YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki...

Mahir Süleymanlı

Milli Məclisin deputatı

2023-cü il oktyabrın 15-də çoxəsrlik tariximizə növbəti Zəfər və qürur səhifəsi yazıldı. Prezident, Ali Baş Komandan İlham Əliyev ilk dəfə dövlət başçısı seçilməsinin 20-ci ildönümündə Xankəndidə, Xocalıda, Ağdərədə və Xocavənddə Azərbaycan Bayrağını ucaltdı. Cənab İlham Əliyev Xankəndi şəhərində üçrəngli bayrağımızı ucaltdıqdan sonra xalqa müraciətində böyük qürurla və əminliklə bildirdi ki, verdiyi bütün vədləri, qarşısına qoyduğu bütün vəzifələri icra etdi: “Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı “Allaha şükür” deyir. Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz, əminəm və inanırdıq ki, bu gün gələcək. İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan Bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik”.

Böyük Qələbənin sevincini xalqımız məhz 2023-cü il “Heydər Əliyev İli”ndə yaşadı. Dahi şəxsiyyət Heydər Əliyevin ən böyük arzusu ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsi idi. Hər zaman bu əminliyi ifadə edirdi ki, torpaqlarımız işğaldan azad ediləcək, soydaşlarımız dogma yurd-yuvalarına qayıdacaq və bu ərazilərimizdə yeni həyat başlayacaq. 2003-cü ildə xalqa tarixi müraciətində də bu əminliyi ifadə etdi ki, axıra çatdıra bilmədiyi işləri, planları Özü qədər inandığı cənab İlham Əliyev axıra çatdıracaq.

Dövlət başçısı Xankəndi şəhərindən xalqa müraciətində tarixi Zəfərimizə qədər Azərbaycanın keçdiyi inkişaf yolundan, qazandığı uğurlardan geniş bəhs edərək bu mühüm məqamı da diqqətə çatdırdı  ki, bu gün burada olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır. Elə bir gənc nəsil yetişdirdik ki, Vətən, torpaq uğrunda ölümə getməyə hazır idi və ölümə də gedirdi: “Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların ruhu qarşısında baş əyirik. Biz Azərbaycan xalqı olaraq onlara əbədi borcluyuq. Həm üç il bundan əvvəl, həm son üç il ərzində, həm də sentyabr ayında keçirilmiş antiterror əməliyyatı zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir. Biz Ordumuzla, Silahlı Qüvvələrimizlə fəxr edirik, onlar bizim qürur mənbəyimizdir. Təkcə Azərbaycan vətəndaşları yox, əminəm ki, dünyada yaşayan on milyonlarla azərbaycanlı Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir”.

Ötən il aprelin 23-də Laçın sərhəd-keçid məntəqəsinin yaradılması ilə ölkəmizin ərazi bütövlüyü, 19-20 sentyabr tarixlərində isə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində dövlət suverenliyimiz bərqərar oldu. Oktyabrın 15-də isə Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə  üçrəngli bayrağımızın dalğalanması hər birimiz üçün böyük qürur, xoşbəxtlikdir.

Azərbaycan addım-addım bu ana doğru irəlilədi.  Xankəndidə, Xocalıda, işğal altında olan bütün torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanması hər bir azərbaycanlının böyük arzusu idi. Dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin işğal dövründəki çıxışlarına diqqət yetirsək hər zaman sonda belə bir əminlik ifadə olunurdu ki, xalqımız torpaqlarımızın işğalı ilə heç zaman barışmayacaq. Bir qarış torpağımız belə düşmənə verilməyəcək. Azərbaycan Bayrağı bütün işğal altında olan torpaqlarımızda dalğalanacaq. Təbii ki, bu günü reallığa çevirmək böyük qətiyyət, mübarizə əzmi tələb edirdi. Azərbaycan bu illər ərzində gücləndi, dünya miqyasında özünə layiqli yer tutdu. Ölkəmizin mövqeyi, dövlətimizin addımları nəinki bölgədə, daha geniş coğrafiyada böyük məna daşıyır. Azərbaycan önəmli təşəbbüslərin müəllifidir. Bu illər ərzində Qarabağ probleminin həlli üçün güclü siyasi və hüquqi zəmin yaradıldı. Azərbaycanın iqtisadi imkanlarının genişlənməsi təbii resurslarından səmərəli istifadə edərək reallığa çevirdiyi enerji layihələrində özünün aydın ifadəsini tapır. Ölkəmizin iqtisadi müstəqilliyinin təmin edilməsi siyasi mövqeyinin möhkəmləndirilməsini stimullaşdırdı. Dövlət başçımızın Xankəndidən xalqa müraciətində vurğuladığı kimi, elə bir güclü ordu yaratdıq ki, bu gün  istənilən vəzifəni şərəflə yerinə yetirə bilər. Rəşadətli ordumuz bunu 44 günlük İkinci Qarabağ müharibəsində və  ötən  il sentyabrın 19-20 tarixlərində cəmi 23 saat davam edən lokal xarakterli antiterror tədbirlərində nümayiş etdirdi. Düşmən ağ bayraq qaldıraraq təslim oldu.

Tarixi Zəfərimizdən sonra bu torpaqlara gələn hər bir insan öz gözləri ilə erməni vəhşiliyini görür. Bir dənə də olsun tikili qalmayıb, hamısı yerlə-yeksan edilib. Ermənilər bu torpaqlardan Azərbaycan xalqının izlərini silmək üçün bütün tarixi və dini abidələrimizi dağıdıb. Amma unudurdular ki, izləri silməklə, tarixi saxtalaşdırmaqla özgə torpağına sahib olmaq qeyri-mümkündür. Ədalət gec-tez Zəfər çalır. Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində ərazi bütövlümüzün və tarixi ədalətin bərpasına nail oldu. 2020-ci il 44 günlük Vətən müharibəsində şanlı Qələbəyə nail olan Azərbaycan 3 ildən sonra suverenliyini tam bərpa etməklə Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə üçrəngli bayrağımızın dalğalanmasının qürurunu yaşayır. Prezident İlham Əliyev Xankəndidən çağırış etdi ki, bu meydanda bu gün durmaq böyük xoşbəxtlikdir, böyük fərəhdir, qürur mənbəyidir: “Mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Xalq-ordu-iqtidar birliyi xalqımızın 30 illik torpaq həsrətinə son qoydu. Hazırda Qarabağ və Şərqi Zəngəzur həyatının dirçəliş mərhələsini uğurla yaşayır. Arxada qalan hər gün Böyük Qayıdış Proqramının icrasının tam şəkildə başa çatmasını yaxınlaşdırır. İşğaldan azad edilmiş ərazilərimizdə dalğalanan Azərbaycan Bayrağı bir daha belə bir çağırışı özündə ehtiva edir ki, bu torpaqlar bizimdir və burada daimi olacaq, qurub-yaradacağıq. Qarabağ və Şərqi Zəngəzur cənnət məkana çevrilir. Soydaşlarımız mərhələ-mərhələ dogma yurd-yuvalarına qayıdırlar. Bu gün Füzuli, Laçın, Şuşa, Xocalı, Cəbrayıl şəhərləri, Ağalı, Talış, Sus və Zabux kəndləri artıq sakinlərinə qovuşub. Qayıdış ünvanlarının sayı artır. Bu il Xankəndi və Kəlbəcər şəhərlərinə də soydaşlarımızın qayıdışı nəzərdə tutulub. İşğaldan azad edilmiş bütün torpaqlarımızda bayram ab-havası yaşanır. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan xalqı elə bir Qələbə qazanıb ki, həm dillər əzbəri olub, həm də bu Qələbə əbədi bizimlə olacaq. Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər.

DİGƏR Xəbərlər Arxiv