Xəbərlər
Böyük Qayıdışın ilk addımı
Elmar Əhmədov
YAP Salyan rayon təşkilatının sədri
Tarixi Zəfərimizin reallıqları fonunda işğaldan azad edilmiş torpaqlarımızda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. Günümüzün əsas hədəflərindən biri Böyük Qayıdış Proqramının icrasını uğurla başa çatdırmaq, soydaşlarımızın bu torpaqlarda yüksək yaşayışını təmin etməkdir. Dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin təsis edilməsi haqqında Sərəncamına əsasən qeyd etdiyimiz günlər bir hesabat xarakteri daşıyır. Ötən dövr ərzində bu torpaqlarda görülən işlərə və qarşıda dayanan hədəflərə bir daha diqqət yönəldilir.
Oktyabarın 20-də Zəngilan Şəhəri Gününü qeyd etdik. Zəngilanın ərazisi şərqdən Həkəri çayından Mehri dağ silsiləsinə qədər olan ərazini əhatə edir. Şimaldan Qubadlı, Şərqdən Cəbrayıl rayonu, cənubdan Araz çayı boyunca İran İslam Respublikası, qərbdən isə Ermənistanın Mehri və Qafan rayonları ilə həmsərhəddir. Rayon respublikanın dağətəyi ərazisində yerləşməklə iqtisadi cəhətdən əsasən kənd təsərrüfatı istiqamətli olmuş, 29 kolxoz-sovxozu, 1 arıçılıq təsərrüfatını, 4 kooperativi və 3 kəndli-fermer təsərrüfatını əhatə etmişdir. Ərazisində 21 dəmiryol müəssisəsi və 6 dəmir yol vağzalı fəaliyyət göstərirdi.
Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra zəngilanlılar 67 gün tam mühasirə şəraitində ermənilərlə vuruşdu. 25-29 oktyabr 1993-cü ildə Zəngilan rayonunun əhalisi son anadək vuruşaraq, 235 nəfər şəhid və itkin verərək Araz çayını keçmiş, İran İslam Respublikasının ərazisi ilə keçərək Azərbaycanın 43 rayonunda müvəqqəti məskunlaşmışlar.
Zəngilan şəhərinin işğaldan azad edilməsinin 4-cü ili tamam oldu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun sentyabrın 27-də başladığı əks-hücum nəticəsində Zəngilan şəhəri oktyabrın 20-də erməni işğalından azad edildi. Həmin gün həm xalqımızın, həm də zəngilanlıların yaddaşına əbədi həkk olunub. Bu günləri səbirsizliklə gözləyən xalqımız arzularının reallığa çevrilməsindən sevinclidirlər. Onu da qeyd edək ki, Zəngilan rayonunun Ağalı kəndi ilk «ağıllı kənd» oldu. İlk pilot layihə məhz bu kənddə həyata keçirildi. Bütün işlər müasir tələblər səviyyəsində yenidən quruldu, soydaşlarımızın rahat yaşayışı üçün bütün zəruri işlər görülüb. Zəngilanlıların doğma yurd-yuvalarına qayıtmaları Böyük Qayıdışın ilk addımları idi. “Ağıllı kənd” layihəsi yeni təcrübədir. Daim ilklərə imza atan Azərbaycan «ağıllı şəhər» və «ağıllı kənd» layihləri ilə dünyanın diqqətindədir. Ötən il Zəngilan şəhərində keçirilən 2-ci Azərbaycan Milli Şəhərsalma Forumunda bütün bu məqamlara bir daha aydınlıq gətirildi. Həmin tədbirdəki çıxışında «Biz Zəngilanı mühüm nəqliyyat qovşağı hesab edirik, çünki onun coğrafi mövqeyi bunu labüd edir. Zəngilan nəqliyyat dəhlizləri üzərində yerləşir və ona görə Zəngilan Beynəlxalq Hava Limanının inşası da bu bölgənin inkişafı baxımından mühüm faktor olmuşdur. O, insanlar üçün asan çıxışı təmin edəcəkdir. Gələcəkdə isə, əminəm ki, Zəngilanda xarici turistlərin sayı çox olacaqdır. Çünki bu bölgə Azərbaycanın ən gözəl guşələrindəndir. Meşələri, çayları, gölləri və misilsiz ekosistemi olan Zəngilan bizim ən böyük sərvətimizdən biridir. Əminəm ki, vaxt keçdikcə bu, turistlər tərəfindən ən çox sevilən bölgə olacaq» söyləyən dövlət başçısı İlham Əliyev onu da əlavə etdi ki, biz Zəngilanda təkcə pilot yaşayış layihəsi deyil, həmçinin pilot kənd təsərrüfatı layihəsi həyata keçiririk. “Dost Aqropark” adlanan bu layihə Azərbaycan və Türkiyə şirkətlərinin birgə müəssisəsidir və həmin aqropark artıq fəaliyyətdədir. Bu gün isə bu torpağın əsl sahibləri qayıdıb, sürətli inkişaf baş verir. Böyük Qayıdış Proqramı bütün azad olunmuş ərazilərin bərpasını əhatə edir. Təkcə bərpa etmək deyil, burada müasir texnologiyalar tətbiq edilir, “ağıllı şəhər” və “ağıllı kənd”lər inşa olunur. Burada ən müasir şəhərsalma nümunələri istifadə edilir.
Böyük Qayıdış Proqramı və onun uğurlu icrası keçmiş məcburi köçkürlərin öz doğma yurd-yuvlarına qayıdışı daha da sürətləndirir. Qayıdış ünvanlarının sayı artır. Gələn il bu sıraya Zəngilan şəhərinin də daxil olması nəzərdə tutulub.
Zəngilan şəhərinin ardınca Qubadlı şəhəri öz gününü qeyd edəcək. Oktyabrın 25-i Qubadlı Şəhəri Günüdür. «Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı.» Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi Zəfərimizdən sonra 2020-ci ilin dekabr ayında Qubadlıya ilk səfəri zamanı Azərbaycan Bayrağının ucaldılmasından sonra səsələndirdiyi bu fikirlər sahibinə qovuşan torpaqlarımızın sevincli günlərini yaşadığının nümayişi oldu.
Qubadlı rayonunun və Qubadlı şəhərinin azad edilməsi böyük strateji üstünlüyü təmin etdi. Çünki Qubadlıdan sonra növbəti istiqamət Laçın rayonu idi. Qubadlıdan Laçın rayonunun cənub hissəsinə gedən yol daim atəş altında idi. Çünki Laçın rayonuna gedən yol Ermənistanın dövlət sərhədinin yanı ilə keçir. Ona görə hərbi birləşmələrimiz digər müxtəlif yollarla, cığırlarla dağları aşaraq Laçın rayonunun strateji yüksəkliklərində yerləşmişdir. Beləliklə, Laçın rayonunun cənub hissəsində yerləşən Güləbird , Səfiyan və Türklər kəndi azad edildi və eyni zamanda, strateji yüksəkliklər ələ keçirildi.
Düşmən bilirdi ki, Şuşa azad edilmədən müharibə dayana bilməz. Dövlət başçısı İlham Əliyev sözügedən çıxışında bu məqamı da xüsusi qeyd etmişdir ki, erməni silahlı qüvvələri Laçın rayonunun cənub hissəsini götürəndən sonra bu tərəfdən Şuşaya gedəcəyimizi düşünürdülər. Azərbaycan Ordusu Şuşaya başqa yolla getdi. Bu günə qədər də onlar inana bilmirlər ki, qəhrəman əsgər və zabitlərimiz o dağlardan, dərələrdən, meşələrdən necə keçərək Şuşaya yaxınlaşıb və Şuşanı işğaldan azad ediblər. Bu baxımdan Qubadlı əməliyyatının çox böyük əhəmiyyəti var idi. Çünki Qubadlıdan sonra Şuşa şəhərini işğaldan azad etdik. Oktyabrın 25-də Qubadlı azad olundu və noyabrın 8-də Şuşa şəhəri azad edildi. Beləliklə, düşmən təslim olmağa məcbur oldu.
Qubadlı rayonu 31 avqust 1993-cü il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İşğal nəticəsində rayondan 29997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişdi. 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınmışdı.
Azərbaycan Ordusunun yazdığı Zəfər tarixi ölkəmizin gücünü, qüdrətini, dövlətimizin qətiyyətini, dəyişməz mövqeyini bir daha dünyaya çatdırdı. 44 günlük İkinci Qarabağ müharibəsində 5 şəhər, 4 qəsəbə, 286 kənd işğaldan azad edilib. 44 günün hər günü tariximizin zəfər səhifələri ilə zəngindir. Çünki elə bir gün yox idi ki, hansısa şəhər və kəndin işğaldan azad edilməsi müjdəsi verilməsin. Cəbrayl, Füzuli, Zəngilan şəhərlərinin ardınca Qubadlı şəhəri azadlığına qovuşdu. Vətən müharibəsinin gedişi dövründə Qubadlı şəhəri daxil olmaqla rayonun 41 kəndi işğaldan azad edildi.
2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdi.
Dövlət başçısı İlham Əliyev tarixi Zəfərimizdən bəhs edərkən hazırkı dövrün əsas çağırışının məhz işğaldan azad edilmiş torpaqlarımızın bərpası və yenidən qurulması olduğunu bildirir. Bu prosesdə yeganə rəqib zamandır. Bu baxımdan ki, mənfur düşmən 30 ildə bu torpaqlarımızı tamamilə dağıdıb, yerlə-yeksan edib, həmçinin minalar basırıb. Minaların təmizlənməsi böyük vaxt itkisidir. Bunun ardınca bərpa-quruculuq işlərinin də aparılması üçün xeyli zaman gərəkdir. Ermənilər bu ərazilərdən izimizi silmək üçün bütün tikililəri tamamilə dağıdıblar. Tarixi və dini abidələrimiz yerlə-yeksan edilib. Hazırda bütün işğaldan azad edilmiş torpaqlarımız erməni vəhşiliklərinin şahidləridir.
Bütün bunlara baxmayaraq torpaqlarımızın öz sahibində olmasından sevincliyik. Milli kimliyimiz, qürurumuz özümüzə qayıdıb. Dünya Azərbaycan xalqının yenilməz, məğrur xalq olduğunun bir daha şahidi oldu.
Bu gün bütün torpaqlarımızda bərpa-quruculuq işləri həyata keçirilir. İşlərin sistemliliyini təmin etmək üçün şəhərlərin Baş planları təqdim edilir. Atılan hər bir addım Böyük Qayıdışın davamlı olacağına inamı daha da artırır. Soydaşlarımız, o cümlədən qubadlılar öz yurd-yuvalarına qayıdacaqları günü gözləyirlər.