Xəbərlər
III MDB Oyunlarına ev sahibliyi ölkəmizin idman nüfuzunu daha da artıracaq
Fəsli Nəbiyev
YAP Gənclər Birliyinin sədr müavini
Oktyabrın 8-də Prezident İlham Əliyev Moskvada keçirilən Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında Azərbaycanın Rusiya ilə olan münasibətlərinə və MDB çərçivəsindəki roluna dair mühüm fikirlər səsləndirdi. Dövlət başçısının çıxışında vurğulandı ki, Rusiya Federasiyası Prezidentinin Azərbaycana son dövlət səfəri iki ölkə arasında müttəfiqlik xarakterli əlaqələrin möhkəmləndirilməsinə xidmət edib. Əldə olunmuş razılaşmaların icrası Rusiya-Azərbaycan münasibətlərinin ardıcıl inkişafını təmin edəcəkdir.
Prezident, həmçinin bildirdi ki, MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilib. Laçın şəhəri uzun illər işğal altında qaldığı və tamamilə dağıdıldığı halda, hazırda yenidən bərpa olunur və məcburi köçkünlər doğma yurdlarına qayıdıblar. Laçının MDB-nin mədəniyyət paytaxtı kimi tanınması Azərbaycanın mədəni irsinə və regionun bərpasına verilən beynəlxalq dəstəyin göstəricisidir.
Azərbaycanın MDB ilə əməkdaşlığının genişlənməsi Gəncə şəhərinin növbəti ildə III MDB Oyunlarına ev sahibliyi etməsi ilə müşayiət olunacaq. Bu yarışların Azərbaycan ərazisində bir neçə şəhərdə keçirilməsi ölkənin beynəlxalq idman arenasında nüfuzunu daha da artıracaq.
Dövlət başçısı çıxışında Azərbaycanın İkinci Dünya müharibəsində sanballı töhfələr verdiyini də xatırladıb. Müharibə dövründə Azərbaycan cəbhəyə neft və silah-sursat təchizatı ilə Sovet İttifaqının qalibiyyətinə mühüm dəstək vermişdir. Bu tarixi faktlar Azərbaycan xalqının beynəlxalq sülh və sabitliyə verdiyi töhfələrin nümunəsidir.
Prezident İlham Əliyev, həmçinin, Rossiya-1 kanalına verdiyi müsahibəsində ABŞ-ın Azərbaycana qarşı tətbiq etdiyi sanksiyaların əsassız olduğunu qeyd etdi. Bu sanksiyalar Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi dövrdə tətbiq edilsə də, daha sonra aradan qaldırılmış, lakin yenidən tətbiq olunması beynəlxalq hüquq normalarına zidd hesab olunur. Dövlət başçısı bu cür sanksiyalara qəti şəkildə qarşı çıxaraq, beynəlxalq ictimaiyyəti ədalətli mövqe nümayiş etdirməyə çağırıb.
Cənab İlham Əliyevin bu çıxışı Azərbaycan-Rusiya müttəfiqliyinin gücləndirilməsi, MDB çərçivəsində əməkdaşlığın inkişafı və ölkəmizin beynəlxalq mövqeyinin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldığını bir daha təsdiq edir.