YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şərqi Zəngəzurun ən mühüm coğrafi mərkəzlərindən biri

Ramid Namazov

Milli Məclisin deputatı

2020-ci il oktyabrın 20-də Zəngilan şəhərinin azad edilməsi hərbi cəhətdən bir sıra strateji planların həyata keçirilməsində əhəmiyyətli rol oynadı, bir çox yaşayış məntəqələrinin azad olunması üçün əlverişli şərait yarandı. Həmçinin Ağbənd qəsəbəsi və Vejnəli yüksəkliyinin düşməndən təmizlənməsi ilə Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsi bərpa edildi, dövlət sərhədi nəzarətə götürülməklə və güclü istehkam-mühafizə xətti qurulmaqla Ermənistana gətirilən hərbi yüklərin qarşısı alındı.

Azərbaycan Silahlı Qüvvələri Zəngilana nəzarət etməklə, həm də Qubadlı və Ermənistan istiqamətindən gələn erməni qüvvələrinin mühasirəyə salınmasına və bu cəbhə bölgəsində yeni qələbələr qazanılmasına nail oldu. Ermənistanın qondarma rejimlə əlaqəsini təmin edən İrəvan-Gorus-Laçın-Şuşa-Xankəndi yolunun əsas hissəsi də Ordumuzun nəzarətinə keçdi, Bartaz, Sığırt, Şükürataz və daha 5 adsız yüksəkliyinin azad olunması isə Ordumuza əhəmiyyətli üstünlük qazandırdı.

Zəngilan rayonu işğaldan azad edildikdən sonra Azərbaycan Ermənistanla sərhəddəki strateji ərazilərə və tarixi (qərbi) Zəngəzur bölgəsinə nəzarət imkanlarını əldə edib.
Zəngilan rayonunun azad olunmasında iştirak etmiş əsgər və zabitlərimizin igidliyini dövlətimiz yüksək qiymətləndirib.

Zəngilan azad edildikdən sonra Ali Baş Komandan cənab İlham Əliyev 2020-ci il dekabrın 23-də rayona ilk dəfə səfər edərək, orada şanlı Azərbaycan bayrağını ucaltmışdır. Bu günə qədər isə cənab Prezidentin rayona 11 dəfə səfəri baş tutmuşdur.

Zəngilan həm də Böyük Qayıdışın da başlanğıcı olan ünvandır. Torpaqlarımız azad edildikdən sonra ilk yeni yaşayış kompleksi bu rayonun ərazisində qoyulub. Dövlət başçısı 2021-ci il aprelin 26-da Ağalı kəndinə gələrək 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edən birinci “Ağıllı kənd” layihəsinin təməlini qoymaqla Zəngilanda və azad ərazilərdə məskunlaşma missiyasına başlayıb. Həmin gün, həmçinin Zəngilan Beynəlxalq Hava Limanının, Zəngilan-Horadiz avtomobil yolunun təməlləri qoyulub.

Zəngilan rayonu coğrafi-inzibati ərazi kimi Azərbaycanın nəqliyyat-tranzit strategiyasında da xüsusi yer tutur. 2021-ci il oktyabrın 26-da təməli qoyulan-Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu isə Zəngəzur dəhlizinin ən mühüm qovşağı olmaqla regionun həyatında yeni bir siyasi-iqtisadi hadisənin başlanması kimi yadda qaldı.

2022-ci il mayın 27-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimində iştirak ediblər. Zəngilan azad olunmuş ərazilərin ilk bölgəsidir ki, keçmiş məcburi köçkünlər üçün ilk yaşayış kompleksi- Ağalıdakı “ağıllı kəndi” inşa edilərək istifadəyə verilib.

Həmin il iyulun 19-da Ağalı kəndinə əhalinin köçürülməsinə başlanıb və bununla da 30 ildən sonra ilk məskunlaşma start götürüb.

Ağalıda “Azərpoçt” MMC-nin rayon şöbəsi, “ASAN xidmət” mərkəzi, DOST mərkəzi, Kiçik və Orta Biznesin İnkişafı Mərkəzinin, “Kapital Bank”ın Zəngilan filialının, “Gillmed” tikiş fabrikinin, ailə sağlamlıq mərkəzinin, uşaq bağçası və kənd orta məktəbinin, eləcə də digər inzibati və ictimai obyektlərin fəaliyyətə başlaması kənd sakinlərinə sosial təminat və dayanıqlı məşğulluğunun təmin edilməsində mühüm rol oynayıb.

Ağalıdan sonra Zəngilan quruluğunun yeni ünvanı şəhər mərkəzində ilk yaşayış kompleksinin təməlinin qoyulması olub. Dövlət başçısının 2022-ci il oktyabrın 19-da Zəngilan şəhərində ümumi sahəsi 2.06 hektar ərazidə 10 binadan ibarət çoxmənzilli yaşayış sahəsinin əsası qoyulub və hazırda işlər tamamlanmaq üzrədir, 2025-ci ildə şəhərə insanların köçməsi nəzərdə tutulub.

Zəngilanda yaradılan tranzitlər və logistik layihələr regionun inkişafı ilə yanaşı, ölkəmizin regional maraqlarının təmin edilməsində mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan 2022-ci il oktyabrın 20-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılış mərasimi keçirilən Zəngilan Beynəlxalq Hava Limanı Şərqi Zəngəzurun qapısı olmaqla Zəngəzura doğru yolun başlanğıcıdır. Həmçinin, 2023-cü il oktyabrın 6-da Ağbənd qəsəbəsi yaxınlığında Azərbaycan ilə İran arasında İran İslam Respublikasının ərazisindən keçməklə avtomobil körpüsü və sərhəd-gömrük infrastrukturu layihələrinin təməlinin qoyulması bu bölgəni beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirəcək.

Prezident İlham Əliyevin 2023-cü il sentyabrın 28-də Zəngilan rayonuna səfərinin gündəliyi daha geniş və yaddaqalan olub, həmin gün Alıbəyli kəndinin təməli qoyulub, Zəngilan Konqres Mərkəzi Kompleksinin açılışı baş tutub, həmçinin “AzərEnerji” ASC-nin “Cahangirbəyli” Su Elektrik Stansiyası istifadəyə verilib, Zəngilan şəhərində 2-ci, 3-cü və 4-cü yaşayış komplekslərinin, 160 yerlik uşaq bağçasının, eləcə də Zəngilan kəndinin təməlləri qoyulub.

2023-cü il sentyabrın 29-da Zəngilanda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunda iştirak edən Prezident İlham Əliyev Zəngilan rayonunun strateji əhəmiyyətindən danışaraq qeyd edib ki, “biz Zəngilanı mühüm nəqliyyat qovşağı hesab edirik, çünki onun coğrafi mövqeyi bunu labüd edir. Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir”.

Hazırda Prezident İlham Əliyevin yorulmaz fəaliyyəti sayəsində Şərqi Zəngəzurun ən mühüm coğrafi mərkəzlərindən biri olan Zəngilanın yenidən qurulması və dirçəldilməsi istiqamətində genişmiqyaslı işlər davam etdirilməkdədir.