YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Tarixi Zəfərin yeni səhifəsi

Şəhla Abdullayeva

YAP Ucar rayon təşkilatının sədri

44 günlük İkinci Qarabağ müharibəsində qazandığımız şanlı Zəfər tariximizin, eləcə də Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi.

Artıq 4 ildir böyük qürur hissi ilə torpaqlarımızın işğaldan azad edildiyi tarixləri qeyd edirik. 20 oktyabr Zəngilan Şəhəri Günüdür. Bu tarix görülən işlərin təqdimatında əhəmiyyətli rol oynayır. Azad edilmiş ərazilərimiz üzrə şəhər günlərinin təsis edilməsi möhtəşəm Qələbənin əbədiləşdirilməsinə xidmət edir. 

Hazırda azad edilmiş ərazilərimizdə keçmiş köçkünlərin öz yurdlarına tezliklə qayıtması üçün bütün potensial səfərbər edilib. Burada irimiqyaslı infrastruktur layihələri icra olunur. Füzuli və Zəngilan Beynəlxalq Hava Limanları istifadəyə verilib. 2025-ci ildə isə Laçında Beynəlxalq Hava Limanının istifadəyə verilməsi nəzərdə tutulur. Hazırda magistral və kənd yolları tikilməkdədir. Təsdiq olunmuş investisiya planına əsasən, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazisində ümumi uzunluğu 50 kilometrdən çox olan 33 tunel olacaq, uzunluğu 12 kilometr olan 84 yeni körpü salınacaq. Bu, görülən işlərin yalnız bir hissəsidir. Bütün azad olunmuş ərazilərdə elektrik təchizatını tamamilə bərpa edilib.

Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev çıxışlarında keçmiş köçkünlərin öz torpaqlarına qayıtması ilə bağlı təşkil edilən sorğulara diqqəti yönəldərək bildirir ki, əksəriyyət insanların həmin torpaqları belə görmədiklərinə baxmayaraq, bu ərazilərə geri qayıtmaq istəyini bildirməsi həqiqətən qürurvericidir.

Qarabağ və Şərqi Zəngəzurun şəhər və kəndlərində görülən işlərə gəldikdə isə bu ərazilərin işğaldan azad edildikləri tarixlər sanki bir hesabat xarakteri daşıyır. Qısa müddətdə, 4 il ərzində görülən işlərin miqyası olduqca genişdir.

2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və 30-dan çox yaşayış məntəqəsinin işğaldan azad edilməsi, Azərbaycan Silahlı Qüvvələrinin Zəngilan rayonunun inzibati hüdudlarına çatmasına şərait yaratdı. Şanlı ordumuz 2020-ci il oktyabrın 18-də Zəngilan rayonunun azad edilməsi uğrunda əməliyyata başlamışdır. Oktyabrın 20-də Ali Baş Komandan İlham Əliyev xalqa növbəti müraciəti zamanı Zəngilan rayonunun Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etmişdir. Zəngilan döyüşləri nəticəsində Azərbaycan Ordusu tərəfindən Zəngilan şəhəri, rayonun 4 qəsəbəsi və 49 kəndi işğaldan azad edildi.

Birinci pilot layihə Zəngilanın Ağalı kəndində icra edildi. Burada 200 evdən ibarət gözəl kənd salınıb. Kəndin davamlı genişləndirilməsi, əlavə evlərin inşa edilməsi və infrastruktur layihələrinin şaxələndirilməsi də nəzərdə tutulur. “Ağıllı kənd” konsepsiyası əsasında qurulan Ağalı dünyanın ən müasir kəndlərindən biridir. Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi prosesində Zəngilanın xüsusi rolu var. Bu şəhərin Baş planı artıq təsdiq edilib, infrastruktura böyük vəsait ayrılıb və bir neçə yaşayış layihəsi icra edilməkdədir. 2025-ci ildə Zəngilan şəhərinin ilk sakinləri dogma yurda qayıdacaqlar. Dövlət başçısı İlham Əliyevin rayona hər səfəri çərçivəsində atılan addımlar Böyük Qayıdış Proqramının sürətli icrasının təqdimatıdır.

2020-cü il oktyabrın 25-i isə Qubadlı şəhəri işğaldan azad edilib. Dövlət başçısının  Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilməsi haqqında” Sərəncamına əsasən, 25 oktyabr Qubadlı Şəhəri Günü kimi qeyd edilir. Bir daha ötən dörd il ərzində görülən işlərə nəzər salıb qarşıdakı dövrün planlarını açıqlamaqla bu fikri böyk inamla qeyd edə bilərik ki, qubadlıların öz dogma yurd-yuvalarına qayıdacağı gün  heç də uzaqda deyil.

Şəhər və kəndlərimiz dağıntı mərhələsindən yeni inkişaf dövrünə qədəm qoyub. “Ağıllı şəhər” və “ağıllı kənd” layihələri əsasında yenidən qurulan bu torpaqlar müasir tələblərə yüksək səviyyədə cavab verir.

Qubadlı rayonunun gələcək inkişafı ilə bağlı əməli-praktiki işlər aparılır. Azad edilmiş torpaqlarda artıq yeddi yarımstansiya inşa olunub. Bu infrastruktur layihəsi Qubadlının 2050-ci ilə qədərki inkişaf dinamikasını nəzərə alır. Sovet vaxtında Qubadlı rayonunun ümumi enerji istehlakı 12 meqavat idi. Ancaq inşa olunacaq yarımstansiya 40 meqavata hesablanıb və lazım olarsa, onun gücü iki dəfə artırıla bilər. Zəngilandan Qubadlıya, Laçına dördzolaqlı yol çəkilir. Burada istehsal olunacaq məhsulları bazarlara vaxtlı-vaxtında, itkisiz çatdırmaq üçün əlavə imkanlar yaranacaq. Ümumiyyətlə, infrastruktur layihələrinin icrası bərpa-quruculuq işlərində ilk mərhələni təşkil edir. 

Bu gün vaxtilə işğal edilmiş torpaqlarımızda Azərbaycan Bayrağının dalğalanması qürurvericidir. 2020-ci ilin dekabr ayında Prezident İlham Əliyev Qubadlıya səfəri zamanı çıxışında “Bu gün Ali Baş Komandan kimi, mən azad edilmiş bu torpaqlarda əsgərlərlə görüşürəm. Artıq bu bölgənin, Qarabağ bölgəsinin bərpası ilə bağlı konkret addımlar atılır, ilkin kontraktlar imzalanmışdır”, - söyləyərək onu da qeyd etmişdir ki, mənfur düşmən bu ərazilərdə hər şeyi dağıdıb. Yol boyunca Cəbrayıl rayonundan, azad edilmiş torpaqlardan başlayaraq, Qubadlıya qədər hər tərəf dağıdılıb. Bir dənə də salamat bina yoxdur. Təkcə Qubadlıda bir neçə bina qalıb ki, burada hərbçilər və onların ailə üzvləri yaşayıblar. Bütün binalar, bütün evlər, tarixi abidələrimiz, məscidlərimiz, qəbirlərimiz mənfur düşmən tərəfindən dağıdılıb. Bu cinayətlərin hamısı sənədləşdirilir. Müzəffər Ali Baş Komandan bu məqama da xüsusi diqqət yönəltmişdir ki, azad edilmiş bu bölgələrdə olarkən, ermənilər tərəfindən törədilmiş vəhşiliyi görərkən bir daha əmin oluram ki, biz nəinki özümüz üçün, bölgəmiz üçün böyük iş görmüşük. Biz erməni faşizminin başını əzdik.

Qubadlı rayonu ölkəmizin ən gözəl rayonlarından biridir. Görülən işlər rayonun  gələcəyi barədə aydın təsəvvür yaradır. Dövlət başçısı bildirib: “Biz bütün şəhər və qəsəbələrimizi, kəndlərimizi bərpa edəcəyik, insanlar buraya qayıdacaq və biz öz torpağımızda bundan sonra əbədi yaşayacağıq. Bundan sonra heç kim bizi öz torpağımızdan çıxara bilməz”.