YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zəfər yolunda bir mərhələ

Azər Süleymanov

YAP Nəsimi rayon təşkilatının sədri

Dörd il bundan əvvəl Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri düşmən tapdağından azad olundu. Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri kimi tarixə düşdü. Bu qələbənin qazanılmasında Prezident, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, dövlətimizin iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi mühüm amillər oldu. 1993-cü il 23 avqust tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Füzulinin 27 illik həsrətinə son qoyuldu. 1988-ci ildən başlayan Ermənistan təcavüzünə qarşı mübarizədə minlərlə füzulili döyüşmüş, yüzlərlə füzulili şəhid olmuş, yaralanmış, itkin düşmüşdür. Füzuliyə erməni təcavüzü nəticəsində 36.361 nəfər uşaq zərər çəkmiş, onlardan 155 nəfəri yetim qalmışdır. 55 min nəfərə yaxın füzulili öz doğma torpaqlarından qovulmuşdur. Bu statistik rəqəmlər Füzulinin acı bir dövrünü əks etdirir.

İşğaldan azad olunan Füzulidən əvvəlkindən əsər-əlamət qalmamışdır və bütün binalar, infrastruktur dağıdılmış, dini abidələr talan olunmuşdur. Prezident İlham Əliyevin işğaldan azad olunan ərazilərimizə, eləcə də Füzuliyə səfərləri tarixi hadisələlərlə yadda qalır. Dövlətyarlı kəndində “ağıllı kənd”in təməlqoyma mərasimi, Rəqəmsal Stansiya İdarəetmə Mərkəzinin təməlqoyma mərasimi, çoxmənzilli yaşayış məhəlləsinin təməlqoyma mərasimi və s. Füzulinin tezliklə abadlaşması istiqamətində görülən işlər idi.

2020-ci ilin noyabrın 16-da Prezident İlham Əliyevin Füzuliyə səfəri zamanı dövlət başçımızın burada üçrəngli bayrağımızı ucaltması Azərbaycanın müasir tarixinin ən şanlı səhifələrindən biri olaraq yaddaşlara həkk olundu. Həmin gün Prezident tərəfindən Füzuli-Şuşa avtomobil yolunun təməli qoyuldu. Bu Zəfər yolu bizi Qarabağın tacı olan Şuşa şəhərinə aparır. Füzuli Beynəlxalq Hava Limanının 2021-ci il yanvarın 14-də təməlinin qoyulması və 2021-ci il oktyabrın 26-da açılışı buradakı görülən işlərin əyani təzahürüdür. Cəmi 9 ay ərzində müasir standartlara cavab verən hava limanının inşa edilib istifadəyə verilməsi və bu layihənin tam dağıdılmış, heç bir adi infrastrukturu belə olmayan bir ərazidə həyata keçirilməsi Azərbaycan dövlətinin iqtisadi qüdrətinini göstəricisidir. Həmçinin dövlət başçısının təşəbbüsü ilə inşa edilən Füzuli-Ağdam, Füzuli-Hadrut və digər avtomobil yollarının əhəmiyyəti xüsusi qeyd edilməldir. Füzuli şəhərində görülən işlər sırasında “Füzuli” yarımstansiyasının istifadəyə verilməsi də diqqətçəkəndir. Cənab İlham Əliyev tərəfindən açılışı olan 110/35/10 kilovoltluq yarımstansiya işğaldan azad edilən ərazilərin ən qısa vaxtda elektrik enerjisi ilə təchiz edilməsinə dair tapşırığına uyğun olaraq tikilib. Füzuli aeroportunun və Şuşa yolunun yaxınlığında yerləşən bu yarımstansiya Füzuli şəhəri və ətraf kəndlərdə inşa ediləcək bütün infrastrukturu elektrik enerjisi ilə təchiz edəcək.

Dövlətimizin başçısı tərəfindən rayonun Cuvarlı, Qoçəhmədli kəndlərinin, Füzuli şəhərində idman, eləcə də ikinci və üçüncü yaşayış komplekslərinin, 240 yerlik uşaq bağçasının, inzibati binanın təməli qoyulub. Ən əsası isə onu qeyd edək ki, Qarabağ və Şərqi Zəngəzurda kompleks tədbirlərin həyata keçirilməsi bu ərazilərin müasir zamanın tələblərinə uyğun qurulmasına və böyük qayıdışla əzəli torpaqlarda insanların rahat, firavan yaşamasına istiqamətlənib. Bu gün işğaldan azad olunan ərazilərimizdə, eləcə də Füzulidə abadlıq-quruculuq işləri böyük vüsət alıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin təhlükəsiz şəkildə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Abadlaşan və daha da gözəlləşən Füzuli şəhərinin sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. Köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşıblar.

Vətən müharibəsinin 21-ci günü - 2020-ci il oktyabrın 17-si hərb tariximizə Füzuli şəhərinin və ətraf kəndlərin erməni işğalından azad edildiyi gün kimi yazıldı. Dövlətimizin başçısının 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, Füzuli şəhərinin işğaldan azad edildiyi 17 oktyabr tarixi Füzuli Şəhəri Günü kimi qeyd olunur.

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası nəticəsində nəzərdə tutulan hədəf göstəricilərinə uyğun olaraq 2026-cı ilədək ərazilərdə görüləcək işlər əhalinin təhlükəsizliyinin təmin olunmasına, eləcə də etibarlı, keyfiyyətli və dayanıqlı infrastrukturla təminatın həyata keçirilməsinə yönəldilib. Bu Dövlət Proqramının hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınıb. 2026-cı ilin sonuna qədər 22 min məcburi köçkün Füzuli rayonuna köçürüləcək.

Prezident İlham Əliyev ötən il oktyabrın 17-də Füzuliyə səfəri zamanı köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə “Mən işğal dövründə həm füzulililərlə, həm digər rayonlardan olan keçmiş köçkünlərlə görüşlərdə dəfələrlə deyirdim ki, gün gələcək, siz mənə “Xoş gəlmisiniz!” deyəcəksiniz və bu gün gəldi. Bu gün Füzulidə bayram günüdür, şəhər günüdür...”, - deyə bildirmişdir.