YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Görülən işlər böyük sevinc hissi ilə qarşılanır

Saleh Məhərrəmov

YAP Oğuz rayon təşkilatının sədri

2020-cü il sentyabrın 27-də başlanan 44 günlük Qarabağ müharibəsində şanlı ordumuzun qəhrəmanlığı nəticəsində oktyabrın 20-də Zəngilan şəhəri işğaldan azad olundu. Silahlı Qüvvələrimizin uğurlu taktikası, əməliyyat şəraitini tam düzgün qiymətləndirməsi və yüksək döyüş qabiliyyəti nəticəsində qədim yurd yerimiz olan Zəngilanın 27 illik işğalına son qoyuldu. Sarsıdıcı zərbə altında döyüş meydanında rüsvayçı məğlubiyyətə uğrayan yağı düşmən doğma torpaqlarımızdan təmizləndi. Zəngilanın işğaldan azad olunması mühum əhəmiyyət kəsb edirdi. Çünki bu parlaq Qələbədən sonra Azərbaycan-İran sərhədi tam bərpa olundu.

İşğal dövründə Zəngilan şəhəri, qəsəbə və kəndləri tamamilə dağıdılaraq Yer üzündən silinib. Düşmənin amansız qəsbkarlığı nəticəsində hətta Zəngilanın təbiətinə belə divan tutulub, sərvətləri istismara məruz qalaraq talan edilib.

Postmüharibə dövründə Azərbaycan hökuməti Zəngilanı yenidən qurur, böyük layihələri uğurla həyata keçirir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən “ağıllı kənd” layihəsinin təməlinin qoyulmasından qısa müddət sonra Ağalı kəndi dünyanın ən müasir yaşayış məskənlərindən birinə çevrildi. Uzun müddət yurd yerindən ayrı düşmüş həmvətənlərimiz indi doğma evlərində təhlükəsiz həyat yaşayırlar. Burada hazırda məşğulluq, məktəb, bağça, tibb məntəqəsi, “ASAN”, DOST, Kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur ki, bu da sakinlərin rahat və firavan yaşayışını təmin edir. İftixarla qeyd etmək yerinə düşər ki, Böyük Qayıdış layihəsinə uyğun olaraq Ağalı kəndində ümumilikdə 175 ailənin, yəni 871 nəfərin məskunlaşması təmin olunub. Görülən işlər fərəh doğurur. Bu da, dövlətimizin qüdrətindən xəbər verir. Uzun müddət yad adamlar tərəfindən qəsd olunan Zəngilan bu gün doğma sakinlərinin əhatəsində inkişaf edir, abadlaşır və yeni görkəm alır.

İşğaldan qurtulan Zəngilanda milli birliyimizin, ərazi bütövlüyümüzün təsdiqi olan Azərbaycan Bayrağı dalğalanır. Zəngilanlılar isə əzəli torpaqlarında Prezident İlham Əliyevin Lideri olduğu bir ölkədə sabit, təhlükəsiz həyat yaşayırlar.