövlət başçısının 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sərəncama əsasən 25 oktyabr Qubadlı Şəhəri Günü kimi müəyyən olub. Xalqımızın torpaq həsrətinə son qoyan tarixi Zəfərimizin reallıqları fonunda azad edilmiş ərazilərimizdə görülən bərpa-quruculuq işləri tezliklə bütün soydaşlarımızın öz dogma yurd-yuvalarına qovuşacaqlarına inamı artırır. Cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq bu ərazilərdə bütün yeniliklər öz əksini tapıb, insanların rahat yaşayışı təmin edilir. Qubadlı rayonunun bütün kəndləri, o cümlədən Qubadlı şəhəri yenidən qurulur.
2021-ci il oktyabrın 25-də - Qubadlının işğaldan azad edilməsinin birinci ildönümündə Xanlıq-Qubadlı yolunun təməli qoyuldu, “Qubadlı” yarımstansiyasının, Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışı oldu. Həmin gün Prezident İlham Əliyev Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.
Qarabağda və Şərqi Zəngəzurda yeni həyat başlayacaq. Bununla Azərbaycan dünyaya özünün yeni inkişaf modelini təqdim edəcək. Qürurverici haldır ki, bu gün uğurlu layihələrin icrası sürətlə və operativ şəkildə həyata keçirilir. Qubadlı şəhəri beynəlxalq hava limanlarının tikildiyi Zəngilan və Laçın rayonları arasında yerləşməklə coğrafi mövqeyi logistik imkanları baxımından strateji əhəmiyyətə malikdir. Qubadlı şəhərinin işğaldan azad edilməsi, eyni zamanda infrastruktur layihələrin uğurla icra olunması, yurdumuzun bu cənnət guşəsinə yeni bir həyat gətirəcək.