YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Dinamik əməkdaşlıq formulu

Elmar Əhmədov

YAP Salyan rayon təşkilatının sədri

Xarici siyasətində ikitərəfli əlaqələrin inkişafına xüsusi önəm verən Azərbaycanın beynəlxalq təşkilatlarla da əməkdaşlığı yüksək səviyyədədir. Prezident İlham Əliyevin oktyabrın 8-də Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçılarının iclasında səsləndirdiyi fikirlər, çağırışlar bu gün ölkə mətbuatında geniş şərh edilməkdədir. Cənab İlham Əliyev həmin çıxışında ilk olaraq qarşılıqlı səfərlərin əlaqələrin inkişafında mühüm rol oynadını bildirdi. “Rusiya Federasiyası Prezidentinin Azərbaycana bu yaxınlardakı dövlət səfəri Rusiya-Azərbaycan münasibətlərinin müttəfiqlik xarakterini bir daha təsdiq etdi. Əminəm ki, əldə olunmuş razılaşmaların həyata keçirilməsi gələcəkdə münasibətlərimizin ardıcıl inkişafı işinə xidmət edəcək” fikirlərinin davamı olaraq cənab İlham Əliyev MDB Humanitar Əməkdaşlıq Şurasının bu mühüm qərarını da diqqətə çatdırdı ki, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib. Laçın Azərbaycanın 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olmuş şəhərlərindən biridir və demək olar ki, tamamilə dağıdılmışdı. Bu gün Laçın artıq bərpa olunub. Burada yeni həyat başlayıb, keçmiş məcburi köçkünlər qayıdıblar. Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb.

Əlaqələrimizin gələcək inkişafında öz sözünü deyəcək III MDB Oyunlarına da diqqət yönəldildi. Aərbaycanın ev sahibliyi edəcək bu tədbir bir daha ölkəmizin beynəlxalq nüfuzuna yeni əlavələr edəcək. Gəncə şəhəri idman paytxtına çevriləcək. Yarışlar, həmçinin Azərbaycanın 10-dan çox şəhərində keçiriləcək. Azərbaycanın ev sahibliyi etdiyi tədbirlərin hər birinin yüksək səviyyədə təşkili beynəlxalq səviyyədə təqdir edilir. Bu reallıq daim vurğulanır ki, beynəlxalq tədbirlərin hansı ölkədə keçirilməsindən asılı olmayaraq əsas diqqət Azərbaycana yönəlir. Təbii ki, bu, dövlətimizin uğurlu siyasətinin, Azərbaycanın hər bir sahədə zəngin təcrübəyə malik olmasının, daim ədaləti, beynəlxalq hüququ dəstəkləməsinin göstəricisidir. Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı elan edilməsi də özündə mühüm məqamları ehtiva edir.  

Azərbaycan, eyni zamanda, gələn ay mötəbər tədbirə - COP29-a ev sahibliyi edəcək. Bu tədbir də ölkəmizin malik olduğu imkanları dünyaya təqdim edəcək. Cənab İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasındakı çıxışında diqqəti bi tədbirə yönəldərək vurğuladı ki, 200-ə yaxın ölkənin bu konfransın Bakıda keçirilməsi haqqında yekdil qərarını bütün dünya ictimaiyyətinin Azərbaycana hörmətinin əlaməti kimi qiymətləndiririk.

Tədbir çərçivəsində MDB dövlət başçılarının İkinci Dünya müharibəsində Qələbənin 80 illiyi ilə bağlı müraciəti qəbul edildi. Cənab İlham Əliyev çıxışında Azərbaycanın ümumi qələbəmizə sanballı töhfələr verdiyini önə çəkərək bunu əsaslı şəkildə diqqətə çatdırdı.  Belə ki, həmin dövrdə 3 milyon 400 min əhalisi olan Azərbaycandan cəbhəyə 700 minə yaxın insan yollanıb. Döyüş meydanlarında 350 min nəfər həlak olub, 130 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Müharibə illərində Azərbaycan neftçiləri cəbhəyə neft və neft məhsullarının 80 faizini, hərbi texnika üçün yağların 96 faizini tədarük edib. Bütün bunlar həmin dövrdə Azərbaycanda istehsal olunub, göstərilən məhsulların o vaxtlar SSRİ-də ümumi istehsalının faizidir. Azərbaycanda 130 növdən çox silah, sursat və texnika, o cümlədən məşhur “Katyuşa”lar, “Yak-3” qırıcıları istehsal edilirdi. Bakıda 41 hərbi hospital fəaliyyət göstərirdi, 440 min yaralı müalicə alırdı. 1942-ci ilin martında, həmçinin Taqanroq adı ilə tanınan 416-cı Azərbaycan atıcı diviziyasının döyüşçüləri and içdilər və Şimali Qafqazdan başlayan döyüş yolunu Berlində başa çatdırdılar. 416-cı Azərbaycan atıcı diviziyası 1945-ci il aprelin 21-də birincilər sırasında Berlinin girəcəyinə daxil oldu. Mayın 2-də diviziyanın döyüşçüləri polkovnik Rəşid Məcidovun komandanlığı altında Qələbə Bayrağını Brandenburq darvazası üzərinə sancdılar. 9 May ümumi Qələbəmiz MDB-yə üzv dövlətlərin gələcək əməkdaşlığının mühüm amilidir. Azərbaycan bu əməkdaşlığa böyük əhəmiyyət verir və bundan sonra da qarşılıqlı fəaliyyətimizin möhkəmləndirilməsi işinə öz töhfəsini verəcək.

Azərbaycan-Rusiya münasibətləri bütün sahələrdə uğurla inkişaf edir. Əlaqələrdə iqtisadi amil əsasdır. İqtisadi münasibətlərinin inkişafında regionlararası forumların rolu xüsusi qeyd edilir. Bu platformanın önəmini yüksək dəyərləndirən Prezident İlham Əliyev bildirir ki, artıq yaxşı ənənəyə çevrilmiş bu tədbirin keçirilməsi Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verir. Bu formatda regionlararası forumlar artıq öz səmərəliliyini sübuta yetirib. Hakimiyyət nümayəndələrinin, işgüzar və ekspert dairələrinin Forum çərçivəsində görüşləri keçirilir, konstruktiv və açıq dialoq aparılır. Bu, əlaqələr qurmağa, gələcək birgə fəaliyyət naminə səylərimizi əyani surətdə koordinasiya etməyə, əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə etməyə imkan verir. Forum Azərbaycan Respublikasının regionları ilə Rusiya Federasiyasının subyektləri arasında birbaşa qarşılıqlı faydalı əlaqələrin yaradılması üçün tələbat duyulan platformadır.

Ölkələrimiz arasında əlaqələrin ayrı-ayrı istiqamətlər üzrə inkişafını şərtləndirən mühüm amillərdən biri bugünədək çoxsaylı sənədlərin imzalanmasıdır. Bu baxımdan 2024-cü ilin yanvarında imzalanan “Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsi”ni xüsusi qeyd etməliyik. Bu yol xəritəsi dövlətlərarası münasibətlərin bünövrəsini təşkil edən dostluq əlaqələrimizi daha da inkişaf etdirəcək.

DİGƏR Xəbərlər Arxiv