Xəbərlər
Azərbaycan Hərb Tarixi Muzeyinə və Hərbi Qənimətlər Parkına ekskursiya təşkil olunub
26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatının təşəbbüsü ilə gənclər üçün Azərbaycan Hərb Tarixi Muzeyinə və Hərbi Qənimətlər Parkına ekskursiya təşkil olunub.
Ekskursiyanın əsas məqsədi gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə edilməsi, hərb tariximizə marağının artırılması, ölkəmizin zəngin hərbi ənənələrinin və tarixi Zəfərinin daha yaxından tanıdılması, həmçinin Azərbaycan Ordusunun keçdiyi şərəfli inkişaf yolu, xalqımızın qəhrəmanlıq salnaməsi və hərbi tariximiz haqqında məlumatların gənclər arasında təbliğindən ibarət olub.
Ekskursiya iştirakçıları əvvəlcə Azərbaycan Hərb Tarixi Muzeyini ziyarət ediblər. Muzeydə onlara hərb tariximizin müxtəlif dövrlərini əks etdirən eksponatlar, hərbi geyim nümunələri, silahlar, döyüş atributları və tarixi sənədlər haqqında ətraflı məlumat verilib. Gənclər Azərbaycan xalqının qəhrəmanlıq ənənələrini və milli hərb tariximizin mühüm mərhələlərini əks etdirən eksponatlarla yaxından tanış olublar.
Daha sonra Hərbi Qənimətlər Parkında Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı möhtəşəm Qələbə nəticəsində qənimət kimi əldə edilmiş hərbi texnikalar, silah-sursat və digər eksponatlara baxılıb.
Ekskursiya zamanı iştirakçılara Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər, Vətən müharibəsində nümayiş etdirilən yüksək peşəkarlıq, igidlik və qəhrəmanlıq nümunələri barədə geniş məlumat verilib. Qeyd olunub ki, Azərbaycan Ordusunun əldə etdiyi uğurlar xalqımızın milli qürur mənbəyidir və gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasında mühüm rol oynayır.
Gənclər belə maarifləndirici tədbirlərin hərbi tariximizə, milli-mənəvi dəyərlərimizə bağlılığın möhkəmləndirilməsinə, gənclərdə Vətənə sevgi və dövlətçilik ənənələrinə hörmət hissinin gücləndirilməsinə mühüm töhfə verdiyini bildiriblər. Onlar Azərbaycan Hərb Tarixi Muzeyinin və Hərbi Qənimətlər Parkının xalqımızın keçmişdən bu günə uzanan şərəfli mübarizə yolunu əks etdirən mühüm məkanlar olduğunu vurğulayıblar.
