Xəbərlər
Prezident İlham Əliyev “MAN Truck&Bus” şirkətinin baş direktorunu qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 22-də “MAN Truck&Bus” şirkətinin baş direktoru Aleksandr Vlaskampı qəbul edib.
COP29-un ölkəmizdə keçirilməsi ilə bağlı təbriklərini çatdıran qonaq bunun çox önəmli bir tədbir olduğunu vurğuladı.
Aleksandr Vlaskamp COP29-da nəqliyyat sahəsinin də mühüm amil olduğunu deyərək, bu istiqamətdə Azərbaycanla əməkdaşlığın önəminə toxundu.
Dövlətimizin başçısı qeyd etdi ki, COP29-a hazırlıq işləri artıq son mərhələdədir. Prezident İlham Əliyev vurğuladı ki, ölkəmizdə bu işlərə bir ildən də az vaxt olmasına baxmayaraq, Azərbaycan COP29-un yüksək səviyyədə keçirilməsi üçün səylərini əsirgəmir. Dövlətimizin başçısı COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı 198 ölkənin yekdil dəstəyini yüksək qiymətləndirərək bu cür tədbirin regionda birinci dəfə ölkəmizdə təşkil edilməsinin böyük önəm daşıdığını qeyd etdi.
Prezident İlham Əliyev Azərbaycanda yaşıl və bərpaolunan enerjiyə keçid istiqamətində böyük işlərin görüldüyünü və artıq bir sıra mühüm layihələrin reallaşdırıldığını bildirdi.
Dövlətimizin başçısı ölkəmizdə nəqliyyat sisteminin də səmərəli fəaliyyəti üçün tədbirlər görüldüyünü dedi və bu baxımdan “MAN Truck&Bus” şirkəti ilə əməkdaşlığın əhəmiyyətinə toxundu.
Görüşdə ölkəmizlə “MAN Truck&Bus” şirkəti arasında potensial əməkdaşlıq imkanları ilə bağlı müzakirələrin aparılmasından məmnunluq ifadə edildi, şirkətin Azərbaycanda fəaliyyətinə dair fikir mübadiləsi aparıldı. Bu şirkətin istehsalı olan çox sayda texnikanın ölkəmizdə istifadə edildiyi bildirildi. Azərbaycanın artan sosial-iqtisadi potensialı və ehtiyacları nəzərə alınaraq şirkətin məhsullarının alınması ilə yanaşı, ölkəmizdə yerli istehsal imkanları da müzakirə olundu və bunun üçün vahid işçi qrupu çərçivəsində araşdırmaların həyata keçirilməsi barədə razılıq əldə edildi.