YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

COP29 yaxınlaşdıqca, anti-Azərbaycan dairələrin hücum kampaniyası intensivləşir

Bir müddət öncə Avropa Parlamentinin (AP) Cənubi Qafqazla Əməkdaşlıq Komitəsinə sədr müavini təyin edilən fransalı Natali Luazo (Nathalie Loiseau) Azərbaycana qarşı kin-küdurətini, qərəzini növbəti dəfə nümayiş etdirdi. O, hələ bu təyinatdan öncə Ermənistanın AP-dəki güclü müdafiəçisi kimi ad çıxarmışdı. 2020-ci ildə baş verən 44 günlük Vətən müharibəsində və ondan sonrakı dövrdə Azərbaycana qarşı aparılan çirkin kampaniyaların fəal iştirakçısı olan xanım deputat ermənilərin məğlubiyyətini, könüllü olaraq Qarabağı tərk etmələrini göz yaşları axıdaraq izləyirdi. Ermənistana göndərilən avropalı missionerlər də Natali Luazonun narahatlığını aradan qaldıra bilmədilər. Məkrli siyasəti Cənubi Qafqazda fiaskoya uğrayan Fransa və onun ermənipərəst siyasətçiləri indi də COP29 ərəfəsində ölkəmizi gözdənsalma kampaniyasını gücləndiriblər. Təəssüf ki, N.Luazonun son açıqlamaları əməkdaşlıqdan çox, düşmənçilik ruhuna daha yaxındır. Bu isə təkcə Fransanın deyil, Avropa Parlamentinin nüfuzuna kölgə salır, onun fəaliyyətindəki qərəzi, yarıtmazlığı, ədalətsizliyi açıq nümayiş etdirir.

Bu fikirləri Milli Məclisin deputatı Tahir Mirkişili bildirib.

Deputatın sözlərinə görə, şovinist mövqeyi ilə tanınan Natali Luazo hələ sədr müavini təyin olunanda onun əsas məqsədinin Cənubi Qafqazda sülh və sabitlik deyil, xaos, çaxnaşma yaratmaq olduğunu qeyd etmişdik: “Fransalı deputatı hər kəs Avropa Parlamentində alovlu azərbaycanofob və erməni lobbiçisi kimi qəbul edir. Onun hazırda BMT-nin COP29 kimi mötəbər tədbirinin Azərbaycanda keçirilməsinə qarşı apardığı kampaniya təsadüfi deyil. Bu, erməni mafiyasının və onları dəstəkləyən qüvvələrin çirkin kampaniyasının tərkib hissəsidir. O, son çıxışında ermənilərin və ölkəmizin inkişafını istəməyənlərin səsləndirdiyi “arqumentləri” təkrarlayıb. Azərbaycanın neft və qazla zəngin ölkə olması, Rusiya ilə normal münasibət sərgiləməsi, Qarabağda 30 illik erməni işğalına son qoyması ermənilər kimi, Natali Luazonu da narahat edir. Avropalı deputat çıxışında bir qədər də irəli gedərək bu günlərdə Fransada ölmüş hansısa “müxalifətçi”nin qətlini dövlətimizin üzərinə yıxmağa çalışıb. Bakı Təşəbbüs Qrupunun Fransa tərəfindən müstəmləkə altında saxlanılan xalqların müdafiəsinə qalxması da Luazonu narahat edib. Özünü insan haqlarının fəal müdafiəçisi kimi aparan “demokrat xanım” nədənsə öz ölkəsinin müstəmləkəçilik siyasətinin ifşa edilməsindən qəzəblənir, Azərbaycanın Cənubi Qafqazda yaratdığı siyasi reallıqları qəbul etmək istəmir. O, sonuncu çıxışı ilə beynəlxalq hüququn norma və priniplərinə, demokratiyaya, insan haqlarına hörmətsizlik nümayiş etdirdi. Cənubi Qafqazda qarşıdurma yaratmaq üçün 2020-ci ildən bəri var gücü ilə çalışan xanım Luazo erməni lobbisinin və Fransadakı anti-Azərbaycan mərkəzlərin təlimatları əsasında çıxış edir. Cənubi Qafqazda separatizmi dəstəkləyən bir adamın Avropa Parlamentinin Cənubi Qafqazla Əməkdaşlıq Komitəsinə sədr müavini təyin edilməsinin özü nonses idi. O, Avropa Parlamenti ilə Azərbaycan arasında əməkdaşlığı və konstruktiv dialoqu da dəstəkləmək əvəzinə, ölkəmizə qarşı qarayaxma kampaniyasının əsas iştirakçılarından birinə çevrilib”.

Deputat onu da bildirib ki, Natali Luazonunun son açıqlaması həm də Avropa Parlamentinin Azərbaycanla dialoq aparmaqda, əməkdaşlıq etməkdə, Cənubi Qafqazda davamlı sülhün və sabitliyin yaranmasında maraqlı olmadığını bir daha nümayiş etdirir: “Azərbaycana qarşı kin və nifrətlə alışıb yanan bu xanım deputat erməni lobbisinin əlində alətə çevrilib. Natali Luazo o qədər qərəzlidir ki,  beynəlxalq səviyyəli, olduqca aktual problemlərin həllinə çalışan COP29 sessiyasının Bakıda keçirilməsini həzm edə bilmir. Əsrlər boyu neokolonializm siyasəti həyata keçirən, işğal etdikləri ölkələrin var-dövlətlərini, maddi və mədəni sərvətlərini bu gün də talayan, xalqları soyqırımına məruz qoyan Fransanın bəşəri cinayətlərindən bir kəlmə danışmayan avropalı deputatın beynəlxalq hüquqa söykənərək öz ərazi bütövlüyünü təmin edən Azərbaycanla bağlı sərsəm açıqlamaları Avropa Parlamentinin öləziyən nüfuzunu daha da yerlə bir edir. Amma bütün bu açıqlamara baxmayaraq Azərbaycan doğru bildiyi, haqq və ədalətə söykənən yolu ilə irəliləyəcəkdir!”