YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Möhtəşəm Qələbəyə aparan yol...

2023-cü il oktyabrın 15-də Ali Baş Komandan İlham Əliyev tərəfindən əzəli torpaqlarımız olan Xankəndi, Xocavənd, Xocalı, Ağdərə şəhərlərində, eləcə də Əsgəran qəsəbəsində üçrəngli dövlət bayrağımızın ucaldılması ölkəmizin bütün ərazilərində suverenliyimizin bərpasının təntənəsi idi. Bununla ölkəmizdə separatizm təhlükəsi, işğal səhifəsi tamamilə bağlandı. Bu Zəfəri  inanılmaz və ya gözlənilməz qələbə kimi qələmə verənlər də var idi. Hətta ermənilər və onların havadarları belə hesab edirdilər ki, Azərbaycan ən azı 2025-ci ilə qədər Xankəndiyə nəzarəti təmin edə bilməyəcək. Amma Ali Baş Komandanın siyasi iradəsi bizə möcuzəvi qələbə bəxş etdi.

Bu fikirləri Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycan Bayrağının işğal altında olan bütün ərazilərimizdə, şəhər və kəndlərimizdə dalğalanması məsələsini qarşıya bir nömrəli vəzifə qoymuşdu. Dövlət səviyyəsində həyata keçirilən daxili və xarici siyəsətin əsas hədəfi suverenliyimizin təmin olunmasına yönəlmişdi. Azərbaycan dövləti bu illər ərzində Ermənistan-Azərbaycan, Qarabağ problemini həll etmək üçün güclü bir siyasi və hüquqi zəmin yaratdı, əlverişli iqtisadi sistem quruldu. Nizami və peşəkar ordumuz Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdi. Bu gün təkcə Azərbaycan vətəndaşları yox, dünyada yaşayan on milyonlarla azərbaycanlı və bütövlükdə türk dünyası Azərbaycan Ordusu ilə fəxr edir. Alınmaz qala hesab olunan Şuşanı azad edən hərbçilərimiz Xankəndinin bir addımlığında idilər və irəliləyirdilər. Ermənistanın siyasi rəhbərliyi başa düşdü ki, azı 20 minlik erməni ordusu Qarabağda məhv ediləcək. Ona görə də, əməliyyatların dayandırılması xahişi ilə çıxış etdi və kapitulyasiya aktı imzaladı. Ağdam, Kəlbəcər və Laçına güllə atmadan sahib olduq. Lakin Xankəndisiz, Xocalısız Qələbə kəm olardı. Tarixi gün yetişdi. Ordumuz 2023-cü il sentyabrın 19-20-də 24 saatlıq hərbi əməliyyat həyata keçirərək bütün Qarabağa nəzarəti təmin etdi. Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də bu Qələbə əbədi bizimlə olacaq. Ermənistan bundan sonra silahlanmaq niyyətindən, separatçılıq mövqeyindən əl çəkməlidir. Unutmamalıdır ki, havadarları onu məhvə sürükləyir.

M.Vəliyeva xatırladıb ki, 30 il ərzində Azərbaycan xalqı böyük faciələr yaşadı. Bir milyon insan evsiz-eşiksiz qaldı, torpaqlarımız viran qoyuldu. Bu gün azad edilmiş torpaqlara gələn hər bir insan öz gözləri ilə erməni vəhşiliyini görür. İşğal dövründən orada bir dənə salamat bina qalmayıb. Dünya birliyi isə bu müddət ərzində Azərbaycana lazımi səviyyədə dəstək göstərmədi. Bir sıra hallarda isə beynəlxalq təşkilatlar, xarici dövlətlər Ermənistanı müdafiə etməyə üstünlük verdilər, Bakını kompromisə dəvət etdilər.

İndi də ABŞ Dövlət departamenti bir qrup amerikalı ermənipərəst konqresmen tərəfindən irəli sürülən sanksiya tələbləri ilə Qərbin ikili siyasət oyununu nümayiş etdirərək Azərbaycana COP29 ərəfəsində təhdid və təzyiqlərlə təsir etmək istəyir. Digər tərəfdən, Beynəlxalq Frankfoniya Təşkilatında Ermənistan Fransanın dəstəyi ilə Azərbaycana qarşı müddəalarını yeritmək istəyir. Moskvada  MDB dövlətlərinin Xarici İşlər Nazirləri Şurasının görüşündə isə Ermənistan “Avrasiyada təhlükəsizliyin təmin edilməsi prinsipləri” və “Beynəlxalq münasibətlərdə birtərəfli münasibətlərin yolverilməzliyi” bəyanatını imzalamaqdan boyun qaçırıb. Ermənistanın separatçı mövqeyi və sülhə dair hoqqabazlığı burada açıq-aydın sezilir. Qarabağ üzrə aparılan danışıqlarda Azərbaycan Prezidenti heç vaxt suverenliyimizə xələl gətirəcək razılaşmaya imkan vermədi, düşmənə heç bir güzəştdə getmədi. Çünki dövlət başçımızın arxasında xalq durur. Elə Milli Məclisin bir qrup deputatının Azərbaycanın xarici işlər nazirinə müraciəti də bütövlükdə xalq-iqtidar birliyinin ifadəsidir. Nə Amerikanın, nə  Fransanın, nə də Ermənistanın revanşist münasibəti bizi doğru yolumuzdan çəkindirə bilməz.  

Deputat vurğulayıb ki, hələ Ulu Öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin birinci dönəmində qanunsuz yollarla yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətinin fəaliyyətinə imkan verməmişdi. Yalnız o, hakimiyyətdən gedəndən sonra erməni separatizmi yenidən baş qaldırdı. AXC-Müsavat hakimiyyətinin səriştəsizliyi üzündən ermənilər Azərbaycan ərazilərini işğal etdilər. Dahi Lider ikinci dəfə hakimiyyətə gələndən sonra ermənilərin işğalçılıq fəaliyyətinin qarşısını aldı. Ulu Öndər işğal olunmuş ərazilərin geri qaytarılması üçün həm hərbi, həm diplomatik müstəvidə mübarizəni davam etdirdi. 1994-cü ilin yanvarında Füzuli rayonunun 21 kəndi və Horadiz qəsəbəsi işğaldan azad olunmuşdur. Təəssüflər olsun ki, AXC-Müsavat cütlüyü dövründə tamamilə sıradan çıxmış ordu sistemini yenidən qurmaq üçün zamana ehtiyacımız vardı. Həm Ulu Öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev Azərbaycanda nizami ordu qurdu, peşəkar silahlı birləşmələr yaradıldı. Bu cür uzaqgörən, düşünülmüş siyasətin nəticəsi olaraq şanlı ordumuz Ermənistan üzərində parlaq tarixi qələbə qazandı. Bu gün Azərbaycan suveren dövlətdir. Şuşada, Xankəndidə dalğalanan üçrəngli bayrağımızla özümüzü qürurlu, güclü, xoşbəxt sayırıq. Ötən ilə qədər separatçıların at oynatdığı Xankəndidə bu gün gənclərimiz təhsil alır. Bu şəhərdə qısa müddət ərzində Qarabağ Universitetinin yaradılması və istifadəyə verilməsi olduqca qürurvericidir. Hələ Azərbaycanın müxtəlif bölgələrindən olan gənclərin məhz Qarabağ Universitetini seçməsi, 1200 tələbə ilə universitetin fəaliyyətə başlaması gəncliyimizin ruhunu, öz torpaqlarına, Vətəninə sahib çıxmaq əzminin ifadəsidir. Doğrudan da, Xankəndi üçrəngli bayrağımızla, Azərbaycan gəncləri ilə daha gözəl, daha parlaq görünür.  

DİGƏR Xəbərlər Arxiv